İranın Ermənistanla qardaşlıq mesajları- ÖZƏL
15 Avqust 2024 14:18 SiyasətZeynal Əmrəliyev: "Səfirin olduğu dövlətin mənafelərinə bu qədər yaxın olması yaxşı hal deyil"
İranın Qafandakı baş konsulu Mürtəza Abidin Varamin erməni mediasına müsahibəsində deyib ki, biz, həmişə bir yerdə olmuşuq. O, bildirib ki, dünyada ölkələr və liderlər arasında belə sıx dialoqun nümunələri çox azdır: "Bu, Ermənistanın bizim üçün əhəmiyyətini göstərir. Və bu münasibətlərin düşmənləri var". Varamin İranda prezidentin dəyişməsinin bu münasibətlərə təsir etməyəcəyini vurğulayıb: "İran qanunvericiliyi elə qurulub ki, prezidentin dəyişməsi heç nəyi dəyişməyəcək".
Konsul bununla erməniləri arxayın edir ki, azərbaycanlının prezident olmasından narahat olmayın.

Mövzunu Olaylar.az-a şərh edən siyasi şərhçi Zeynal Əmrəliyev qeyd edir ki, İranın dövlət və diplomatik rəsmiləri Ermənistanla qardaşlıq mesajları verir və tamamilə İslam həmrəyliyinə zidd şəkildə hərəkət edirlər:
"Azərbaycanın tarixi torpaqlarında ermənilər qırğınlar törədib, faciələr törədib, müsəlmanları qətlə yetirib, dini ibadət evlərini, məscidləri, müqəddəs ziyarətgahları vəhşicəsinə dağıdıb, İslam dinini təhqir edib. Bütün bunlara baxmayaraq, hələ də İranın bir çox dövlət rəsmisində Ermənistana qarşı sevgi, rəğbət var. Xüsusilə də Ermənistana təyin olunan iranlı diplomatlar elə danışırlar ki, sanki İranın Ermənistandakı səfiri yox, Ermənistandakı hansısa kilsənin, yaxud da Ermənistan XİN sözçüsüdürlər. Hətta bəzi hallarda hədlərini aşaraq Azərbaycana qarşı da qərəzli mövqelərdən çıxış edirlər. Təbii ki, İranın Xarici İşlər Nazirliyi buna "dur" deməlidir. İran dövləti buna müdaxilə etməlidir. Azərbaycan və İran arasında tarixi bağlılıq var. Bizim orada xeyli sayda soydaşımız var. Həm Azərbaycan, həm İran İslam ölkəsidir. Azərbaycan daim İslam həmrəyliyini əsas tutan ölkə, İslam Əməkdaşlıq Təşkilatında öz sözünü deyən, İslam ölkələrinə yardım göstərən dövlətdir. Hətta İrandan bir çox rəsmilər Azərbaycanı İsrail-Fələstin məsələsi ilə bağlı bəzi şeylərdə ittiham etsə də, bu gün Azərbaycan, İsrail-Fələstin məsələsi ilə bağlı da ən açıq mövqeyi olan ölkələrdən biridir. Açıq şəkildə Azərbaycan Fələstin xalqının dövlətçilik hüququnu müdafiə edir, bütün İslam ölkələrinə lazım gələn dəstəyi göstərir, həmrəyliyini nümayiş etdirir. Buna baxmayaraq, İranın bu cür hərəkətlər sərgiləməsi qəbuledilməzdir. Düşünürəm ki, İranda yeni seçilmiş prezident Məsud Pezeşkianın dövründə belə hallara yol verilməyəcək və onlar Ermənistana göndərdikləri diplomatları da başa salacaqlar ki, onlar sadəcə olaraq Ermənistanda səfirdirlər. Bir səfirin olduğu dövlətdə dövlətin mənafelərinə bu qədər yaxın olması yaxşı hal deyil. O, öz təmsil etdiyi dövlətin mənafeyinə uyğun şəkildə hərəkət etməlidir.
Qiymət Mahir