Şəbnəm Həsənova: Ölkəmizdə seçki prosesinə inam böyükdür- ÖZƏL
15 Avqust 2024 12:59 Siyasət"Seçki prosesi mürəkkəb prosesdir, sadəliyi isə bir amildədir, o da xalqın iradəsini əks etdirsin. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Bu, dövlətimizi, cəmiyyətimizi idarə etmək üçün istinad nöqtəmiz olan ana maddələr toplumuzun ilk maddəsində də öz əksini tapıb. Seçkilər həm də demokratik institutların gücləndirilməsinə, demokratik vəziyyətin təkmilləşdirilməsinə xidmət edən məsələdir".

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Dünyanın ən inkişaf etmiş ölkələrində belə seçki prosesi zamanı qüsurlar müşahidə olunur. Zənnimcə, izahını isə belə vermək ən düzgündür ki, demokratiya məqam deyil, ona doğru gedən yolda prosesdir. Proses isə heç zaman dayana və yaxud da ətalətdə ola bilməz. Təbii ki, arzu olunan odur ki, olmasın, lakin toplumu yanlışsız təsəvvür etmək belə ən böyük səhvdir. Dövlətin, onu idarə edən kəslərin məqsədi xalqın maraqlarını maksimum təmin edərkən o marağa mane olan istənilən amili ən çətin vəziyyətdə belə minimallaşdırmaqdır. Xalqımızın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Liderimiz Heydər Əliyevin yenidən qurduğu bir dövlət nümunəvi dövlət quruculuğu yolunda bu günə qədər də əməli addımlar atır.
Politoloq Azərbaycan xalqının öz iradəsinə söykənərək ərazi bütövlüyü və suverenliyini bərpa etdiyini bildirib: "Bütün təsvirlərdən kənar bu, həqiqətən də qürur dolu məsələdir. 7 fevral 2024-cü il tarixində məhz belə bir Azərbaycanda Prezident seçkiləri keçirildi. Xalqımızın nəinki səsi, bütün ülvi hissləri cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dəstəklə dolu idi. Dövlətimizin qayəsi odur ki, 2024-cü ilin 1 sentyabr tarixində baş tutacaq parlament seçkiləri zamanı da xalqın iradəsi ədalətli şəkildə əksini tapsın. Mərkəzi Seçki Komissiyası bununla bağlı olaraq gücləndirilmiş rejimdə çalışır. Hakim Yeni Azərbaycan Partiyası ədalətli seçki mühitinin təmin edilməsi məqsədilə ödənişsiz efir vaxtından imtina etdi. Bu, təqdirəlayiq amil olduğu qədər məsuliyyətli addımdır. O mənada ki partiya mənsubiyyətindən və kimliyindən asılı olmayaraq hər kəs bu addımları dərindən dərk etməli, bütün qayda və qanunlara əməl etməlidir.
Daha çox siyasi iştirakın təşviqinə kömək etmək məqsədilə cənab Prezident İlham Əliyev tərəfindən silsilə addımlar atılır. Prezident Administrasiyasında "Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr" şöbəsi yaradıldı ki, yarandığı gündən etibarən bu şöbənin təqdirəlayiq fəaliyyətinin şahidiyik. "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ilə bağlı ictimai dinləmədə də iştirak edərkən əyani şahidi oldum ki, hər bir kəsin fikri dinlənildi, tələb və təkliflərimiz haqqında qeydlər götürüldü və nəticədə qanunun qəbulu zamanı nəzərə alındı.
Seçkilər həm də daxili və ya beynəlxalq münaqişə riskini azaldaraq siyasi sabitliyi gücləndirir. COP29 ərəfəsində Azərbaycanın nümunəvi seçki prosesi reallaşdırması işinə hər kəs dəstək olmalıdır. 1 sentyabr tarixinin ləyaqətlə başa çatması xalqımızın Müzəffər imicinə yaraşan formada olmalıdır. İşğal olunan ərazilərdən namizədlər var idi, düşmən tapdağından azad olunan torpaqların üstündə ilk parlament seçkilərinin keçirilməsi isə tarixi olduğu qədər, həm də mənəvi və həssas məsələdir.
Cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz dəstəyi, əməyi ilə idarə olunan dövlətimiz regiona hər zaman nümunədir. Müdrik rəhbərimiz ölkəmizi zamanında ağuşuna alan hərc-mərcliyin aradan qaldırılaraq demokratik üsulda idarəsi işininin əsaslarında da Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursuna sadiqdir. Dövlət başçımız bu günə qədər də siyasi təzyiqlərə sinə gərərək həm ölkəmizdən, həm də regiondan hədəf oxlarını uzaqlaşdırır.
Seçki prosesinə inam nə qədər çox olarsa, məğlub olanlar da daxil olmaqla, bütün tərəflərin nəticəni qəbul etmə ehtimalı da bir o qədər çox olar. Ölkəmizdə prosesə inam böyükdür. Cəmiyyət birmənalı şəkildə Müzəffər Liderini, onun rəhbərliyi altında baş tutan siyasi prosesləri dəstəkləyir, Prezidentimizin siyasətinə, şəxsinə, siyasi proseslərə xələl gətirməyə çalışan kənar qüvvələrə qarşı xalq özü sinəsini sipər edib. Təsvir edilən prosesin ümumi təbiəti ondan xəbər verir ki, xalqımız bir daha seçki mədəniyyəti nümayiş etdirəcək".
Zeynəb Rzayeva