Avropanın Azərbaycana növbəti müdaxiləsi: Seçki dövründə fəallaşma səbəbləri-ÖZƏL
15 Avqust 2024 11:57 SiyasətElçin Xalidbəyli: "Atdıqları addımlar boşuna göstərilən cəhdlərdən başqa bir şey deyil"
Avropa ölkələrinin Azərbaycandakı səfirləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşüb. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri, "siyasi məhbuslar", Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər və digər məsələlər müzakirə olunub.
_(1).jpg)
Avropa İttifaqının növbəti dəfə Azərbaycanın daxili işlərinə belə müdaxilə cəhdi hansı plandan xəbər verir? Nə üçün hər seçki dönəmində Avropa təsisatları, bəzi Qərb dövlətləri Azərbaycanda fəallaşmağa çalışırlar?
Sözügedən məsələni Olaylar.az-a şərh edən siyasi şərhçi Elçin Xalidbəli qeyd edir ki, hazırda ABŞ və Avropa Birliyi, eləcə də Fransa Cənubi Qafqazda yerləşməyə cəhd göstərirlər, ancaq Cənubi Qafqazda Azərbaycanın çox ciddi müqaviməti ilə üzləşiblər:
"Azərbaycanın siyasi iradəsi ilə hesablaşmadan Cənubi Qafqazda hər hansı bir fəaliyyət imkanlarının olmayacağını tam dəqiqliyi ilə anlayırlar. Ona görə də Azərbaycanla bağlı situasiyanı dəyişmək üçün müəyyən preventiv addımlar atmağa cəhd göstərirlər. Bunun da əsas səbəbləri ondan ibarətdir ki, Azərbaycana xarici təzyiq mexanizmləri ABŞ və Qərbin əlində demək olar ki, yoxdur. Ona görə də Azərbaycanı daxildən qarışdırıb zəiflətmək indi ABŞ və Qərb üçün ən uyğun, yaxud da yeganə təzyiq mexanizmi rolunu oynaya bilər. Bu səbəbdən də Azərbaycanda ictimai-siyasi gərginliyi artırmağa çalışırlar. Azərbaycanın daxili sabitliyini pozmaq və bu pozuculuq fəaliyyəti nəticəsində də Azərbaycan hökumətinə təzyiq mexanizmləri qazanmaq niyyəti güdürlər".
E.Xalidbəyli bildirib ki, belə bir situasiyada rəsmi Bakının verəcəyi reaksiya həlledici rol oynayır:
"Çünki rəsmi Bakı Qərbə Azərbaycanın maraqlarına zidd olan hər hansı bir məsələdə güzəştə getmək niyyətində deyil. Eyni zamanda, rəsmi Bakı Azərbaycan daxilində situasiyaya tam nəzarət edir. Ölkədə sabitlik hökm sürür və rəsmi Bakı bu sabitliyin pozulmasına imkan vermək niyyətində deyil. İndiki situasiyada ABŞ-nin, Avropa Birliyinin və Fransanın Azərbaycanı daxildən qarışdırmaq niyyətlərinin baş tutacağı qətiyyən inandırıcı görünmür. Çünki ölkə müxalifəti həddindən artıq zəifləmiş vəziyyətdədir. Daxili siyasi məkanda ciddi sosial bazaya malik deyil və belə bir situasiyada, hətta seçkiqabağı olsa belə, ABŞ və Qərbin Azərbaycanın daxilində situasiyanı gərginləşdirmək şansları o qədər də yüksək deyil və yəqin ki, təxminən bir müddətdən sonra Qərbdə də tam dəqiqliyi ilə anlayacaqlar ki, atdıqları bu addımlar heç bir nəticə verməyəcək və boşuna göstərilən cəhdlərdən başqa bir şey deyil".
Qiymət Mahir