Azərbaycan Ermənistanın ölkəmizi təcrid vəziyyətinə salmaq taktikasını iflasa uğradıb- ÖZƏL

"Vətən Müharibəsindən və antiterror əməliyyatından sonra Azərbaycanın dünyada apardığı siyasət özünün sərbəstliyi, daha cəsarətli olması və müsbət mənada daha iddialı olması ilə seçilir. Bu da ölkənin regionda yaratdığı yeni reallıqların nəticəsidir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Bu reallıqlar indi həm Azərbaycana daha sərbəst və inamlı siyasət aparmaq imkanı verir, həm də başqa dövlətlərə Azərbaycanla münasibətlərdə yeni reallıqlardan çıxış etmək imkanı verir. Məsələn, əvvəllər Ermənistanla və onun arxasında dayanan Rusiya ilə Azərbaycanın faktiki qeyri-sülh şəraitində və ya müharibə vəziyyətində olması bir sıra ölkələri Azərbaycanla yaxınlaşmaqda müəyyən qədər çəkindirirdi. O cümlədən, Azərbaycan üçün çox vacib olan hərbi-texniki əməkdaşlığı müəyyən çərçivədə saxlamağa məcbur edirdi. Məsələn, Pakistandan, Avropanın bəzi ölkələri ilə Azərbaycanın hərbi əməkdaşlığı məhz bu amilə görə uzun illər müəyyən çərçivədə qalmağa məcbur olub və müharibədən sonra Azərbaycanın daha inamlı siyasət aparması yeni bir reallıqdır. Bu siyasətin də bir neçə ciddi hədəfi var. Bunların birincisi, Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları bütün dünyaya qəbul etdirməsidir ki, hesab etmək olar ki, müharibədən sonrakı bu üç ilin, xüsusilə antiterror əməliyyatlarından sonrakı bu 7-8 ay ərzində Azərbaycan xarici siyasət hədəflərinə demək olar ki, yetişib. Çünki ölkəmiz dünyada, regionda yaratdığı reallıqları artıq dünyaya qəbul etdirə bilib. Əgər bir vaxtlar dünya erməni azlığının hüquqlarından çox inadla və tələbkarlıqla danışırdısa, bu gün bu məsələ demək olar ki, arxa plana keçib və daha çox bölgədə əməkdaşlığın perspektivlərinə bir baxış, yanaşma mövcuddur. Bu, Azərbaycanın, təbii ki, qələbəsidir.
Digər tərəfdən, Azərbaycan müharibədən sonra Ermənistanın və onun müttəfiqlərinin hazırladığı yeni bir taktika ilə ü- üzə qaldı. Çox yaxşıdır ki, Azərbaycan diplomatiyası Ermənistanın bu yeni şəraitdəki əsas hücum rektorlarını düzgün tuta bildi. Ermənistanın müharibədən sonra əsas hücum dektoru ölkəmizi dünyada təcrid vəziyyətinə salmaq idi. Çünki onlar belə bir inamda idilər ki, əgər keçmiş Dağlıq Qarabağdakı erməni kütləsini buradan mütəşəkkil qaydada köçürüb, aparıblarsa, bu faktı Azərbaycana qarşı mübarizədə bir fakta çevirmək mümkün olacaq və dünyada Azərbaycanı erməni azlığını deportasiya etmiş bir dövlət kimi tanıdaraq onu qlobal təcrid vəziyyətinə sala biləcəklər. Ermənistanın və dostlarının müharibədən sonrakı Azərbaycana qarşı əsas siyasət istiqaməti ölkəmizi qlobal təcridə salmaqdan ibarət idi. Amma hadisələr göstərir ki, Ermənistanın bu taktikası da iflasa uğradı və Azərbaycan nəinki təcridə düşmədi, əksinə, Ermənistanın özünün mövcud təcriddən çıxması üçün Azərbaycanla daha yaxşı əlaqələrə və əməkdaşlığa malik olmaq ehtiyacını bütün dünyaya nümayiş etdirə bildi. Əgər əvvəllər tək Azərbaycan deyirdisə ki, Ermənistan blokadadan çıxmaq üçün Azərbaycanla əməkdaşdır, indi dünya dövlətlərindən olan Amerikanın dövlət məmurları da danışırlar. Amerikanın məmurları açıq şəkildə deyirlər ki, biz Ermənistanla Azərbaycan arasında Azərbaycanın üzərindən, Mərkəzi Asiyadan yükləri Qara dənizə və Türkiyəyə daşımağa imkan verən bir sazişin imzalanmasını gözləyirik. Yəni faktiki olaraq Qərb ölkələri bu gün Azərbaycandan keçən orta dəhlizə çox böyük nicat yolu kimi baxırlar və bu dəhlizin əmələ gəlməsi, işləməsində Azərbaycan-Ermənistan sülh sazişinin çox vacib rol oynaya biləcəyini görürlər və Ermənistanın özünün də taleyinin bu orta dəhlizin daha geniş işləməsindən asılı olduğunu açıq şəkildə deyirlər.
Bu, əlbəttə, Azərbaycanın qələbəsidir və hesab etmək olar ki, Azərbaycan Ermənistanın ölkəmizi təcrid vəziyyətinə salmaq taktikasını demək olar, iflasa uğradıb. Bu da çox önəmlidir. Eyni zamanda, Azərbaycanın beynəlxalq təcridə salınması cəhdlərinin iflasa uğradılmasında COP29 çərçivəsində hazırlıqlar da fikrincə, öz təsirini göstərib. Sirr deyil ki, dünyanın bir çox dövlət başçıları, dövlətləri artıq COP29 çərçivəsində Azərbaycanın gördüyü işləri dəyərləndirirlər. Qiymət verirlər ki, Azərbaycan bu təşkilatçılığı yüksək səviyyədə aparır və aydın məsələdir ki, Azərbaycanın iqlim dəyişmələrinə verdiyi, vermək istədiyi töhfələr həmin dövlətlər tərəfindən, hətta istəməsələr də belə qəbul olunmağa bir məhkumluq vəziyyəti yaradır. Onlar görürlər ki, Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizəni təkcə özü üçün aparmır, bu dünya üçün iqlimin saflaşdırılması uğrunda gedən mübarizədir və Azərbaycan burada çox maddi qurbanlar verir, özünün ehtiyatlarını buna sərf eləyir. Eyni zamanda, dünyanın inkişaf etmiş və inkişaf etməmiş ölkələrinin arasında çox vacib olan iqlim dəyişmələri üzərində həmrəylik yaratmağa çalışır. Hansı ki, indiyə qədər bir sıra ölkələr iqlim dəyişmələri ilə bağlı dünyanın inkişaf etmiş və etməmiş ölkələri arasında daha çox qarşıdurmanın olacağını gözləyirdilər. Bəzi hallarda belə qarşıdurmanı yaratmağa çalışırlar. Amma Azərbaycan tamamilə yeni konsepsiya ortaya qoydu və göstərdi ki, dünyanın yeni reallığı, xüsusilə də iqlim dəyişmələri ilə uğurlu mübarizə məhz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin arasında həmrəyliyin bərqərar edilməsini tələb edir. İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizənin taleyinin bu həmrəylikdən asılı olduğunu Azərbaycan dünyaya car çəkdi. Ölkəmizin beynəlxalq təcridə salınması cəhdlərinin iflasa uğrmasında, bunun da önəmli rolu var.
Müharibədən sonrakı diplomatiyanın əsas hədəfi Azərbaycanın Ermənistan və onun dostları tərəfindən təcridə salınma siyasətinin iflasa uğradılmasından ibarətdir. Böyük nəticədir, buna sevinmək olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31