Şuşa Qlobal Media Forumu Azərbaycandan dünyaya daha bir səsləniş idi- MÜSAHİBƏ

Şuşa Qlobal Media Forumu Azərbaycan Respublikasının Qarabağ bölgəsində, Şuşa şəhərində keçirilən beynəlxalq tədbirdir. İlk Şuşa Qlobal Media Forumu 2023-cü ilin iyul ayında keçirilib. Bu tədbir, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutmuş və qlobal media nümayəndələrini, jurnalistləri və ekspertləri bir araya gətirərək, müxtəlif mövzuları müzakirə etmək və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədi daşımışdır. Tədbir media və informasiya texnologiyalarının inkişafı, jurnalistikanın gələcəyi, dezinformasiya ilə mübarizə, media etikası, iqlim dəyişikliyi və ətraf mühit problemləri kimi mövzuları əhatə edib. Forumda müxtəlif ölkələrin media nümayəndələri və ekspertləri təcrübələrini bölüşərək, qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə edirlər. Tədbir çərçivəsində panel müzakirələri, seminarlar və işçi qrupları təşkil olunur ki, bu da iştirakçıların müxtəlif mövzular ətrafında daha dərin müzakirələr aparmasına şərait yaradır. Şuşa Qlobal Media Forumu həm də Azərbaycanın mədəniyyət və tarixinin tanıdılması, Qarabağın bərpası və inkişafı ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün vacib platformadır. Forumun keçirildiyi Şuşa şəhəri, Azərbaycanın mədəniyyət paytaxtı olaraq, tədbirin simvolik məkanı kimi seçilmişdir.

Bu il  iyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və sualları cavablandırıb.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Şuşa Qlobal Media Forumunun Azərbaycanda ənənə halına çevrildiyini deyir:

-Bu tədbirlər, belə beynəlxalq forumlar, konfranslar bu gün Cənubi Qafqazı, o cümlədən də Azərbaycanı dünyada oxşarı olmayan bir regiona çevirib. Azərbaycan yürütdüyü siyasətlə dialoqlar, fikir mübadilələri, müzakirələr platformasına çevrilib. Xüsusilə də biz bu tədbirləri, belə beynəlxalq forumları, konfransları, işğaldan azad edilmiş ərazilərdə keçirməklə bir daha beynəlxalq ictimaiyyətin diqqətini oradakı reallıqlara yönəltməyə cəhd göstəririk. Təbii ki, bu da bizim Cənubi Qafqazda formalaşdırdığımız yeni reallıqlara ciddi dəstək göstərir, onların daha da gücləndirilməsinin həyata keçirilməsinə, sülh prosesinin reallaşdırılmasına ciddi  kömək edir. Bu, bir ilk deyil. Ötən ilin eyni tarixlərində-təxminən 21-23 iyul 2023-cü il tarixində Şuşada "Dördüncü Sənaye İnqilabı dövründə Media" adlı eyni Şuşa Qlobal Media Forumu keçirildi. Həmin forumda çox ciddi məsələlər müzakirə edildi. Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq forumda iştirak etmiş və dünyanın demək olar ki, bütün regionlarından orada iştirak edən jurnalistlərin, media nümayəndələrinin suallarına çox əhatəli və dolğun şəkildə cavab vermişdi. O forum zamanı  Ermənistanda dərhal hərəkətə keçdilər və 11 jurnalist təşkilatı forumda iştirak edən xarici qonaqları hədəfə aldı. Onların haqqında əsassız informasiyalar, dezinformasiyalar, yalan məlumatlar yayılmağa başladı, hətta şantaj edildilər. Amma bunun nəticə verdiyini görmədikdən sonra həmin forumda iştirak edən Beynəlxalq Jurnalistlər Federasiyasının rəhbəri Antoni Ballengerin çıxışından kontekstdən çıxararaq fikrini yaydılar ki, guya o, onların təbirincə desək, dırnaqarası "Artsax"ın blokadadan çıxarılması ilə bağlı  Azərbaycan dövlətinə müraciət edib. Əslində bu, absurd, yalan idi. Kontekstdən çıxarılmış bir fikir idi. Əksinə, həmin o şəxs Azərbaycan dövlətinə müraciət etmişdi ki, Qarabağ və Xankəndi arasında körpü yaradılsın. Amma o zaman biz körpünü yarada bilmirdik. Nəyə görə? Çünki o zaman Xankəndiyə nəzarət Azərbaycanın əlində deyildi. Qanunsuz terrorçu birləşmələr orada fəaliyyət göstərirdilər, Ermənistan onlara dəstək göstərdi. Ermənistan vasitəsilə Fransa kimi dövlətlər onlara dəstək göstərdi. Amma sonra nə oldu? Azərbaycan dövləti ötən il keçirilən Şuşa Qlobal Forumundan iki ay sonra antiterror tədbirləri keçirdi və Ermənistanın etməli olduğu məsələni özü reallaşdırdı. Ermənistan həmin terrorçu qruplaşmaları oradan çıxarmaqla bağlı öhdəliyə sahib idi, amma bunu etmədiyinə görə, Azərbaycan  öz gücünə etdi. Azərbaycan Silahlı Qüvvələri orada qanunsuz terrorçu birləşmələrin təmizlənməsi ilə bağlı qısamüddətli-23 saatlıq antiterror tədbirləri həyata keçirdi və biz ondan sonra artıq bütün ərazilərimizdə, o cümlədən də Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə suverenliyimizi təmin etdik. Bu da artıq həmin ərazilərdə Azərbaycanın belə beynəlxalq tədbirləri keçirməsini reallaşdırdı. 
Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətə də ciddi mesajlar verdi. Təbii ki, o  mesajlar Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı yeni reallıqların mahiyyətini, Azərbaycanın sülh tərəfdarı olduğunu diqqətə çatdırmaq və Azərbaycan dövlətinin əslində bəzi qüvvələrin dediyi kimi, sülh prosesini dalana dirəyən tərəf deyil, Ermənistan tərəfinin sülhü dalana dirədiyini diqqətə çatdırıb. Onu sadəcə sözdə deyil, real arqumentlərlə diqqətə çatdırmış oldu. Ermənistan tərəfi sülhdən yanadırsa, öz konstitusiyasına dəyişiklik etməli olduğunu və eyni zamanda ATƏT-in Minsk qrupu adlı faktiki olaraq fəaliyyət göstərməyən, iflasa uğramış qurumun de-yure də ləğv edilməsi ilə bağlı ATƏT-ə müraciət etmək zərurətinin olduğunu diqqətə çatdıb. Bununla bağlı Prezidentin etdiyi  çıxışlardan sonra Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Prezidentin fikirlərinə istinad edərək çox ciddi məqamlara toxundu. Təbii ki, bütün bu məsələlər Azərbaycanın real mövqeyinin diqqətə çatdırılması ilə bağlıdır. Düşünürəm ki, "Yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə adlı" İkinci Şuşa Qlobal Media Forumunun keçirilməsi əslində Azərbaycanın indiyə qədər uğradığı dezinformasiya hücumunu, eyni zamanda yalan məlumatlarla bağlı apardığı mübarizənin konturlarını  və bu məsələdə Azərbaycanın heç vaxt geri addım atmayacağı ilə bağlı mövqeyi diqqətə çatdırmaqdır.  Bu məsələ ilə bağlı biz artıq ölkə başçısının verdiyi mesajları ünvanlarına çatdırmışıq və  bu, artıq bəzi qüvvələrin yalan informasiya maşınının iflasa uğramasını reallaşdırır. Düşünürəm ki, bu istiqamətdə bizim addımlarımız həm beynəlxalq konfranslar, Qlobal Media Forumları, digər tədbirlərin keçirilməsi, eyni zamanda digər istiqamətlərdə addımlarımızın atılması ilə müşayiət olunacaq və bu proses davam edəcək.Şuşa Qlobal Media Forumu Azərbaycandan  dünyaya daha  bir  səsləniş  idi.

-Azərbaycan hansı məsələlərdə faktların manipulyasiyası və yanlış narrativlərin qurbanı olmuşdur?

-Ümumiyyətlə, müstəqilliyini bərpa etdikdən, ərazilərinin 20 faizi işğal altına düşdükdən sonra həmişə beynəlxalq aləmdə erməni diaspora və lobbi təşkilatlarının və onların təsiri altında olan dövlətlərin, ayrı-ayrı beynəlxalq təsisatların təsiri ilə, onların fəaliyyəti nəticəsində Azərbaycana qarşı müxtəlif manipulyativ addımlar atılıb. Azərbaycana qarşı dezinformasiya maşını işləyib. Azərbaycana qarşı yalan püskürdülüb və Azərbaycan səhv narrativlərin qurbanına çevrilib. Bu həm 20 faiz ərazilərimizin işğal altında olması faktı ilə bağlı idi. Məsələn, bir misal gətirim ki, 1992-ci ilin 25-26 fevral gecəsində Xocalı faciəsini törədən ermənilərin yalan informasiyası, dezinformasiyası nəticəsində Fransa mətbuatında və yaxud onların təsiri altında olan digər mətbuat platformalarında Xocalı faciəsinin Azərbaycan tərəfindən Ermənistana, ermənilərə qarşı törədilməsi məlumatları yayılırdı. Amma təbii ki, sonradan beynəlxalq aləmə də məlum oldu ki, bu, ermənilər tərəfindən törədilib. Sonradan Ermənistana rəhbərlik edən cinayətkar ünsürlər tərəfindən Böyük Britaniya mətbuatına müsahibə verilərkən onların Xocalı faciəsini törətdiklərindən öyündüyünü görürük. Həmin o faciə ilə bağlı Serj Sarkisyan dövlətin rəhbəri ola-ola belə bir fikir səsləndirmişdi ki, azərbaycanlılar  Xocalı faciəsinə qədər düşünürdülər ki, biz ermənilər azərbaycanlı mülki əhaliyə qarşı əl qaldırmayacağıq. Amma biz Xocalı faciəsi ilə bu sindromu qırdıq, Azərbaycan xalqının, azərbaycanlıların yaddaşından bu məsələni təmizlədik. Yəni belə bir şəxslərin törətdiyi cinayətlərlə bağlı Azərbaycana qarşı atılan addımlar Azərbaycanın adına yazılmaqla və eyni zamanda keçmiş münaqişə ilə bağlı fikirlər, reallıqlar, faktlar, saxtalaşdırılaraq Azərbaycanın adına yazılmağa çalışıldı.  Siz təsəvvür edin, 1992-ci  ildən başlayaraq  Azadlığa Dəstək Aktı adı altında Sovetlər İttifaqının süquta uğramasından sonra müstəqilliyini bərpa etmiş dövlətlərə yardım edən  ABŞ, 1992-ci ildən həmin o Azadlığa Dəstək Aktı proqramına 907 saylı düzəliş edərək yalnız Azərbaycana münasibətdə müstəsna münasibət sərgiləmişdi və Azərbaycana yardım edilmirdi. Bu günə qədər də o tam ləğv edilməyib. Onu da bununla əsaslandırırlar ki, Azərbaycan Qarabağdakı erməniləri blokadada saxlayır. Təsəvvür edin, nə qədər çirkin, nə qədər iyrənc, nə qədər yalan, nə qədər saxta münasibətdir. Yəni  Amerika Birləşmiş  Ştatları elə bir dövlətdir ki, dünyanın istənilən nöqtəsində nəinki baş verən proseslərdən halidir, həmin proseslərin episentrində olmaq imkanına malikdir. Cənubi Qafqazda baş verən proseslərdən məlumatı yox idi demək, yəni Amerika Birləşmiş Ştatlarına münasibətdə bu absurd və yumşaq dillə desək, çox sadəlövh yanaşma olardı. Bu yanlış narrativlərdən Azərbaycana qarşı istifadə edilib. Eyni zamanda, bir məqamı da diqqətinizə çatdırım ki, işğal dönəmində həm Azərbaycana, yəni işğala məruz qalmış, 20 faiz əraziləri işğal olunmuş, etnik təmizləməyə məruz qalmış, bir milyona yaxın insanı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycana da, Azərbaycanı da işğal edən, bu cinayətləri törədən bu etnik təmizləməni, bu işğal prosesini həyata keçirən Ermənistana da eyni çağırışlar edilirdi ki, danışıqlar masasında məsələ həllini tapmalıdır, məsələnin hərbi həlli yolu yoxdur və sair və ilaxır. Yəni bu normativlərdən Azərbaycana qarşı həmişə istifadə edilib, amma təbii ki, biz bununla mübarizə aparmışıq. Xüsusilə də Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dönəmdə biz beynəlxalq təşkilatlarla, beynəlxalq platformada mövcud olan təsisatlarla, dövlətlərlə mümkün qədər münasibətlərimizi inkişaf etdirdik və İkinci Qarabağ müharibəsi başlandıqdan sonra dünyanın diqqətləri Cənubi Qafqaza yönəldi.  Həmin o 44 günlük müharibə dönəmində Azərbaycan Prezidenti çoxlu sayda beynəlxalq media qurumlarının nümayəndələrinə, jurnalistlərinə, rəhbərlərinə geniş müsahibələr verdi. Əslində o proses zamanı bir tərəfdən döyüş meydanında düşmənin blokadalarını yarmaqla, darmadağın etməklə, düşməni məğlubiyyətə düçar etməklə paralel olaraq Prezident İlham Əliyev həm də keçmiş münaqişə ilə bağlı Cənubi Qafqaz regionu ətrafında ümumilikdə yaradılmış informasiya blokadasını darmadağın etmiş oldu. Həmin o yanlış norativlər Azərbaycana qarşı manipulyativ məqsədlər üçün istifadə edilən məqamlar, spekulyasiya predmetləri Prezident İlham Əliyevin bu müsahibələri nəticəsində darmadağın edilmiş oldu. Müxtəlif dillərdə müsahibələrdə bəzi məqamlarda ittihamedici suallara belə dolğun, məntiqli, real arqumentlər əsasında cavab verən Prezident əslində bu gedişi ilə Ermənistanın və erməni diasporu və lobbi təşkilatlarının, onların təsiri altında olan dövlətlərin, Amerika Birləşmiş Ştatları Konqresinin, Senatının, Fransanın, ayrı-ayrı qüvvələrin, parlamentin və digər dövlətlərdəki o güclərin təsiri ilə formalaşdırılmış yalan məlumatları ifşa etmiş oldu. Bu proses bu gün də davam etməkdədir. 44 günlük müharibədə aktiv döyüş fazasına son qoysaq, düşməni məğlubiyyətə uğratsaq da, ondan sonra bizimlə düşmən arasında informasiya cəbhəsində mübarizə bu gün də davam etməkdədir və biz ard-arda bu proseslərdə düşmənə qalib gəlirik. Təbii ki, bunu ayrı-ayrı platformalarda edirik. Ölkə ərazisində keçirdiyimiz beynəlxalq forumlar, beynəlxalq konfranslar, beynəlxalq digər tədbirlər və eyni zamanda işğaldan azad edilmiş ərazilərə ayrı-ayrı dövlət başçılarının, digər rəsmi şəxslərin, jurnalistlərin, diplomatların, hərbi attaşelərin, beynəlxalq ictimai fəalların və digər qonaqların dəvət edilməsi yolu ilə erməni vəhşiliklərinin, erməni yalanlarının, erməni dezinformasiyalarının ifşası prosesini davam etdiririk.

-ABŞ-nin 1992-ci ildə Azərbaycana qarşı tətbiq etdiyi sanksiyalar hansı səbəblə olmuşdur?

--Bir daha diqqətinizə çatdırım ki, ABŞ həmişə bu proqramları tətbiq edib. İkinci Dünya müharibəsindən sonra "Avropanın iqtisadiyyatının dirçəldilməsi" adı altında proqram tətbiq edildi və həmin o proqramla Avropa dövlətlərinin iqtisadiyyatı ABŞ-dən asılı vəziyyətə gətirildi. Eyni zamanda Sovetlər İttifaqının süquta uğramasından sonra müstəqilliyini bərpa edib yenicə müstəqilliyə qədəm qoymuş dövlətlərə də "Azadlığa Dəstək Aktı" adı altında yardımlar edildi. Amma heç bir əsas gətirilmədən, eyni zamanda işğala, etnik təmizləməyə məruz qalmış, bir milyona yaxın insanı qaçqın və məcburi köçkün vəziyyətinə düşərək bütün təməl hüquqlarından məhrum edilən Azərbaycana münasibətdə absurd bir yanaşma tərzi ortaya qoyulmuşdu. 907 saylı düzəliş edilərək həmin o yardım yalnız Azərbaycandan yan keçirilirdi. Əslində insan hüquq və azadlıqlarından, xalqların öz müqəddəratını müəyyən etməkdən, dövlətlərin ərazi bütövlüyündən, beynəlxalq hüququn digər prinsiplərindən dəm vuran ABŞ-nin Azərbaycana və azərbaycanlılara qarşı belə diskriminasion yanaşma tərzi ortaya qoyması özü özlüyündə bir daha elə ABŞ-nin demokratik dəyərlərə xidmət edən siyasəti ilə bağlı prosesi ifşa etmiş oldu. "Azadlığa Dəstək Aktı" adı altında 1992-ci ildən başlayan həmin prosesdə Azərbaycana qarşı 907 saylı düzəlişlə sanksiya tətbiq edən ABŞ bu prosesi bu gün də davam etdirir. Azərbaycanın ABŞ ilə müxtəlif istiqamətlərdə-təhlükəsizlik, enerji, sülh və sülhməramlı missiyaların fəaliyyəti, insan hüquq və azadlıqları və digər sahələrdə əməkdaşlığından sonra, xüsusilə də sülhməramlı missiyada aktiv və fəal iştirakımız ABŞ-ni həmin o 907 saylı düzəlişin hər il təxirə salınması ilə bağlı addım atmağa vadar etdi. Amma bu günə qədər onlar o mürtəce düzəlişi, biabırçı addımı h ləğv etməyiblər və demək olar ki, bu proses bu gün də davam etməkdədir. Düşünürəm ki, onun heç bir əsası yoxdur. O, sadəcə enerji resursları, karbohidrogen resurslarla zəngin olan Azərbaycanı özündən asılı vəziyyətə salmaq və manipulyasiya etmək üçün münbit şərait yaratmağa xidmət edən addım idi. Amma günlərin birində təbii ki, biz 1990-cı illərin zəif dövrünü arxada qoyduq. İqtisadi cəhətdən gücləndik. İnkişaf etdik və artıq 907 saylı düzəlişlə Azərbaycana ediləcək yardım Azərbaycan dövləti üçün elə bir ciddi əhəmiyyət kəsb etmir. Baxmayaraq ki, 1990-cı illərdə, zamanında o yardımın bizim üçün çox böyük əhəmiyyəti var idi. Amma bu gün elə bir ciddi əhəmiyyət kəsb etmədiyinə görə, bizim üçün aktuallığı bitib. Amma hər bir halda bu, ABŞ-nin Cənubi Qafqazın aparıcı dövləti olan, dominant gücü olan Azərbaycana münasibətini özündə ehtiva edir. Təbii ki, bu, bizə yanaşmanı özündə ehtiva etdiyinə görə, biz o prizmadan yanaşaraq öz siyasətimizi formalaşdırırıq.Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən, ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etdikdən sonra artıq onlar da anlamalıdırlar ki, belə addımlarla Azərbaycana təsir etmək mümkünsüzdür. Hər bir halda bu gün orada ermənilərin, erməni diasporu və lobbi təşkilatlarının və yaxud digər anti-Azərbaycan qüvvələrinin təsiri hələ də qalmaqdadır ki, bizə qarşı bu biabırçı addıma son qoyulmur. Düşünürəm ki, bütün bunlara rəğmən, biz müstəqil siyasət yürütdüyümüzü, heç kimdən asılı vəziyyətdə olmadığımızı, bütün dövlətlər və təşkilatlarla, beynəlxalq hüququn bütün subyektləri ilə bərabərhüquqlu, eyni səviyyəli əməkdaşlığa üstünlük verdiyimizi həmişə dilə gətirmişik. Bu gün də biz bu mövqedəyik bizim mövqeyimizdə zərrə qədər sapma yoxdur və düşünürəm ki, bundan sonra da belə olacaq.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31