Fikir, söz və məlumat azadlığı mətbuatdan başlayır
19 İyul 2024 12:54 Siyasət5.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Bu günümüzdə Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm olduqca yüksək səviyyədədir. Hazırda ölkədə hər kəsin müstəqil fikir bildirmək, məlumat almaq, yaymaq, istənilən məsələyə mövqeyini sərgiləmək və hüquqlarını tələb etmək imkanı var. Təbii ki, bu proses dövlətin diqqət və qayğısı, yaradılan şərait nəticəsində yaranıb. Dövlətin müstəqil medianın inkişafına dəstəyi, görülən işlər, həyata keçirilən, ali sənədlərlə tənzimlənən qanunlar söz və fikir azadlığının da yaranmasına səbəb olub. Hər bir cəmiyyətin əsas azadlıqları, daha dəqiq desək, fikir, söz və məlumat azadlıqları mətbuatdan başlayır. Çünki, dövrün gerçək təsvirini vermək, böyük bir kütləyə xitab etmək kimi mühüm bir missiyanı mətbuat yerinə yetirir. Bu baxımdan mətbuat cəmiyyəti olduğu kimi təsvir edən bir güzgü sayılır ki, bu güzgü də cəmiyyətin bütün həqiqətlərini özündə əks etdirir. Mətbuatın tərəfsiz olaraq cəmiyyətə xidmət etməsi isə bu güzgünün şəffaflığını, nəticədə, cəmiyyətin fikir, söz və məlumat azadlığını şərtləndirir.
Plüralist cəmiyyətin yetişməsi üçün fikir, söz, məlumat azadlığı kimi insan azadlıqlarının nə qədər vacib məsələ olduğu şübhə belə doğura bilməz. Çünki, daim tərəqqiyə can atan insan fikir, söz, məlumat azadlığı olmadan tərəqqiyə nail ola bilməz. Ölkəmizdə uzun illərdir fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsində vacib işlər həyata keçirilir.
Siyasi şərhçi Mübariz Göyüşlü də deyir ki, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində Azərbaycanda çox ciddi şəkildə çalışmalar, işlər aparılır:
"Ümumiyyətlə, fikir, söz, məlumat azadlığı, plüralizmin inkişafı məsələləri ali sənəd olan Azərbaycan Konstitusiyası ilə tənzimlənir, konstitusiyada bununla bağlı məqamlar əks olunub. Hər kəsin məlumat almaq azadlığı var, hər kəsin məlumatı alaraq yaymaq və s. kimi hüquqları var. Yəni bu mənada, bu məsələlər bu şəkildə tənzimlənir, qorunur və bu çalışmalara da, çalışmaların inkişafına da dəstək verən ilkin şəxs Azərbaycan prezidentidir. Azərbaycan dövləti bu məsələlərə dəstək olur.
Bir qədər əvvələ getsək, biz müstəqillik qazanandan sonra ümummilli lider Heydər Əliyevin dövründə də bu istiqamətdə olan çalışmalara göz gəzdirmək lazımdır. Belə ki, 1998-ci ildə senzuranın ləğv edilməsi Azərbaycan mətbuatının inkişafında və paralel olaraq təbii ki, mətbuatın inkişafı söz və fikir azadlığının inkişafına səbəb olan bir məsələdir və inanılmaz dərəcədə çox ciddi bir təsiri oldu, əməlli-başlı canlanma yarandı. Daha sonra, Azərbaycan dövlətinin mətbuata qayğısı məsələsi ortaya çıxdı. Çünki mediada çox ciddi çətinliklər var idi. Bu da mətbuata qayğıda, onun inkişafında irəliyə doğru bir amil oldu. Bütün bu məsələlər Azərbaycanda 1875-ci ildə əsası qoyulan, fikir və söz azadlığının təminatı olan mətbuatın, medianın inkişafında mühüm amil oldu. Bu gün biz desək ki, bu sahədə bütün problemlər aradan qalxıb, hər şey əladır, bu, doğru olmaz. Bu sahədə problemlər var. İstər reklam bazarının zəif olması, məhdud olması baxımından, istər peşəkarlıq baxımından, istər internet medianın gətirdiyi müxtəlif çətinliklər baxımından. Bu sahədə problemlərin həll olunması üçün də qarşıda görüləsi işlər var, çoxsaylı işlər görülməlidir. Xüsusən yeni reallıqlar yaranıb, sosial şəbəkələr, internet mediası və s. Burada yayılan məlumatlar bəzən obyektivlikdən, ədalətlikdən uzaq olur, qərəzli mahiyyət daşıyır. Sosial şəbəkələrdə yayılan məlumatlara nəzarət olunmalıdırmı və ya necə nəzarət olunmalıdır və s. bu kimi çətinliklər ortaya gəlib çıxır. Amma bütün bunlara baxmayaraq deyə bilərik ki, fikir, söz, məlumat azadlığı, plüralizmin inkişafı istiqamətində çalışmalar gedir, fəaliyyətlər var, müsbətdir, daha da müsbət nəticələri olması üçün də biz bu çalışmaların genişləndirilməsini vacib sayırıq".
Röyalə Xəyal
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.