Azərbaycan dünyada minalanmadan ən çox əziyyət çəkən ölkədir
31 May 2024 14:16 SiyasətBunun məsuliyyəti Ermənistanın üzərinə düşür
Azərbaycanın işğaldan azad edilmiş rayonlarında beynəlxalq tədbirlərin keçirilməsi ənənə halını alıb. Qətiyyətlə demək olar ki, sözügedən ərazilərdə hətta ən geniş miqyaslı beynəlxalq tədbirlərin düzənlənməsi üçün şərait yaradılıb. Artıq möhtəşəm tədbirlərin reallaşdırılması üçün kifayət qədər təcrübə də əldə edilib. Məsələ orasındadır ki, işğaldan zad edilmiş ərazilərdə dünyanı cənginə almış qlobal problemlərin müzakirəsi və həlli yolları araşdırılır. Azərbaycan isə bəşəri problemlərə öz töhvəsini verməkdə davam edir. Belə tədbirlərdən biri də Zəngilan rayonunda düzənlənib. Belə ki, Zəngilanda "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda minalarla mübarizə üzrə üçüncü beynəlxalq konfrans işə başlayıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransında müxtəlif məsələlər ətrafında müzakirələr aparılacaq.
Cari ilin 30-31 may tarixlərində keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının mövzusu "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması"dır. Konfransın birinci günü Zəngilan, ikinci günü isə Bakı şəhərində baş tutacaq. Konfrans, ölkəmizin mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır.
Konfransa beynəlxalq ictimaiyyət tərəfindən yüksək diqqət göstərilir. Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunur.
Qeyd edək ki, humanitar minatəmizləmə konfransının Zəngilanda keçirilməsinin böyük rəmzi mənası var. Çünki, Zəngilanın Ağalı kəndi yenidən qurulan və keçmiş məcburi köçkünlərin qayıtdığı ilk yaşayış məskənidir. Bu miqyasda işlərin aparılması məhz minaaxtaranların gərgin əməyi sayəsində həyata keçirilir. Onu da qeyd edək ki, indiyə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib. Mina partlaması nəticəsində 361 Azərbaycan vətəndaşı mina qurbanı olub, onlardan 68-i həlak olub, 293-ü isə ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib ki, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir.
Prezident İlham Əliyev "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi" mövzusunda keçirilən III Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına ünvanladığı müraciətdə qeyd edib ki, bu gün mina və partlamamış hərbi sursatlar hələ də dünyanın bir çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biridir: "Müharibə bitdikdən on illər sonra belə insanların həyatını təhlükəyə atmaqla yanaşı, minalar sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, münaqişədən sonrakı bərpa və inkişaf təşəbbüslərinə və nəticə etibarilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə ciddi şəkildə mane olur. Mina partlayışları insanların həyatına təhlükə yaratmaqla və ümumiyyətlə yaşamaq hüququnu sual altına qoymaqla bərabər ətraf mühitə də böyük ziyan vurur. Belə ki, partlayışlar zamanı yaranan plastik tullantılar ekoloji fəsadlara səbəb olaraq torpaqların strukturuna mənfi təsir göstərir. Uzun müddət torpağın içində qalan minalar zərərli kimyəvi reaksiyalara gətirib çıxarır. Minalara görə istifadə olunmayan torpaqlar təbii eroziyaya və aşınmaya məruz qalır. Bu baxımdan, bugünkü konfransın Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 öncəsi təşkil edilməsi xüsusi önəm daşıyır. Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib".
Məsələ orasındadır ki, Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistan azad olunmuş ərazilərin minadan təmizlənməsində maneəçilik törədir. Ermənistan ən müxtəlif bəhanələrlə ya mina basdırılan ərazilərin xəritəsini verməkdən imtia edir, gah da təqdim etdiyi xəritə qeyri-dəqiq olur. Məhz bu kimi amilləri nəzərə alan dövlət başçısı məktubunda xüsusilə qeyd edib ki, bu məslədə bütün məsuliyyəti Ermənistanın üzərinə düşür: "Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir. 2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılmış, yenidən Azərbaycanın ərazisinə minalar basdırılmışdır. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür. Minaların təmizlənməsində üzləşdiyimiz çətinliklər, eyni zamanda, yenidənqurma və bərpa işlərinə əngəl yaradır, 800 min keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasına ciddi maneə törədir".
Göründüyü kimi işğalçı Ermənistandan fərqli olaraq humanitar minatəmizləmə Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir. Məhz bu səbəbdən ölkəmiz işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesini sırf öz daxili potensialı hesabına həyata keçirir. Əslində isə belə mürəkkəb və insan həyatı üçün təhlükəli olan prosesin tamamlanmasından ötrü beynəlxalq səylərin vacibliyi önə çıxır. Elə beynəlxlaq dəstəyin təmin olunması məqsədilə Azərbaycan BMT ilə birlikdə mina mövzusuna həsr edilmiş bir sıra beynəlxalq konfranslara ev sahibliyi edib. Nəzərə almaq lazımdır ki, Azrbaycan dünyada minalanmadan ən çox əziyyət çəkən ölkədir. Ərazilərimizin dörd bir tərəfində Ermənistanda istehsal olunan minalar basdırılıb. Mövcud vəziyyət isə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesinə ciddi şəkildə maneə yaradır.
Alim