Kiçik ada ölkəsinin böyük müstəqillik mübarizəsi
31 May 2024 12:54 SiyasətFransız Polineziyasının sonu çatıb
Müasir dünyada demokratiya, insan hüquqlarının müdafiəsi dövlətlərin önəm verdiyi bəşəri dəyərlərdən hesab olunur. Xüsusilə, demokratiya yolunu seçmiş ölkələr müstəmləkə, irqçilik, separatizm kimi qeyri-demokratik təzahürlərin aradan qaldırılması istəyindədirlər. Çox təəssüf ki, özünü demokratiyanın beşiyi kimi qələmə verən bəzi ölkələr hələ də azsaylı xalqlara qarşı zor tətbiq etməklə müstəmləkəçilik siyasətlərini davam etdirməkdədirlər. Müstəmləkəçilik siyasətini davam etdirən dövlətlərdən biri də Fransadır ki, dənizaşırı əraziləri hesab olunan ölkələrdə törətdiyi zorakılıqlardan dolayı dünyada sülhün, ədalətin və bərabərliyin bərqərar olmasına qarşı çıxır. Lakin dünyada baş verən proseslər deməyə əsas verir ki, dünyanın ən böyük müstəmləkəçi imperiyalarından biri olan Fransa müstəmləkədə saxladığı dövlətlər üzərində təsirini tədricən itirməkdədir. Daha dəqiq, Parisin səylərinə baxmayaraq, onun keçmiş müstəmləkələrinin olduğu regionlarda təsir gücü azalır. Çox təəssüf ki, Fransa hələ də dərk etmir ki, sözügedən ərazidə baş qaldıran etirazlar Parisin müstəmləkəçilik siyasətinə yenidən baxılmasının və bu ərazidə yerli xalqların hüquqlarına hörmət edilməsinin zəruriliyini diktə edir.
Müstəmləkəçiliyə məruz qalan və müstəqillik arzusunda olan ölkələrdən biri də Fransadan təqribən 17 min kilometr uzaqda - Sakit okeanın cənubundakı 5 arxipelaqdan ibarət Fransız Polineziyasıdır. Bu ölkə yerli dildə Maohi Nui adlandırılır. Məlumat üçün qeyd edək ki, 1840-cı illərdə - Fransa-Taiti müharibəsinin başa çatması (1844-1847) əvvəlcə Markiz adalarında, sonradan isə Taitidə Fransanın müstəmləkə quruluşunun tətbiqinin başlanğıcı ilə "əlamətdar" oldu. Taiti kraliçası IV Pomare 1843-cü ildə qurulmuş Fransız protektoratını nəhayət qəbul etmək məcburiyyətində qaldı. Bir müddət sonra - 1880-ci ildə kral V Pomare Taiti Krallığını Fransaya verməyə razı oldu və bu razılaşma həmin il dekabrın 30-da imzalanan qanunla təsdiqləndi. Bu qanun krallığın bütün subyektlərinə Fransa vətəndaşlığı verirdi. Buradan da göründüyü kimi, Polineziyanın (Taiti Krallığı 1881-ci ildən Okeaniyanın fransız əraziləri (EFO), 1957-ci ildən isə Fransız Polineziyası adlanıb) Fransa tərəfindən işğalı məhz həmin illərə təsadüf edir.
Polineziyanın yerli əhalisi səsvermə hüququnu yalnız 1946-cı ildə əldə edib və 1957-ci ildə ilk yerli hökumətini qurub. Buna baxmayaraq, 1977-ci ilədək Polineziya məktəblərində yerli dillər tədris olunmayıb. Polineziya həm də bəzi epidemik xəstəliklərin (çikunqunya böhranı, Denge epidemiyası) yayıldığı ərazi kimi tanınır. Bu azmış kimi, 30 il ərzində - 1966-1996-cı illərdə Fransa tərəfindən burada 200-ə yaxın nüvə sınağı həyata keçirilib. Belə ki, 1966-1974-cü illərdə 46 atmosfer, 1975-1996-cı illərdə isə 147 yeraltı sınaq həyata keçirilib. Bu sınaqlar yerli əhali və ümumiyyətlə bölgədə ətraf mühit üçün ağır fəsadlarla nəticələnib. Belə ki, məhz nüvə sınaqları yerli əhali arasında xərçəng xəstəliyinin geniş yayılmasına səbəb olub. Fransızlar əsasən 120 kilotonluq bombalardan istifadə ediblər. Müqayisə üçün qeyd edək ki, Xirosima və Naqasakiyə atılan bombaların hər biri 15-23 kiloton olub. Bundan əlavə, nüvə sınaqları zamanı bir sıra uğursuzluqlar da baş verib ki, bu da ərazidə daha geniş çirklənməyə və ağır fəsadlara gətirib çıxarıb. Ümumilikdə təqribən 170 min nəfər Fransanın burada həyata keçirdiyi nüvə sınaqlarının qurbanı olub.
Bu gün yerli əhali hələ də şüalanmaya məruz qalan şəxslər üçün kompensasiya tələb etsə də, Fransa hökuməti bu istiqamətdə hər hansı ciddi addım atmayıb. 1998-ci ildə Fransanın Müdafiə Nazirliyi Polineziya əhalisinin nüvə sınaqlarından əziyyət çəkdiyini rəsmən etiraf edib və 2010-cu ildə Paris buna görə təzminat ödəməyə başlayıb. Lakin Fransa dövlətinin müstəmləkəçilik xisləti özünü burada da göstərib. Belə ki, bədxassəli şişlərin müalicəsi üçün təqribən 10 min nəfərə 800 milyon dollar ayrılsa da, bu təzminatdan yararlananların əksəriyyəti əsasən fransızlar olub. Polineziyada yerli əhalinin cəmi 63 nümayəndəsi bu təzminatdan ala bilib. Bunun nəticəsidir ki, adalarda xərçəng xəstəliyindən ölənlərin sayı kifayət qədər çoxdur.
Fransız Polineziyasının siyasi mənzərəsi ondan ibarətdir ki, prezident parlament üzvlərinin mütləq səs çoxluğu ilə seçilir. Polineziya parlamenti beş il müddətinə seçilən və yenidən seçilmək hüququ olan 57 üzvdən ibarətdir. Fransız Polineziyası 8 bölmədən ibarətdir. Hər bölmənin minimum 3 yerli təmsilçisi var. Hazırda parlamentdə təmsil olunan əsas siyasi qüvvə "Tavini Huiraatira" (müstəqillik tərəfdarları) partiyasıdır. Bu partiya ölkə parlamentində 38 yerə sahibdir. "Tapura Huiraatira" partiyası 16, bitərəflər isə 3 deputatla təmsil olunurlar. Müstəqillik uğrunda mübarizə aparan "Tavini Huiraatira" partiyasının adı yerli dildən tərcümədə "Yerli xalqa xidmət etmək" mənasını ifadə edir. "Tavini Huiraatira" 1977-ci ildə Oskar Temaru tərəfindən təsis olunub və o, indi də partiyaya sədrlik edir. Bu partiyanın əsas məqsədi Fransız Polineziyasının müstəqilliyinin əldə edilməsidir. Parlamentdə mütləq üstünlüyə sahib olan bu partiyanın üzvü Moetai Brotherson Fransa Polineziyasının prezidentidir. Assambleyanın sədri Antoni Geros isə partiya sədrinin müavinidir. "Tavini Huiraatira" partiyası tərəfindən müstəqillik istiqamətində növbəti addım kimi Dekolonizasiya İşləri üzrə Komissiya təsis edilib.
Xatırladaq ki, Polineziya 1946-cı ildə BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısına salınsa da, Fransanın təzyiqi nəticəsində 1947-ci ildə oradan çıxarılmışdı. Fransa bu gün də bu istiqamətdə fəaliyyət göstərir. Çünki belə güclü sosial bazaya malik partiyanın bu gün Fransız Polineziyasının həm icraedici, həm də qanunvericilik hakimiyyətində üstünlüyə malik olması Fransa dövlətini ciddi şəkildə narahat edir.
"Tavini Huiraatira" partiyası hazırda ölkənin müstəqilliyinin bərpası istiqamətində fəaliyyətini xarici platformalarda da davam etdirir. Partiya ötən il Qoşulmama Hərəkatının Azərbaycanda keçirilmiş nazirlər iclası çərçivəsində kolonializmlə mübarizəyə dair təşkil edilmiş tədbirdə Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılmasında iştirak edən tərəflərdən biridir. Bu partiyanın nümayəndələri Bakı Təşəbbüs Qrupunun müvafiq komitələrində təmsil olunur, Qrupun dünyanın müxtəlif ölkələrində təşkil etdiyi bütün tədbirlərdə fəal iştirak edirlər. Partiya ilə BTQ arasında əməkdaşlıq haqqında memorandum da imzalanıb. Memorandum gələcək əməkdaşlığın hüquqi bazasının yaradılması istiqamətində mühüm addım olmaqla yanaşı, müxtəlif sahələrdə əməkdaşlığın qurulması üçün yol xəritəsi funksiyasını daşıyır. Onu da qeyd edək ki, "Tavini Huiraatira" partiyasının rəhbər heyəti və nümayəndələrinin mayın 29-dan iyunun 2-dək Bakıya səfərləri çərçivəsində yeni sahələrdə əməkdaşlığın perspektivləri müzakirə ediləcək. Nümayəndə heyəti Milli Məclisdə Fransız Polineziyasına dair elmi konfransa da qatılacaqlar. Yeri gəlmişkən xatırladaq ki, Fransız Polineziyasının müstəmləkəçilikdən azad olunması məsələsi ilə əlaqədar BMT Baş Assambleyasının "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında" Bəyannaməsinin həyata keçirilməsinə dair son on ildə 11 qətnamə qəbul olunub. Hazırda yerli əhalinin qətiyyəti və getdikcə artan dəstək Fransız Polineziyasının müstəqillik mübarizəsində uğur qazanacağına şübhə yeri qoymur.
Alim Hüseynli