Təhlükəsizlik həm də davamlı inkişafın əsas şərtidir-Özəl

Təhlükəsizlik həm də davamlı inkişafın əsas şərtidir-Özəl

"Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə səsləndirdiyi fikirlər təşkilatın malik olduğu geniş potensialın sistemli şəkildə səfərbər edilməsinin vacibliyini ortaya qoydu. Türk Dövlətləri Təşkilatının inkişaf dinamikası diqqət çəkir. Çünki müasir dövrdə iqtisadi dayanıqlıq, enerji və nəqliyyat bağlantıları, demoqrafik üstünlüklər, siyasi sabitlik və təhlükəsizlik qlobal təsir imkanlarını müəyyən edən əsas amillərə çevrilib. Dövlət başçısı çıxışında TDT-nin beynəlxalq arenadakı mövqeyini möhkəmləndirmək üçün öz imkanlarından maksimum istifadə etməsinin zəruriliyini vurğuladı. Bu coğrafiyadan keçən mühüm dəhlizlər Şərqlə Qərb arasında əlaqələrin inkişafında getdikcə daha böyük rol oynayır. Enerji təhlükəsizliyi ilə nəqliyyat bağlantılarının ayrılmazlığı TDT ölkələrinin birgə potensialını daha da artırır". "Olaylar" xəbər verir ki, bunu YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev deyib: "Azərbaycanın bu sistemdəki rolu xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz həm dünya iqtisadiyyatının enerji resursları ilə təmin olunmasında iştirak edir, həm də Mərkəzi Asiya dövlətlərinin enerji resurslarının Xəzər vasitəsilə beynəlxalq bazarlara çıxarılmasında mühüm tranzit imkanları təqdim edir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan üçün bu coğrafi mövqe yalnız iqtisadi üstünlük deyil, həm də regional təhlükəsizliyə töhfə verən strateji amildir. Enerji və nəqliyyat layihələrinin etibarlı işləməsi isə ilk növbədə sabitlik tələb edir. Məhz bu məqam TDT məkanının digər mühüm üstünlüyünü üzə çıxarır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü mürəkkəb beynəlxalq şəraitdə təşkilata üzv ölkələrin ərazilərində sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Belə sabitlik investisiyaların cəlb edilməsi, texnologiyaların tətbiqi və iqtisadi fəallığın artırılması üçün əlverişli zəmin yaradır. Təhlükəsizlik həm də davamlı inkişafın əsas şərtidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31