ABŞ birincisi, öz daxilindəki problemlərə yönəlməlidir-Kazım Kazımov- ÖZƏL

"ABŞ artıq neçə illərdir ki, bu hesabatlarla birlikdə özünün siyasi manipulyasiyalarını açıq şəkildə göstərir. Artıq demokratiya, insan haqları, vicdan azadlığı və digər məsələlər sadəcə təzyiq alətidir". 

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Çünki belə olduğu təqdirdə onlar ölkəyə rahat müdaxilə edə, embarqo tətbiq edə bilirlər. Özlərincə etibarsızlaşdırma siyasəti həyata keçirə bilirlər. Biz tarixdən bunun çox yaxın şahidi olmuşuq. Belə ki, İraqda nüvə silahı olduğunun iddiaları var idi. İraqda heç bir nüvə silahı tapılmadığı təqdirdə ABŞ 20 ilə yaxın bir müddətdə İraqda qaldı. Hətta bu gün də İraqda ABŞ bazaları var. Orta Şərq siyasəti ilə maraqlanan şəxslər bilir ki, bu gün İraq ərazisində ABŞ bazalarının olmağı İraqın heç xoşuna gəlmir. Lakin buna rəğmən ABŞ dünyada "kovboy" siyasət həyata keçirir və Yaxın Şərqi nəzarət altında saxlamaq üçün belə bir şey həyata keçirir. Məsələn, adi bir nümunə gətirək. Qardaş Türkiyəylə bağlı hesabatda Türkiyənin FETÖ Terror Təşkilatı, PKK Terror Təşkilatı və digər terror təşkilatları ilə mübarizəsinə qarşı açıq şəkildə Türkiyəni hədəf alıbdır. Türkiyənin də buna maraqlı cavabı oldu. Birincisi, ABŞ əgər bu məsələlərdən bəhs edirsə, heç də müttəfiqlik ruhuna uyğun olmayan PKK-nın Suriya qolunu ABŞ açıq şəkildə silahlandırır. Türkiyədə dövlət çevrilişinə cəhd etmiş FETÖ Terror Təşkilatının lideri Fətullah Gülən hələ də çox rahat şəkildə yaşayır. Sual vermək lazımdır ki, ABŞ nəyə görə bunları həyata keçirir? Cavabını sualın əvvəlində verdik. ABŞ-nin bu rəyləri heç kim tərəfindən ciddiyə alınmır. Hətta ABŞ-nin ən yaxın Avropa müttəfiqləri belə bunun bir siyasi təzyiq aləti olduğunu bilir. ABŞ birincisi, öz daxilindəki problemlərə yönəlməlidir. ABŞ-də hələ də çox ciddi şəkildə irqçi siyasət davam edir, ordusu hələ də dünyanın müxtəlif yerlərində işğalçı vəziyyətdə qalmağa davam edir, bu gün erməni lobbisini açıq şəkildə dəstəkləyir. Bunlarla məşğul olsa, daha yaxşı olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31