Azərbaycanda kifayət qədər demokratik prinsiplər, demokratiya var-Sahil Kərimli- ÖZƏL
26 Aprel 2024 12:59 Siyasət"ABŞ daima demokratiya dərsi keçməyə çalışır. Dünyanın bəzi bölgələrinə hökmranlıq etmək, ümumiyyətlə müəyyən bölgələrdə öz varlığını, öz siyasi çəkisini qoruyub saxlamaq, öz ambisiyalarını, siyasi aventuralarını həyata keçirmək üçün bu cür demokratiya pərdəsi altında təzyiq vasitələrindən istifadə edir. Daim insan haqları, demokratiya ilə, hansısa guya qanun pozuntuları ilə bağlı müəyyən ölkələr üzərində öz təzyiqlərini qoruyub saxlamağa çalışırlar".
Bu sözləri Olaylar.az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:
"Təbiidir ki, ABŞ-nin Dövlət Departamentinin yaydığı bu cür bəyanatlar, verdiyi açıqlamalar təxribat xarakteri daşıyır. Bunların nə hüquqi əsası, nə də təsiri var. Biz ABŞ, Qərb, Avropanın Azərbaycana qarşı həmişə qərəzli, ədalətsiz mövqeyinin şahidi olmuşuq. Xüsusilə də Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı 30 il müddətində onlar Ermənistana qarşı bir tədbir görmədi, bəyanat vermədi, təzyiq göstərmədilər. Əksinə, biz daima bu konteksdə Azərbaycana qarşı açıq qərəzin şahidi olmuşuq. İnsan hüquqları ilə bağlı dünyanın bütün ölkələrində araşdırmalar aparan, təftişlər aparan və bunu həmin ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə edən ABŞ Azərbaycana qarşı da zaman-zaman bu cür addımlar atıb. Bunun heç bir mənası və nəticəsi olmayıb. Azərbaycanda kifayət qədər demokratik prinsiplər, demokratiya var. Azərbaycan da insan haqları qorunur, söz azadlığı təmin olunur. Bu gün Azərbaycan internetə çıxış baxımından dünyanın ən qabaqcıl ölkələrindəndir. Azərbaycanda media, sosial media, mətbuat azadlığı var. İnsanlar öz fikirlərini rahat şəkildə media üzərindən ifadə edə bilirlər. Yəni Azərbaycanda bu istiqamətdə hər hansısa ciddi qanun pozuntusu, problem yoxdur. Sadəcə olaraq ABŞ, Qərb və Avropa dairələri bunu Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Dövlət Departamenti səviyyəsində müəyyən açıqlamalar veriblər və bu gün də bu proses davam edir. Onlar yaxşı anlayırlar ki, artıq bu vasitə keçmir, bu təzyiq vasitəsinin heç bir nəticəsi olmayıb və olmayacaq".