Japarovun ölkəmizə səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından məhsuldar oldu- ÖZƏL

"Azərbaycan Mərkəzi Asiya və Avropa ölkələri arasında iqtisadi əlaqələrin inkişafında da mühüm rol oynayır. Azərbaycansız bu region ölkələrinin Avropaya çıxışı demək olar ki, mümkün deyil". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Rəşad Mahmudov deyib: "Polyak mənşəli ABŞ politoloqu və dövlət xadimi Zbiqnev Bjezinski bu perspektivi özünün məşhur "Böyük şahmat löhvəsi" adlı kitabında ətraflı təhlil etmişdi. Azərbaycanın həm Şərqlə Qərbin, həm də Şimalla Cənubun qovşağında yerləşməsi onun üçün əlverişli tranzit imkanları yaradır, çünki Şərqdən Qərbə marşrutlar məhz Azərbaycan ərazisindən keçir. 2017-ci ildə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsilə Türkiyə və Avropaya yüklər Qazaxıstandan Xəzər dənizi ilə daxil olur. Daha geniş desək, BTQ Çinin "Yeni İpək Yolu"nun elementidir. Bu kontekstdə Azərbaycan Mərkəzi Asiyanın önəmli ölkəsi olan Qırğız Respublikası ilə də ikitərəfli münasibətləri inamla inkişaf etdirir. Ölkələrimiz arasında münasibətlər hazırda yüksək səviyyədədir və getdikcə yeni məzmunla zənginləşir. Azərbaycan və Qırğız Respublikasını çoxillik tarixi, möhkəm dostluq və qardaşlıq ənənələri birləşdirir. Bu, dövlətlərarası əlaqələrin yeni şəkildə genişləndirilməsi üçün yaxşı imkanlar yaradır. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri də iki ölkə arasında münasibətlərin daha da güclənməsinə kömək edəcək. Ümumiyyətlə, cənab Japarovun ölkəmizə səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından çox məhsuldar oldu. Ondan çox sazişin imzalanması əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi üçün əlverişli hüquqi baza olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31