Belə hesabatlar zaman keçdikcə öz aktuallığını itirməyə başlayacaq-Elçin Xalidbəyli- ÖZƏL
26 Aprel 2024 10:58 Siyasət"ABŞ, Avropa Birliyi və digər Qərb ölkələrində hazırlanan bu tipli hesabatlar birmənalı şəkildə müəyyən hədəflərə hesablanır, məqsədyönlü xarakter daşıyır. Ən əsası, qərəzli məzmun daşıyır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:
"Bütün belə hesabatlarda birmənalı şəkildə hədəf ölkələr olur. O ölkələrə qarşı təzyiq göstərmək üçün həmin ölkələrin barəsində neqativ məzmunlu məlumatlar yer alır. Bütün bunlar artıq hər kəsə məlum olan reallıq olduğuna görə həm ABŞ-nin, həm də Qərbdə fəaliyyət göstərən digər ölkələrin insan haqları ilə bağlı hesabatları, beynəlxalq insan hüquqları ilə məşğul olan qurumların hesabatları hazırda elə də ciddi etibar qazanmayıb. Bu hesabatlara demək olar ki, heç kim inanmır. Bu hesabatlar yalnız və yalnız ABŞ-nin, eləcə də digər Qərb dövlətlərinin maraqları ilə hesablaşmaq istəməyən, müstəqil xarici siyasət yürütmək qərarı verən dövlətlərə qarşı təzyiq məqsədi güdür. Ona görə də, belə hesabatlar yəqin ki, zaman keçdikcə öz aktuallığını itirməyə başlayacaq. Belə bir örnək göstərmək olar ki, ABŞ Dövlət Departamentinin hesabatlarına nəyə görə ABŞ -də insan hüquqlarının kobud şəkildə pozulmasını əks etdirən faktlar yer almır? ABŞ polisi hər xırda hadisədə qaradərili insanların hüquqlarını tapdalayır, hətta onların həyatına qəsd belə edir. Bununla bağlı son bir neçə ildə onlarla faktlarlar, videolar yayılıb. Günahsız qaradərili ABŞ vətəndaşlarının qətlə yetirilməsi ilə bağlı faktlar mövcuddur. Amma nədənsə ABŞ polisinin bu qeyri-insani davranışları insan haqlarının pozulması kimi dəyərləndirilmir. Hətta bu, normal hadisə kimi dəyərləndirilir. Belə hadisələrə görə, demək olar ki, cəzalandırma belə yoxdur. ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı hansısa hesabat hazırlamağa mənəvi haqqı çatmır. Əvvəlcə öz ölkələrində olan insan haqları ilə bağlı kobud pozuntuları aradan qaldırmalıdırlar. Sonra dünyanın digər ölkələrindəki vəziyyətlə bağlı münasibət bildirmək barədə düşünə bilərlər".