Separatçıdan qəhrəman düzəltmək istəyi- ŞƏRH
26 Aprel 2024 10:05 SiyasətYeni "Vardanyan şousu"na start verilib
Qarabağ ermənilərinin, xüsusən Rusiya elitasının persona non qrata elan etdiyi Ruben Vardanyan yenidən siyasi alət kimi ortalığa atılıb. Məlumdur ki, separatçılıqda birbaşa iştirakı olan milyarder Vardanyanın Azərbaycan tərəfindən həbs edilməsi onun biznes ortaqlarının ürəyinə rahatlıq gətirmişdi. Çünki, qanunsuz, çirkli yollarla əldə edilmiş vəsaitin separatçıların dəstəklənməsinə yönəldilməsi heç də bütün şəriklərin ürəyincə deyildi. Hətta bəzi siyasi dairələr gizlətmədən, açıq şəkildə bu barədə mesajlar verirdilər. Belə məlum olur ki, keçmiş separatçı rejimin liderləri də daxil olmaqla Rubenin biznes ortaqları onun azad olunmasında qətiyyən maraqlı deyillər. Başqa sözlə, separatçılar nüfuzlarını, biznes ortaqları isə kapitalını Vardanyanın həbsdə qalmasından daha üstün tuturlar. Belə bir şəraitdə Ruben Vardanyanın azadlığa buraxılması istiqamətində kampaniyaya başlanılması siyasi gedişdən başqa bir şey deyil.
Məlumat üçün qeyd edək ki, Ermənistandakı revanşist qüvvələr və erməni diasporası separatçılara maddi və hərbi dəstək verən Ruben Vardanyanın azadlığa buraxılması məqsədilə genişmiqyaslı kampaniyaya start veriblər. Bütün mümkün imkanlarını işə salan ermənilər bu prosesə hətta dünyanın ən məşhur PR şirkətlərini də cəlb ediblər. Bu isə o deməkdir ki, ermənilərin Vardanyanın azadlığa buraxılması üçün bütün qeyri-əxlaqi, qeyri-siyasi vasitələrə əl atacağı gözləniləndir. Belə məlum olur ki, Vardanyanın azadlığa buraxılması kampaniyası əslində Azərbaycana qarşı aparılan şər-böhtan təbliğatının tərkib hissəsidir. Xatırladaq ki, Vardanyan Qarabağda olanda da bu cür kampaniya təşkil etmişdi, indi isə onun azadlığa buraxılması və "qəhrəmanlaşdırılması" istiqamətində kampaniyaya başlanılıb. Sirr deyil ki, ermənilər bununla köhnə ssenariyə yeni don geyindirməyə çalışırlar. Vaxtlə Vardanyanı separatçıların bütün planlarını alt-üst etməkdə suçlayan, onu Qarabağdan uzaqlaşdırmağa var gücü ilə çalışan siyasi qrup indi onun azadlığa buraxılmasına fokuslanıb. Özü də bundan ötrü ən çirkin variantlara əl atılır. Belə ki, Azərbaycan tərəfi dəfələrlə Vardanyanın saxlanma şəraiti ilə bağlı rəsmi açıqlamalar yayıb, Beynəlxaq Qırmızı Xaç Komitəsi onunla fərdi qaydada görüşlər keçirib, ailəsi ilə telefon danışıqlarına şərait yaradılıb. Lakin, buna baxmayaraq ermənilər tərəfindən ilk addım kimi Vardanyanın "Nobel sülh mükafatı"na namizəd kimi göstərilməsi, bunun ardından onun guya aclıq aksiyasına başlaması, ailə üzvlərinin CNN kimi platformalara çıxışı təmin olunur.
Əslində isə Vardanyanın "Nobel sülh mükafatı"na namizəd kimi göstərilməsi gülünc bir təklifdir. Çünki, Rubenin bölgədə və dünyada sülh və əmin-amanlığın bərqərar olunmasında zərrə qədər də olsun əməyi yoxdur. Vardanyan dünyada separatçı, terrorçu, siyasi dəllal kimi tanınıb. Onun Azərbaycanda separatizmi dəstəkləməsi, Qarabağa qanunsuz gəlişi, terrorçu rejimdə təmsil olunması, silah-sursat alınmasında iştirakı, Azərbaycanın ünvanına hədə-qorxu dolu bəyanatları siyasi dosyesini bəzəyir. Vardanyanın təkcə Azərbaycanda yox, Ukraynada da separatizmə dəstək verməsi, Ukrayna tərəfindən sanksiyaya məruz qalması, ukraynalı deputatların Nobel Komitəsinə etiraz məktubu göndərməsi fakt olaraq ortalıqdadır. Buna baxmayaraq, "Vardanyan şousu"nda ABŞ mediası və PR şirkətlərinin iştirakı, Rusiya təhlükəsizlik orqanlarının agenti olan oliqarxa Qərbin bəzi dairələrinin (USAİD, Samanda Pauer, ABŞ-ın EDELMAN PR şirkəti və s.) dəstək verməsi başa düşülən deyil. Belə məlum olur ki, sadalanan dairələr Vardanyanın separatizmi və terrorozmi dəstəkləməsində maraqlı tərəflərdir. Belə olmasaydı, Vardanyanın pulu müqabilində CNN kimi telekanallar onu "qəhrəman" obrazında təqdim etməzdi. Məlumdur ki, Vardanyan Qarabağa Rusiyanın müvafiq orqanları tərəfindən göndərilmişdi və onu Ermənistanda Paşinyanı devirəcək fiqur kimi "stavka" olunmuşdu. Necə olur ki, ayrı- ayrı ABŞ şirkətləri, rəsmiləri, nəhəng media imperiyaları Qərbin dəstəklədiyi Paşinyana rəqib kimi ortaya atılan rusiyalı oliqarxın təbliğatı ilə məşğul olur? Əslində belə çoxsaylı sualların cavabı elə adıçəkilən dövlətlərin, həmin dövlətləri təmsil edən şirkətlərin Azərbaycana münasibətində tapır. Ancaq, əmin olsunlar ki, heç bir kampaniyaya, heç bir təzyiq və təhdidlərə baxmayaraq Azərbaycanın dövlət və milli maraqlarına xor baxanların hamısı qanun qarşısında cavab verəcək.
Alim