Azərbaycan-Qazaxıstan münasibətləri qədim tarixə malikdir- ÖZƏL

"Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlər qədim tarixə malikdir. Hər iki ölkənin xalqları eyni kökə, mədəniyyətə, ənənələrə sahibdir. Ölkələrimiz arasında əlaqələr davamlı olaraq inkişaf edir. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə şərait yaradır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib:
 "Bu gün dünyada baş verən dərin proseslər bizə yeni  münasibətlər qurmaq üçün tarixi imkanlar yaradır. Biz Türk Dövlətləri Təşkilatını müstəvisində də fəal əməkdaşlıq edirik. Türk dünyasında bu yeni münasibətlər yeni dövrün dövlətlərarası qarşılıqlı münasibətlərinin nümunəsi olmalıdır. Mürəkkəb dövrlərdə güclü liderlər tələb olunur, öz ölkəsini daha güclü, dünyanı isə daha yaxşı etmək üçün məsuliyyət onların üzərinə düşür. Qazaxıstan Prezidenti bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqının rifahı və ümumbəşəri dəyərlər naminə ali məqsədlərə çatmaq üçün göstərdiyi fəaliyyəti, ərazi bütövlüyümüzün bərpası istiqamətindəki qətiyyətli mövqeyini xüsusi qeyd edib. Çox qürurvericidir ki, dövlət başçıları işğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan şirkəti tərəfindən inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Bu fakt qardaşlıq münasibətlərinin növbəti nümunəsidir. Hesab edirəm ki, qarşılıqlı səfərlər, keçirilən görüşlər və imzalanan sənədlər münasibətlərimizi daha da gücləndirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31