Ermənistandakı siyasi qüvvələr xarici havadar axtarışındadır-Tural İsmayılov- ÖZƏL
12 Mart 2024 18:25 Siyasət"Ümumiyyətlə, Ermənistanla vəziyyətin gərgin olmasının səbəblərindən biri həm də Ermənistandakı müxtəlif siyasi qüvvələrin Ermənistan xalqını düşünməməyidir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:
"Bu gün Ermənistan hökuməti öz xalqına nə qədər sayğı duymur və onu düşünmürsə, Ermənistandakı revanşist müxalif qüvvələr də eyni kontekstdə və formada öz xalqına qarşı sayğısız münasibət göstərir. Biz bu gün görürük ki, növbədənkənar parlament seçkilərində xalqı tərəfindən rəzalətə düçar olmuş Ermənistanın revanşist müxalifəti indi növbəti dəfə hansısa bir formada Paşinyanın əleyhinə ictimai ritorikanı gərginləşdirməyə çalışır. Ermənistanın müxalif qüvvələrinin Ermənistanın içərisində və Ermənistandan kənardakı müxtəlif xarici dairələrlə əlaqələrə girməyə çalışdığınızı müşahidə edirik. Faktiki olaraq Rusiyadakı erməni lobbisi hazırda çox aktiv şəkildə Ermənistanın daxilində anti-Paşinyan qüvvələri və koalisiyaları dəstəkləməklə məşğuldur. Eyni zamanda, bütün bunların paralelində həmçinin Ermənistan müxalifəti Fransanın vasitəsilə də əlaqələrini genişləndirməyə çalışır. Ümumiyyətlə, Sorosçuların iqtidara gəlməyindən sonra köhnə hakimiyyət, indiki revanşist müxalifət daha çox xarici qüvvələrdən mədət ummağa başlayır. İstəyir ki, Qərbdən Ermənistan hakimiyyətinə daxil olan qrantlardan və fondlardan pullar həm də Ermənistan müxalifətinə daxil olsun. Çünki, Qərbin imperialist dairələri Ermənistan müxalifətini Rusiyanın əlaltısı hesab etdiyi üçün, indiki dövrdə müxalifətlə çox da əlaqə qurmamağa çalışır. Hər halda hesab edirəm ki, elə hakimiyyətin özünün səhvi burada ondan ibarətdir ki, Ermənistanın içərisində çox ciddi boşluqlar yaradıb və Ermənistandakı siyasi qüvvələr ona görə xarici havadar axtarışındadır".