Fransanın həm daxilində, həm xaricində ciddi problemlərin olması təəccüb doğurmamalıdır-Sultan Zahidov- ÖZƏL

"Ümumiyyətlə, biz bilirik ki, Fransada Emmanuel Makronun hakimiyyəti dönəmində həm daxili siyasətdə, həm xarici siyasətdə bir sıra problemlər yaşanmaqdadır". 

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a  açıqlamasında bildirib:

"Aydın məsələdir ki, xarici siyasət, daxili siyasətin davamıdır. Xarici siyasətin uğurlu olması üçün ilk öncə daxildə də sabitlik vacibdir. Bu baxımdan Fransanın həm daxilində, həm xaricində ciddi problemlərin olması təəccüb doğurmamalıdır. Bilirik ki, Fransa əvvəllər özünün nüfuz dairəsi hesab etdiyi regionlarda öz təsirini itirməkdədir. Afrika ölkələrindən Fransanın çıxarılması bunun əyani nümunəsidir. İstər Burkina-Fasoda, Malidə, istərsə də, Fransanın digər regional təsir dairəsi olduğu ölkələrdə bu gün Fransa əvvəlki tək söz sahibi deyildir. Həmin ölkələrdən artıq Fransa ticarətinin və ümumiyyətlə, fransız dilinin sıxışdırılmasına start verilib. Bundan əlavə Fransanın digər regionlara yönəlik fəaliyyəti, istər Cənubi Qafqaz siyasəti, istərsə də Rusiya-Ukrayna məsələsində vasitəçilik səyləri Makron rəhbərliyinə müsbət hallar gətirmədi. O kiq aldı daxili problemlərə, biz bilirik ki, Fransada bir neçə ildə ciddi sosial-iqtisadi böhran yaşanmaqdadır. Fransız siyasi establişmentinin bu böhranı aradan qaldırmaq üçün təklif etdiyi layihələr, o cümlədən, immiqrasiyayla bağlı qanunverici layihə və digər bu tipli layihələr ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Eyni zamanda, ölkədə tüğyan edən insan haqları ilə bağlı problemlər, işsizlərin sayının çoxalması, ölkənin ümumi iqtisadi göstəricilərinin aşağı düşməsi sözsüz ki, cəmiyyət daxilində böyük rezonansa səbəb olmuş və insanların kütləvi şəkildə meydanlara axışaraq, öz etirazlarını bildirməsinə səbəb olmuşdur. Digər tərəfdən Fransa daxili siyasətinin əsas problemlərindən biri də ölkədəki milli və dini azlıqlara qarşı diskriminativ siyasət, islamafobiya, ksenofobiya, digər xalqların hüquqlarının tapdalanmasını misal çəkmək olar. Elə ən bariz nümunə kimi Korsikadakı etirazları və bu etirazları doğuran fransız siyasi establişmentinin, Makronun rəhbərliyinin korsikalıların hüquqlarına hörmət etməyəcək qərarları qəbul etməsidir. Bütün bunlar onu göstərir ki, Fransa ciddi bir böhrandan keçir və eyni zamanda da Fransanın daxilində mədəni irsə qarşı edilən hörmətsizliklər, bir zamanlar mövcud olmuş Azərbaycan-Fransa dostluq parkında salınan Natəvan heykəlinə qarşı vandalizm bunu göstərir ki, fransız siyasi rejimi ölkəsinin daxilində və xaricində olan problemlərlə adekvat şəkildə mübarizə apara bilmir. Bu da sual yaradır ki, Fransa artıq həm beynəlxalq səviyyədə öz statusunu itirirsə, həm də daxildə ciddi bir problemlər yaşanırsa, Fransa rəhbərliyi öz xalqının maraqlarına nə dərəcədə xidmət edəcək potensiala sahibdir? Fransa Yay Olimpiya oyunlarına evsahibliyi edəcək. Paris bu oyunları keçirmək iqtidarına və imkanlarına malikdirmi? Beynəlxalq arenada bir çox dövlətlərin siyasi establişmentlərdə, akademik səviyyələrdə Fransanın bunu bacarağı ilə bağlı şübhələr yaranmaqdadır. Bu şübhələr açıq-aşkar şəkildə bildirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31