Paris bu addımları ilə öz sonunu gətirir-Züriyə Qarayeva- ÖZƏL
12 Mart 2024 18:18 Siyasət"Son illərdə Avropada islamafobiya meyillərinin şiddətlənməsinin şahidi oluruq".
Bu fikirləri politoloq Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib:
"Bu istiqamətdə ciddi hüquq pozuntularını göstərən hadisələr baş verir. XIII-XIV əsrlərdə Kordova xilafətinə qarşı kilsənin hücumları var idisə, artıq irqçilik və islamofobiyanın əsas carçısı kilsələr deyil, bu kimi əməllərə qurumlar və dövlət səviyyəsində dəstək verilir. Demək olar ki, nasizmin nümayişinin şahidinə çevrilirik. Bu hallara daha çox Fransada rast gəlmək mümkündür. Fransada xüsusən islam dininə qarşı bu cür meyillərin intensivləşməsi, ksenefobiya hallarının artması müşahidə olunur. Burada islam dininə qarşı təxribat xarakterli hadisələr davamlı hal alıb. Quranın yandırılması, məscidlərə qarşı hörmətsizliklər, dini yöndə qadağaların qəbul edilməsi halları sıradan insidentlərə çevrilib. Ən son bununla bağlı Türkiyə prezidentinin də beynəlxalq ictimaiyyətə çağırışı olmuşdu. Bu addımların atılması dünyada artıq İslamafobiyanın daha da intensivləşməsinə yol açan bir vasitədir. İnsan və Vətəndaş Haqları kimi fundamental bəyannamənin müəllifi olan bu ölkə bu gün Monteskye, Russo, Volter, Didro kimi maarifçilərin ruhunu narahat edir. Ən son Natəvanın heykəlinə qarşı vandalizm aktının törədilməsi isə bu siyasətin arxasında həm də müəyyən siyasi maraqlar olduğunu sübut edir. Fransa tarixi türk düşmənçiliyi, şovinizm ideologiyası kontekstində Cənubi Qafqazda yaşananları qəbullanmaq istəmir və proseslərin müsbət dinamikası hiss olunduqca qıcıq mövqeyini fərqli səpkilərdə ortaya qoyur. Ancaq bu addımlar bu ölkənn nüfuzuna xələl gətirməkdən başqa bir işə yaramır. Hər hansı nəticə olsaydı, bacısının yanında sonuna qədər dayanar, işğalçılığın aradan qaldırılmasına mane ola bilərdi. Demək ki, bu addımlarıyla Paris öz sonunu gətirir".