Tokayevin Azərbaycanın işğaldan azad edilmiş ərazisinə səfəri çox mühüm tarixi hadisədir
12 Mart 2024 15:13 SiyasətMartın 11-12-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanda iki günlük dövlət səfərində oldu. Martın 11-də dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib. Qazaxıstan Prezidenti Azərbaycanın suverenliyinin bərpası məsələsində həmrəylik nümayiş etdirərək bildirib ki: "Azərbaycanın tarixi Qələbəsinə, öz əraziləri ilə bağlı suverenliyinin bərpa olunmasına səmimi-qəlbdən sevinirik. Bu Qələbə mahiyyət etibarilə tarixidir və şübhəsiz ki, həm Azərbaycanın, həm də ümumdünya tarixinin salnaməsinin səhifələrinə daxil olacaq."
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı keçirilən görüşlərdə ikitərəfli və regional problematika üzrə bir çox məsələlər,o cümlədən iqtisadi-ticari və investisiya əməkdaşlığının inkişafı, neft-qaz sahəsində əməkdaşlıq, bərpa olunan enerji mənbələri, nəqliyyat-logistika sahələrində, rəqəmsal kommunikasiyalar üzrə əməkdaşlıq, həmçinin mədəni-humanitar sahələrdə əməkdaşlığın geninləndirilməsi və sair bu kimi mühüm məsələlər müzakirə edilib.Müzakirələr zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarının genişləndirilməsi, Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin və enerji kabelinin çəkilməsi, Azərbaycan ərazisindən neft ixracı və sair bu kimi mühüm məsələlərin müzakirəsinə də geniş yer verilib.. Bunlarla yanaşı, qarşılıqlı fəaliyyətin digər məsələləri, o cümlədən beynəlxalq strukturlarda, ilk növbədə BMT və Türk Dövlətləri Təşkilatında birgə fəaliyyətimiz müzakirə edilib.Eyni soy-kökdən olan doğma ölkələri birləşdirən, böyük resurs və inkişaf potensialına malik Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruriliyi bir daha önə çəkilib.
Martın 12-də Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etdilər. Tokayevin Azərbaycanın işğaldan azad edilmiş ərazisinə səfəri çox mühüm tarixi hadisədir.Azərbaycan Prezidenti bu münasibətlə bildirib ki, bu, Qazaxıstanın Azərbaycana qardaş köməyi, hədiyyəsidir və azad edilmiş ərazilərin bərpasına dəstəyidir.İşğaldan azad edilmiş Azərbaycan ərazilərindəki quruculuq işlərində Qazaxıstanın iştirak istəyi və bu yöndə atılmağa başlayan addımlar Azərbaycan-Qazaxıstan münasibətlərində yeni səhifə açır. Bu addımlar bizi birləşdirən layihələrin dairəsini daha da genişləndirəcək. Bu, onu göstərir ki, Qazaxıstan və Azərbaycan həqiqətən strateji tərəfdaşlardır.Qazaxıstan bizim etibarlı dostumuz və müttəfiqimizdir.
Əli Məsimli
Millət vəkili