Azərbaycan dövləti Qərbi Azərbaycanı bəyan edə bilər-Şəbnəm Həsənova- ÖZƏL
12 Mart 2024 13:22 Siyasət"Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində kəndlərlə bağlı məsələnin Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edildiyini bildirmişdi".
Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a olan açıqlamasında bildirib:
"Dövlət başçımız onu da əlavə etmişdi ki, anklav və qeyri-anklav olmaqla bütün kəndlər qaytarılmalıdır. Belə anlaşılır ki, Ermənistanın davranışından asılı olmayaraq nəticə eyni, asılı olaraq isə üsul və metod fərqli ola bilər. Belə ki, qeyri-anklavların qaytarılmasında heç bir şərt olmamalıdır. Yəni, ilkin qaytarılmalı olan dörd kənd müzakirə predmeti belə deyil. Məsələ anklavlarla əlaqədardır ki, bununla bağlı da ekspert qrupu formalaşdırılmalıdır. Ermənistan mahiyyəti kənara qoyaraq, digər məsələlərə meyillənir. Ermənistan Qərbin də dəstəyi ilə Azərbaycanın dayandığı mövqelərdən geri çəkilməsini istəyir. Bu, mümkünsüzdür. Çünki Azərbaycanın durduğu nöqtələrdə heç zaman yaşayış olmayıb.
Sözügedən məsələ Ermənistanın hakimiyyətə yaxın olan Hraparak nəşrində yenidən aktuallıq qazandı və bildirildi ki, baş nazir Nikol Paşinyan parlamentdə görüşü zamanı partiya yoldaşlarına Azərbaycanın ilk növbədə geri qaytarılmasını tələb etdiyi Qazaxın dörd kəndi barədə danışıb.
Azərbaycanın bu məsələni qəti şəkildə qaldırmasının nəticəsidir ki, Paşinyan çıxış olmadığını görərək erməni cəmiyyətini buna psixolji alışdırır. Alt bazis olaraq məhz cəmiyyətdə müzakirəyə belə açıq olmayan məsələlərə həll tapılmağa çalışılması müsbətdir. Çünki nəticədə onsuz da həll olunmalı məsələlərə görə itki verməmək Ermənistan tərəfindən ağıllı, düzgün addım olar. Lakin əlavə olaraq praqmatik yanaşma da ortaya qoyula bilər ki, Ermənistan həm də qazana, bununla da regionda hansısa layihələrə özünün qədəm qoymasını təmin edə bilər. Paşinyanın özü də açıq deyə bilmədiyi məsələləri zaman-zaman komandasına daxil və yaxın olan şəxslər vasitəsilə səsləndirir. Regional layihələrə qoşulmaq niyyətlərini Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini bir müddət əvvəl bildirmişdi. Son olaraq Ararat Mirzoyanın Türkiyənin "TRT World" telekanalına müsahibəsindən də anlaşıldı ki, sərhədlərin açılmasını isəyirlər. Ermənistanın iqtisadi canlanması zəruridir, bu sadəcə onlar tərəfindən dərk edilmir, bunun əksinin təkcə Ermənistana deyil, tərəflərin maraqlarına ziyan vuracağı da aydındır. Nəzərə alsaq ki, Türkiyənin bu məsələdə Azərbaycanın şərtləri nəzərə alınmaqla mövqeyi aydındır, o zaman silaha ehtiyac duyulmayan və onun tətbiqi sadəcə Ermənistana itkilər qazandıran məsələlər müəyyən mübadilələrlə həll edilə bilər.
Lakin bu reallıqlar fonunda xaricdən və daxildən gələn təzyiqlər qarşılığında da Paşinyan manevr çevrəsini geniş tutmaqdan ötrü özünü buraxmış və artıq mövcud olmayan Qarabağdakı qondarma rejimin yenidən baş qaldırmasına çalışır, onlara fəaliyyət üçün şərait təmin etməyə əl atır.
Qərbdən ilhamlanan və qidalanan Paşinyan separatçıların fəaliyyət əhatəsini genişləndirərək onların Qərb təmsilçiləri ilə də görüşlərə can atmasını dəstəkləyir. Bununla da əslində bütün meyili bir istiqamətə yönləndirərək tərəfləri və rıçaqları öz əlində təmərküzləşdirməyə çalışır. Ermənistan həm də onu nəzərə almalıdır ki, bu qəbildən addımların davam edəcəyi təqdirdə Azərbaycan dövləti də Qərbi Azərbaycanı bəyan edə bilər. Bunun üçün kifayət qədər əsaslar mövcuddur.
Reallıq isə reallıqdır, Paşinyanın əli ilə proseslərin tormozlanması və ya geriyə doğru aparılması mümkünsüz, bir o qədər də məhz Ermənistana ziyan olan məsələdir. Siyasi, iqtisadi, hərbi baxımdan paradiqmanın fundamental dəyişdirilməsi mümkünsüz, qısa zamanda bunu mümkün etmək isə dağıdıcı, yıxıcıdır. Sadəcə nəticə deyil, mahiyyət etibarilə də Ermənistana verilən vədlər digər ölkələrə veriləndən fərqli olmayacaq, nəticənin eyni olduğunu isə artıq praktika bir neçə dəfə sübut edib".