Azərbaycanın da, Türkiyənin də Ermənistanın ərazi bütövlüyünə hansısa bir iddiaları yoxdur-Sultan Zahidov- ÖZƏL

"Mən düşünürəm ki, erməni şərhçi Naira Vanyanın bu yanaşması biraz pafosludur". 

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Çünki, Türkiyə-Azərbaycan tandeminin Ermənistanı məhv etmək kimi bir niyyəti yoxdur. Əksinə, Türkiyə-Azərbaycan tandemi Ermənistana rasional seçim etmək üçün şərait yaradır. Ermənistanla nəqliyyat kommunikasiya xətlərinin sərhədlərinin açılması üçün şərait yaradır. Bu halda Azərbaycanla Türkiyədən əlavə Ermənistan da yaralanacaq. Azərbaycanın da, Türkiyənin də Ermənistanın ərazi bütövlüyünə hansısa bir iddiaları yoxdur, əksinə, Ermənistan tərəfindən həm Azərbaycana, həm də Türkiyəyə yüz illər boyu tarixi ərazi iddiaları olmuşdur. Ermənistanın konstitusiyasına baxsaq, orada Azərbaycana qarşı ərazi iddiası olması açıq-aşkar göstərilir. Ermənistanın 1990 və 2000-ci illərdə qəbul etdiyi müxtəlif qanunverici aktlarda Azərbaycana qarşı ərazi iddiaları açıq-aşkar görsənir. Türkiyəyə qarşı ərazi iddiası elə Ermənistanın gerbində Ağrı Dağının təsviri ilə özünü göstərir. Bilirsiniz ki, bu dağ Türkiyə ərazisindədir. Bütün bunlar onu göstərir ki, Ermənistana qarşı Azərbaycan Türkiyədən deyil, əksinə, Ermənistandan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları vardır. O ki, qaldı Naira Vanyanın şərhinə, birincisi Ermənistanın özünün də regionda hamiləri var. Elə onların başında məhz Fransa gəlir. Fransa artıq bir neçə ildir ki, Ermənistanı bütün məsələlərdə dəstəkləmiş, Ermənistana həm iqtisadi, həm hərbi cəhətdən yardımlar həyata keçirmişdir. Digər tərəfdən Ermənistanın ərazisi Böyük Turan yoluna çevriləcəkdir ifadəsinə gələk. Türkiyənin Azərbaycanla bərabər Mərkəzi Asiya ilə kommunikasiya xətlərinin əlaqələrini daha da inkişaf etdirmək fikri var. Bunun üçün də Zəngəzur dəhlizinin açılmasının əhəmiyyəti böyükdür. Amma burada söhbət Turanın yaradılmasından deyil, sadəcə türk dövlətləri arasında inteqrasiyanın daha sürətlənməsindən, genişlənməsindən gedir. Türk Dövlətləri Təşkilatı çərçivəsində bilirik ki, bu prosesə artıq start verilib. Düşünürəm ki, Naira Vanyanın bu açıqlaması daha çox türkafob, azərbaycanafob və qatı şovinist erməni millətçiliyi ideyalarını əks etdirən fikirlərdir ki, bu bir daha onu göstərir ki, Ermənistanda hələ də bu cür şovinist, türkafob insanlar qalmaqdadır. Nə qədər ki, bu cür insanlar var, sözsüz ki, iki ölkə arasında münasibətlərdə irəliləyişə nail olmaq daha da çətinləşəcəkdir. Ermənistan üçün burada ən effektiv seçim yolu türkafob, antiazərbaycan fikirləri kənara ataraq, Azərbaycanla sülh prosesinə konstruktiv mövqe sərgiləməkdir. Fransanın və digər hamilərinin göstərişlərini yerinə yetirməkdənsə, Azərbaycan və Türkiyə tərəfindən uzadılan sülh əlini tutması Ermənistan üçün daha rasional seçim olardı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31