Ermənistan nəzərə almalıdır ki…-Elçin Xalidbəyli- ÖZƏL
4 Mart 2024 20:23 Siyasət"Ermənistanın başına nə gəlirsə, beynəlxalq himayə axtarmaq ucbatından gəlir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli bildirib:
"Əslində, Ermənistan hazırda Türkiyə-Azərbaycan tandemindən qorxmaqdan daha çox Rusiyadan ehtiyat etməlidir. Çünki, hazırda Ermənistan dövlətçiliyinə ən böyük təhlükə Rusiya istiqamətindən gözlənilir. Ermənistan Rusiya ilə münasibətlərini həddindən artıq gərginləşdirib, Qərbə sığınmaq cəhdləri ilə Kremli özünə qarşı qəzəbləndirib. Bu baxımdan hazırda Rusiya Ermənistanla bağlı müəyyən həlledici qərarlar qəbul etmək üzrədir. Kremldə, Rusiya siyasi dairələrində artıq Ermənistanın gələcək taleyi ilə bağlı məsələlər geniş müzakirə olunmaqdadır. Xüsusilə də Ermənistan nəzərə almalıdır ki, ermənilərin indiki Ermənistan ərazisinə köçürülməsi birbaşa Rusiyanın maraqları ilə bağlı idi. Onları Rusiya gətirib yerləşdirmişdi. İndi isə Rusiyaya arxa çevirib Qərbə sığınmaq cəhdləri faktiki Ermənistanı Rusiyanın dəstəyindən məhrum edib və üstəlik Kremldə Ermənistan dövlətinin mövcud olub-olmamasının vacibliyi artıq ciddi şəkildə müzakirə olunur. Kreml də artıq Ermənistan dövlətinin mövcudluğunda o qədər də maraqlı deyil. Yəqin ki, yaxın gələcəkdə bu məsələ ciddi şəkildə öz həllini tapmaq istiqamətinə yönələcək. Belə düşünmək olar ki, Ermənistanın Böyük Turan haqqında dedikləri, Azərbaycan və Türkiyədən olan qorxuları ilə bağlı dedikləri manipulasiyadır. Onlar ağıllı fikirləşirlərsə, Azərbaycan və Türkiyə ilə dost olmağa çalışmalıdırlar. Rusiya təhlükəsindən də xilas olmağın yollarını axtarmalıdırlar. Əsas yollardan biri ondan ibarətdir ki, ABŞ və Qərbin, xüsusilə də Fransanın planlarının içində yer almamalıdırlar".