İştahı ən qabarıq prezident...-Kazım Kazımov- ÖZƏL
22 Fevral 2024 17:11 Siyasət"Bu gün Fransanın düşdüyü vəziyyətə baxmaq üçün əslində, biraz Fransanın uzunmüddətli xarici siyasətibə nəzər yetirmək lazımdır deyə düşünürəm".
Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a olan açıqlamasında bildirib:
"Bilindiyi kimi 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatanda Fransa hər nə qədər qalib ölkə kimi görünsə də əslində müharibədən məğlub vəziyyətdə çıxmışdır. Çünki, Fransa özü öz torpaqlarını alman işğalından azad edə bilməmişdi və nasist Almaniyasından onun torpaqları Anqlo-Amerikan qüvvələrin ortaq iştirakı ilə azad edilmişdir və fransızların buradakı rolu çox məhdud olmuşdur. Fransa alman işğal dövründə, döyüşlər dövründə çox ciddi bir dağıntıya məruz qaldığı üçün ancaq ABŞ-nin Marşal yardımları ilə ayaqda qalmışdır. Həm ABŞ köməyilə torpaqların işğaldan azad edilməsi, həm Qərbin maliyyə dəstəkləri ilə ayaqda qalması Fransanın "qürurunu incitdi". Çünki, özlərini həmişə Avopa kütləsində çox qədim rəqib olaraq gördükləri Almaniya qarşısında məğlub olmuşdular. Bir digər rəqibləri olan ingilislər onları xilas etmişdir, ABŞ isə pul vermişdir. Hansı tərəfdən baxsaq Fransa üçün incidici bir hadisə idi. Buna görə də Fransa xüsusən, Şarl de Qoll dönəmindən başlayaraq Qərbin içərisində özü üçün yol axtarmağa başladı. 1960-cı illərdə onlar NATO-nun hərbi paktından ayrılıb sadəcə müdafiə paktında qaldılar. Fransa hər zaman çalışırdı ki, əlavə yol izləsin. Ancaq bu Fransaya uzun illər qismət olmadı. Çünki, Fransanın heç bir zaman 1800, 1700-cü illərdə olduğu kimi böyük bir qüdrəti bərpa olunmadı. Fransa hər zaman Aİ içərisində də, bütün Qərb içərisində də üçüncü, dördüncü sıralarda olan bir ölkə halına gəldi. Çünki, İkinci Dünya müharibəsindən sonra Fransa əksəriyyət olaraq işğal etdiyi torpaqları itirmişdi və içinə qapalı bir ölkə halına gəlmişdi. Mətbuatın, texnikanın inkişafı ilə də Şimali Afrikada, Asiyada Fransanın törətdiyi qətliamların üzə çıxması və dünya xalqları arasında Fransaya qarşı böyük bir nifrət formalaşmışdı. Belə olan təqdirdə təbii ki, Qərbin dediyiylə oturub-durmaqdan başqa yol qalmırdı. Uzun onilliklər bu proses eyni şəkildə davam etdi. Ancaq xüsusən Soyuq müharibə dövründən sonra Fransa Şimali Afrika, Qafqaz, Mərkəzi Yaxın Şərq kimi bir çox regionlarda aktivləşməyə çalışdı. ATƏT-in Minsk Qrupunun hənsədri oldu, Şimali Afrikada yenidən diplomatik fəaliyyətini gücləndirdi, Afrikada öz xalqlarına zülm edən rejimlərin arxasında durdu. Bu güclənmə prosesi getdikcə Fransa daha böyük istəklərə sahib oldu. İştahı ən qabarıq prezident də Emmanuel Makron oldu. Makron hesab edirdi ki, o artıq dırnaqarası "İkinci Napaleon"dur. Şimali Afrikada, Qafqazda hətta Uzaq Şərqdə aktiv siyasət həyata keçirməyə başladı. Cənubi Qafqazda Qarabağ məsələsində yaxından şovinist Ermənistan qüvvələrini dəstəklədi. Şimali Afrikanın müstəqil olmadığına eyham olaraq açıqlamalar etdi. Mərkəzi Afrikadakı Xunta rejimlərini çox ciddi şəkildə dəstəkləməyə başladı. Uzaq Şərqdə də Avstraliya ilə birlikdə sanki o bölgədə dünyanın qlobal gücü Fransa imiş kimi hərəkət etməyə başladı, ancaq bütün bunlar hamısı iflasa uğradı. Qafqazdakı proseslərə baxdığımızda Azərbaycan Qarabağ məsələsində qəti qələbə qazandı, işğalçı adlananlar torpaqlardan rədd oldular. Azərbaycan bütün dünyaya göstərdi ki, bu gün daxili və xarici çox güclü siyasəti və çox güclü ordusu var. Azərbaycan ordusu parlaq qələbə qazanmış bir ordudur. Beləcə Ermənistan üzərindən Cənubi Qafqazda hakim olmağa çalışan Fransa buradan bir məğlubiyyət aldı. Digər tərəfdən Livamda iqtisadi böhranın olduğu bir dövrdə Fransa çalışırdı ki, Livanda və Suriyada protestlərdə aktiv şəkildə iştirak etsin. Ancaq həm Livanda, həm Suriyada Fransanın bu tələbləri rədd edildi. Hətta Fransa burada antitürkiyə koalisiyasına qoşularaq terror təşkilatı LPP-PKK-nı da aktiv şəkildə dəstəklədi. Ancaq bu da ona heç bir fayda vermədi. Əl Cəzayir başda olmaqla demək olar ki, bütün Şimali Afrika ölkələri, Fransanın bu kobud dilini rədd etdi və ona diplomatik vasitələrlə "həddini bildirdi". Mərkəzi Afrikada isə bilindiyi kimi son 3 ildə baş verən proseslər, inqilablar və digər siyasi proseslər göstərir ki, Mərkəzi Afrika xalqları da bir daha Fransa müstəmləkə siyasətini istəmir və dəstəkləmirlər. Nigeriyada, Burkina-Fasoda və digər Mərkəzi Afrika və Qərbi Afrika ölkələrindəki prosesə baxdığımızda onların Fransa əleyhinə çıxışları, Fransa uranyum satışını dayandırmaqları, Fransa diplomatik missiyalarını və Fransa ordusunu bölgədən qovmağı bunu göstərir ki, Afrika da artıq Fransanın artıq özünü bəyənmiş dilindən məmnun deyil. Ancaq Fransaya ən böyük zərbələrdən biri də elə öz yaxın müttəfiqləri İngiltərə və ABŞ-dən gəldi. Bilindiyi kimi Avstraliya-Fransa arasında çox geniş miqyaslı, 50 milyard dollardan artıq bir dənizaltı anlaşmaları imzalanmışdır. Ancaq burada Fransa və Avstraliya bu planlamanı hazırlayarkən digər tərəfdən ABŞ və İngiltərə Avstraliyayla başqa görüşmələr həyata keçirdi. Avstraliya gördü ki, Fransadansa Amerika və İngiltərə birliyi daha güclüdür, ona görə də Fransayla olan müqaviləsini ləğv etdi. ABŞ-İngiltərə müqaviləsinə qoşuldu. Təbii ki, bunu da qeyd etmək lazımdır ki, hər nə qədər Fransa qeyri-ciddi bir siyasət həyata keçirsə də Amerikanın da bu etdiyi müttəfiqlik ruhuna qarşı bir addım idi. Bu da əslində, ABŞ xarici siyasətinin necə ikiüzlü olduğunu da bir tərəfdən ortaya qoyurdu. Makron hələ də diplomatik oyunları başa düşmür, boyundan çox böyük hərəkətlər etməyə çalışır. Bunun da bir çox səbəbləri var. Birincisi, hesab edirəm ki, həqiqətən də Makronda özünü çox böyük siyasi lider görmə psixi problemi var. Digər tərəfədən o daxildəki "sarı jiletlilər" hərəkatı dövründə və pensiya yaşının artırılması ilə ölkədə başlayan mitinqlər dövründə və bu gün bilirsiniz ki, Fransada yenə çox böyük tətillər var-daxildəki bütün bu problemləri Fransa "xarici siyasət uğurları" ilə ötürməyə çalışır. Ancaq xarici siyasətdə uğur yerinə Fransa məğlubiyyət üzərinə məğlubiyyət alır".