Erməni cinayətləri dünya ictimaiyyətinə müntəzəm çatdırılmalıdır
16 Fevral 2024 11:20 Siyasətİstiqamət: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.
Azərbaycanın əbədi və əzəli ərazisi olan Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində törədilmiş sülh və insanlıq əleyhinə, habelə ağır və xüsusilə ağır cinayətlərin statistikası ölçüyəgəlməzdir. Belə ki, 1988-ci ildən başlayaraq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaşayan Azərbaycan millətindən olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi hərəkətlərlə didərgin salınması, yaşayış məntəqələrində və dövlət obyektlərində maddi sərvətlərin, mədəniyyət abidələrinin talanması və dağıdılması, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verilməsi, beynəlxalq humanitar hüquqla mühafizə olunan mülki və digər şəxslərlə amansız rəftar etmə, azərbaycanlıları milli bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürməklə soyqırım, deportasiya, işgəncə və s. sülh və insanlıq əleyhinə cinayətlər, habelə qəsdən adam öldürmə, təxribat, terrorizm və başqa xüsusilə ağır cinayət hadisələri törədilmişdir.
Qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri, Ermənistan Respublikasından qanunsuz gətirilmiş hərbiçilər və Xankəndində dislokasiya olunmuş MDB-yə məxsus 366-cı motoatıcı alayın hərbçiləri həmin alayın hərbi texnikası - tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar və başqa silah- sursatlardan istifadə edərək, 1988-ci ilin sentyabr ayından 1992-ci ilin əvvəllərinədək olan dövrdə Kərkicahan qəsəbəsini mütəmadi olaraq artilleriya atəşinə tutmuş, azərbaycanlıların evlərinə silahlı basqınlar edib, silahsız, heç bir müqavimət göstərə bilməyən dinc mülki əhalini, o cümlədən qadınları odlu silahlardan atəşlər açmaqla, işgəncələr verməklə vəhşicəsinə qətlə yetirmiş, dövlətə, ictimai idarə, təşkilat və müəssisələrə ziyan vurmuş, əhaliyə məxsus binaları və əmlakı dağıtmış, yandırmış və talan etmiş, nəticədə 16 nəfər Kərkicahan qəsəbə sakini, o cümlədən 3 nəfər qadın qətlə yetirilmiş, Kərkicahan qəsəbəsi tamamilə darmadağın edilmişdir.
2016-cı il aprel hadisələri zamanı Goranboy, Tərtər, Ağdam və Füzuli rayonlarının yaşayış məntəqələrinə və həmin rayonların ərazisində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinin mövqelərinə erməni separatçılarının milli ədavət və düşmənçilik niyyəti ilə yaratdıqları qanunsuz silahlı birləşmələrinin məlum olmayan üzvləri tərəfindən iriçaplı atəş silahlarından və artilleriya qurğularından istifadə edilməklə qəfil hücum təşkil olunmuş, hücumun qarşısının alınması zamanı düşmən tərəfindən iri çaplı silahlardan, minaatanlardan, artilleriya qurğularından, tank və zirehli texnikadan atılmış atəşlər nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir neçə hərbi qulluqçusu qəsdən öldürülmüş, bir neçəsinin sağlamlığına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilmiş, habelə qəsdən öldürülmüş hərbi qulluqçuların meyitləri üzərində təhqiredici hərəkətlər - vandalizm edilmiş, dövlətə, fiziki və hüquqi şəxslərə küllü miqdarda maddi zərər vurulmuş, hücumun qarşısı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri tərəfindən alınaraq əks hücumla Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən Lələtəpə yüksəkliyi və digər ərazilər düşmən işğalından azad edilmiş, düşmənin çoxsaylı canlı qüvvəsi, texnikası və artilleriya qurğuları məhv edilmişdir. Ermənistan özünün təcavüzkar və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə dinc əhalinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmuş, nəticədə Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusu şəhid olmuş, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri almış, o cümlədən cəbhə bölgəsindəki Tovuz rayonu Ağdam kənd sakini həlak olmaqla ümumilikdə mülki əhaliyə mühüm ziyan dəymişdir.
Erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı qanlı cinayət hadisələrini təsdiq edən faktlar bu gün də aktuallığını saxlayır. Bu günlərdə Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1992-ci ilin fevral ayında dinc Xocalı sakinlərinin qətlində iştirakçı olmasını etiraf edən Beqlaryan Rəşid Aramayisi barəsində istintaq olunan cinayət işi çərçivəsində, ifadələrinin yerində yoxlanılması məqsədi ilə istintaq hərəkətləri zamanı Xocalıdan Ağdam istiqamətində hərəkət edən dinc əhalinin Əsgəran qalası yaxınlığında pusquya salınaraq, qətlə yetirilməsi və meyitlərinin həmin qalanın yaxınlığında basdırılması barədə məlumat verib. Araşdırma zamanı işğaldan azad olunan Xocalı rayonunda kütləvi məzarlıq aşkar edilib. Əsgəran qalasının yaxınlığında aşkarlanan məzarlıqda azı 8 insan qalığı var. Qalıqların Xocalı faciəsi zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilir. Məzarlıq konkret olaraq Xocalının Əsgəran qəsəbəsində aşkar edilib. Məlumata görə, Əsgəran qalasının yaxınlığında aşkar edilən məzarlıqda ən azı 8 insan qalığının olması ehtimal edilir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Zaur İsmayılov bildirib ki, Əsgəran qalasının ətrafında kütləvi məzarlıqda tapılan qalıqların Xocalı soyqırımı qurbanlarına aid olduğu ehtimal edilir. Belə halda mümkündür ki, sözügedən ərazidə daha artıq insana aid olan qalıqlar aşkarlansın. Aşkar edilən kütləvi məzarlığa yerli media nümayəndələri ilə yanaşı Serbiya, Türkiyə, Mərakeş, Peru, Uruqvay, Özbəkistan, Bosniya və Herseqovina, Rusiyadan olan 35 nəfər xarici media nümayəndəsi baxış keçirib. Mütəxəssislərin qənaətinə görə, ərazidə davam etdiriləcək axtarış işləri nəticəsində burada yeni insan qalıqlarının aşkar edilməsi gözlənilir.
Bundan əvvəl isə Azərbaycanın işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində növbəti dəfə kütləvi məzarlıq aşkar olunmuşdu. Həmin məzarlıqda məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn edilmiş 12 insan qalığı tapılıb. Geyim və əşyalarına əsasən həmin şəxslərin hərbçi olduqları məlum olub. Həmçinin Şuşa şəhərində Şuşa türməsinin ərazisində kütləvi məzarlıq aşkar edilib. Belə ki, aparılan qazıntı işləri nəticəsində Şuşa türməsi ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkarlanıb. Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində də kütləvi məzarlıq üzə çıxıb.
Bu isə azərbaycanlı hərbi əsirlərin işgəncə verilərək qətlə yetirilməsi ilə bağlı bir çox ifadələri sübut edir. Aşkar edilmiş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, bugünədək taleyi naməlum olan soydaşlarımıza məxsus olduğu ehtimal edilir. Halbuki Ermənistan tərəfi dəfələrlə edilən çağırışlara baxmayaraq, törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətmək məqsədilə həmin şəxslərin taleyi, eləcə də azərbaycanlıların kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırmışdır.
Ümumilikdə Vətən müharibəsindən sonra 10-dan artıq kütləvi məzarlıq aşkar olunub. Bunlar Şuşa həbsxanası və Daşaltı kəndi, Ağdamın Sarıcalı kəndi, Xocavəndin Edilli kəndi, Xocalının Fərrux kəndi, Füzulinin Yuxarı Seyidəhmədli kəndi və Kəlbəcərin Başlıbel kəndi ərazisində aşkar edilən kütləvi məzarlıqlardır. Bu məzarlıqlardan indiyədək 400-ə yaxın insan qalıqları tapılıb.
Təcavüzkar Ermənistan bu kimi təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq kəskin eskalasiya yaratmaqla Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı yönələn açıq qəsdlər etmişdir. Azərbaycanın dinc əhalisinə qarşı yönələn cinayətlər qeydə alınaraq hadisə yerində fəaliyyət göstərən istintaq qrupu tərəfindən müvafiq qaydada sənədləşdirilmiş, erməni hərbçilərinin törətdikləri bəşəriyyət əleyhinə olan cinayət faktlarına dair müvafiq sübutların toplanılması istiqamətində intensiv istintaq hərəkətləri həyata keçirilmişdir. Hazırda müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə müvafiq tədbirlər görülməkdədir.
Aşkar edilən faktlar Ermənistanın 1949-cu il Cenevrə Konvensiyalarının tələblərini kobudcasına pozması və azərbaycanlılara qarşı etnik nifrət siyasəti yürütməsini bir daha təsdiq edir. Ermənistanın insanlıq və bəşəriyyət əlehinə törtədiyi cinayət əməllərinə beynəlxalq ictimaiyyət biganə qalıb. Əslində isə beynəlxalq qurumlar belə müharibə cinayətlərinə adekvat reaksiya verməli, paralel olaraq həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.