Sərhəddəki erməni təxribatının SƏBƏBİ: Moskva sülhməramlılar vasitəsilə yenidən…
12 Fevral 2024 21:07 SiyasətBu gün saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin (DSX) Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb. Təxribat nəticəsində DSX-nin hərbi qulluqçusu əsgər Pərviz Ağakişi oğlu Xəlilzadə yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin aşılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.
Brüsseldə üçtərəfli görüşün keçirilməsi barədə məlumatların yayıldığı, sülh müqaviləsinin imzalanması istiqamətində danışıqların davam etdirildiyi bir dövrdə Azərbaycan-Ermənistan şərti dövlət sərhədində atəşkəsin pozulmasında hansı qüvvələr maraqlı ola bilər? Belə bir təxribatın törədilməsi Ermənistanın hərbi-siyasi rəhbərliyinin nəyinə lazımdır?
Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib ki, son bir neçə gün ərzində Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılması ilə bağlı canlanma müşahidə olunur.

Millət vəkilinin sözlərinə görə, bu, Azərbaycanda keçirilən prezident seçkilərindən sonra ölkəmizin daha da güclənməsi və sülhün əldə olunması üçün bütün vasitələrdən istifadə edəcəyi ehtimalı ilə əlaqədardır: "Buna görə də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən Brüsseldə növbəti üçtərəfli görüşün keçirilməsi təşəbbüsü irəli sürüldü. Dərhal Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və bu ölkənin Azərbaycandakı səfiri Mixail Yevdokimov tərəfindən bununla bağlı müəyyən fikirlər səsləndirildi. Beləliklə də biz danışıqlar platformasının Brüssel və ya Moskvada olması üstündə yenidən hər iki mərkəzin rəqabətə başlamasına şahidlik etməkdəyik. Bu da sülhə mane olur. Əgər diqqət etsək görərik ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin açıqlamalarında ermənilərin Qarabağa təhlükəsiz qayıtması və orada yaşamasına dair fikirlər yer alır. Əslində bu, ermənilərə əvvəlcədən verilən vəddir ki, əgər danışıqlar üçün Moskva platforması seçilərsə, Ermənistan yenidən Rusiyanın orbitinə qayıdarsa, yaxud qalmaqda davam edərsə, Qarabağı tərk etmiş erməniləri Kreml sülhməramlılar vasitəsilə yenidən buraya qaytara bilər. Belə bir fonda Azərbaycan-Ermənistan şərti dövlət sərhədində ermənilərin açdığı snayper atəşi nəticəsində sərhədçimiz yaralanıb. Bu, təsadüfi sayıla bilməz".

Deputat H.Babaoğlunun qənaətincə, son təxribat hadisəsi həm də onun göstəricisidir ki, Ermənistan ordusunda baş nazir Nikol Paşinyanın nəzarətindən kənar olan qüvvələr var: "Onlar xaricdən aldıqları sifarişləri dərhal yerinə yetirə bilirlər. Şübhəsiz ki, Ermənistan ordusunun daxilində kimin nüfuz sahibi olduğunu biz bilirik. Bu, Şimal qonşumuzdur. Belə olan halda Paşinyanın mövqeyinin Rusiya ilə yaxınlaşması müşahidə olunmur, tam əksinə inkişaf edir. İndiyə qədər hökm sürən fasilə müddətində Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin görüşü onu sübut edir ki, tərəflər vasitəçisiz, ikitərəfli qaydada da danışıqlar prosesində irəliləyiş əldə edə bilərlər. Son təxribat isə sülhün əldə olunmasında üçüncü tərfin mane olmasının gstəricisidir. Bu risk hər zaman olub və bundan sonra da sülhün əldə olunmasına qədər davam edəcək. Hətta sülh müqaviləsi imzalanandan sonra da sülhü pozmaq üçün bənzər cəhdlər ola bilər".

Millət vəkili əminliklə vurğulayıb ki, heç nəyə əhəmiyyət vermədən Azərbaycan və Ermənistan sülhə nail olacaq: "Əks təqdirdə, sülh prosesi daha da uzanacaqsa, bu, daha böyük problemlərə səbəb ola bilər. Ermənistan tərəfi bunu dərk etməlidir. Rəsmi İrəvan siyasi iradə nümayiş etdirməyi bacarmalıdır. Paşinyanın xarici mediaya müsahibəsində dilə gətirdiyi kimi, Ermənistanın həqiqətən də siyasi iradəsi varsa, bu fikrində səmimidirsə, buyursun Zəngəzur dəhlizini açsın və beləliklə sülh müqaviləsinin imzalanmasının qarşısında hər hansı maneə qalmasın".