Cənab Əmurullayev, eşidirsiniz? Aygün Sadiq yazır: "Maaş artmaq əvəzinə, azalır.
19:03 SosialCənab Əmurullayev, eşidirsiniz? Aygün Sadiq yazır: "Maaş artmaq əvəzinə, azalır.
Ay camaat, 2028 cccertifikasiyasına girmək istəmirəm. Nə edim? Bu qədər təhqiri, alçaldıcı hərəkətləri götürmək olmur. Təhqir oluna-oluna gedirik. Ərzaqlar baha, maaş stabil. Yüksək bal toplasaq da, yenə maaş artmayacaq. Hələ üstəlik, məxfiliyi ciddi şəkildə pozublar, bu da ictimai nüfuzumuzun enməsinə, ictimai etimadın azalmasına, ictimaiyyətdə bizə qarşı münasibətin mənfiyə doğru dəyişməsinə səbəb olub. Hüquqlarmız kobud şəkildə pozulur.
İstəmirəm bu imtahanı. Uşaq kimi zorla, cəmiyyətin gözü qarşısında sorğu edilməkdən bezmişəm, utanıram, mənim hüququm, şərəfim, qürurum var, götürə bilmirəm hər yoldan keçən adamın bizi müzakirə, təhqir edib ələ salmasını.
Bunlar bizi qırıb azaltmaq istəyirlər ki, statistikasız işlər görüb, qədərindən dəfələrlə çox vakansiya verib tələbə qəbulu edib, indi də səbəbkar olduğu disbalansı bizi qırmaq, işdən qovmaqla neytrallaşdırsın.
P.S. Bir müəllimin bu sözləri sadəcə narazılıq deyil. Bu, illərlə təhsil sisteminin yükünü çiyinlərində daşıyan insanların səbrinin tükənməsinə dair ciddi SOS siqnalıdır.
Müəllim dediyindən belə çıxır: "Maaş artmaq əvəzinə azalır. Ərzaq bahalaşır, həyat bahalaşır, amma müəllimin gəliri eyni qalır. Yüksək bal toplasaq belə, yenə də maaşımız artmayacaqsa, bu imtahanın mənası nədir?"
Cənab Əmurullayev, bu sualı eşitmək lazımdır!
Müəllim onsuz da hər gün sinifdə, məktəbdə, cəmiyyət qarşısında böyük məsuliyyət daşıyır. Onu bir də təkrar-təkrar imtahan, sertifikasiya, ictimai müzakirə və sosial təzyiq qarşısında qoymaq insanın ləyaqətini, psixoloji rahatlığını və peşəsinə olan hörmətini zədələyə bilər.
Əgər sertifikasiya müəllimin peşəkarlığını ölçmək üçündürsə, onda proses şəffaf, ədalətli, ləyaqətə hörmət edən və müəllimi cəmiyyət qarşısında alçaltmayan formada qurulmalıdır.
Müəllimin nəticəsi niyə ictimai tamaşaya çevrilməlidir?
Niyə müəllim yüksək bal topladıqdan sonra belə öz əməyinin real maddi qarşılığını görməməlidir?
Niyə müəllim özünü daim "imtahan olunan", "sorğu-suala çəkilən" və "müzakirə edilən" şəxs kimi hiss etməlidir?
Bir insanın biliyini yoxlamaq olar. Amma onun şərəfini, qürurunu və ləyaqətini sınağa çəkmək olmaz!
Təhsil sistemində müəllimi düşmən kimi görmək olmaz. Müəllim bu sistemin yükünü daşıyan əsas insanlardan biridir.
Əgər sistemdə illər ərzində kadr ehtiyacı ilə bağlı yanlış planlaşdırma, vakansiya və tələbə qəbulu arasında disbalans yaranıbsa, bunun yükünü sırf müəllimin üzərinə qoymaq ədalətli yanaşma deyil. Sistem səhvlərinin məsuliyyəti müəllimin çiyninə yüklənməməlidir.
Cənab Əmurullayev!
Müəllim sizdən imtiyaz istəmir. Müəllim hörmət, ədalət, şəffaflıq və əməyinin layiqli qiymətləndirilməsini istəyir.
Müəllimi qırmaq asandır.
Amma müəllimin qırıldığı yerdə təhsilin özü də zədələnir.
Bu səsi eşidin. Çünki bu, təkcə bir müəllimin etirazı deyil, məktəbdə çalışan minlərlə insanın cavab gözləyən suallarının ifadəsidir.
Müəllim imtahan oluna bilər.
Müəllim qiymətləndirilə bilər.
Amma müəllim alçaldılmamalıdır!