Müharibə ssenarisi Ermənistan üçün ölkənin növbəti faciələrinə yol açacaq-Yusif Bağırzadə- ÖZƏL

"Ermənistanın aktiv şəkildə silahlanması göz önündədir". 

Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a  açıqlamasında bildirib:

"Bir tərəfdən sülh müqaviləsinin imzalanmasına hazır olduğunu deyən Ermənistanın silahlanmağa fokuslaşması onu deməyə əsas verir ki, onların niyyəti regionda gərginlik yaratmağa hesablanıb. 
Məlumdur ki, 2023-cü il ərzində Ermənistan Hindistan və Fransadan silah alınmasına dair bir sıra müqavilələr imzalayıb. Xüsusən, Hindistandan güllə və qumbaradan tutmuş, tank əleyhinə "Konkurs-M" raketləri, 90 ədəd 150 mm-lik "ATAGS" haubitsları, 80 mm-lik artilleriya qurğuları və "Pinaka" yaylım atəşli reaktiv sistemin 4 batareyası alınıb. Hazırda Ermənistan bu ölkədən orta mənzilli "Akaş" zenit-raket kompleksi, pilotsuz uçuş aparatları və onlara qarşı mübarizə sistemləri almaq planları üzərində işləyir.
Bununla yanaşı, Ermənistan Fransadan 3 ədəd GM 200 radar sistemi, 50 ədəd "Bastion" tipli 24 zirehli texnika satın alıb və "Mistral" qısa mənzilli hava hücumundan müdafiə sistemlərinin gələcəkdə alınmasına dair müqavilə imzalayıb. Bununla yanaşı rəsmi İrəvan 2024-cü il üçün 1,4 milyard dollar həcmində təsdiqlədiyi hərbi xərclərinə əlavə olaraq, müdafiə ehtiyacları üçün əlavə 500 milyon dollar rezerv vəsait ayırmağı nəzərdə tutur. Bununla da, Paşinyan hökuməti sosial rifahı təmin etmək yerinə, hərbi xərclərini faktiki olaraq 2 milyard dollar həcminə çatdırıb.
Ermənistanın sürətlə silahlanması və öz hərbi sənayesini inkişaf etdirməsi təbii ki, beynəlxaq bazarlara çıxmaq üçün nəzərdə tutulmayıb. Elə "Mülki müqavilə" fraksiyasının deputatı Armen Xaçatryanın da dediklərindən açıq-aydın məlum olur ki, bu silahlanma Azərbaycan və Türkiyəyə qarşı yönəlib. 
Amma məsələ ondadır ki, Ermənistan hər nə qədər silahlanmağa cəhd etsə də onun hərbi potensialı nəinki Türkiyənin Azərbaycanın hərbi potensialından dəfələrlə aşağıdır. İkinci bir tərəfdən Hindistanın Ermənistana satdığı və ya bundan sonra tədarük etməyə hazırlaşdığı sursatlarla hərbi texnikanın total əksəriyyəti real döyüş şəraitində sınanmayıb. Ümumiyyətlə bir sıra hərbi texnikaya isə Hindistandan ilk dəfədir ki, ixrac olunur. Bu döyüş texnikaları Hindistanda lisenziyalar nəticəsində istehsal olunan, keyfiyyətcə originallardan geri qalan surətlərdir. Keyfiyyət baxımından həmin silahlar və hərbi texnika ABŞ, Avropa İttifaqı ölkələri, hətta Rusiya və Çində istehsal edilən analoqlarından xeyli geri qalır.
Bu Fransadan alınan silahlara da aiddir. Fransanın Ermənistana verdiyi "Bastion" zirehli transportyorları da döyüş şəraitində çox qısa müddətdə və asanlıqla sıradan çıxarılaraq zərərsizləşdirilə bilən texnikadır.
Bütün bunlara rəğmən Ermənistanın sürətlə silahlanması, ciddi hərbləşmə siyasəti aparması onu deməyə əsas verir ki, rəsmi İrəvanın sülh prosesinə ciddi yanaşdığını iddia etməsi siyasi manipulyasiyadan başqa bir şey deyil. 
Ermənistan anlamalıdır ki, müharibə ssenarisi Ermənistan üçün ən pis olandır və bu ölkənin növbəti faciələrinə yol açacaq. Ermənistan üçün gələcəyin və inkişafın yolu müharibədən yox, regionda yaranan reallıqları həzm etməkdən, qonşularla, ələlxüsus da Azərbaycan və Türkiyə ilə əməkdaşlıq qurmaqdan keçir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31