Qərb siyasi dairələri üçün Cənubi Qafqazda münaqişə ocağının qalması daha sərfəlidir-Elçin Xalidbəyli- ÖZƏL

Qərb siyasi dairləri adətən vərdiş ediblər ki, dünyada baş verən bütün proseslər onların nəzarəti və icazəsi çərçivəsində baş versin. Ancaq Azərbaycan bu "ənənəni" 2020-ci ildə pozdu".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib:

"Onların icazəsi və nəzarəti olmadan Azərbaycan ordusu beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycan dövlətinin ərazi bütövlüyünü bərpa etdi. Təbii ki, bu hadisələr, Azərbaycanın bu qədər özünəinamla davranaraq öz ərazi bütövlüyünü bərpa etməsi Qərb siyasi dairlərində məmnunluqla qarşılanmayıb. Üstəlik, Qərb siyasi dairələri üçün Cənubi Qafqazda münaqişə ocağının qalması daha sərfəlidir. Çünki, münaqişə ocaqları həmişə onun iştirakçılarına kənar təsirləri təmin edən mexanizm rolunu oynayır. Avropa Birliyi, ABŞ və digər Qərb siyasi iradə mərkəzləri də maraqlıdılar ki, Cənubi Qafqazda Azərbaycan-Ermənistan münaqişəsi hələ uzun davam etsin ki, onlar bu regionda öz maraqlarını təmin etmək üçün həm Azərbaycana, həm də Ermənistana təzyiq etmək mexanizmini qoruyub, saxlaya bilsinlər. Ancaq son proseslər onu göstərir ki, Qərb siyasi dairələri, xüsusilə də Avropa Birliyi, Avropa Şurası Parlament Assambleyası və s. bu kimi qərəzli beynəlxalq qurumların bütün səylərinə baxmayaraq, Azərbaycanla Ermənistan istənilən halda sülh sazişini imzalamaq şansı qazanacaqlar. Çünki, iki tərəfli danışıqlar yekun nəticədə belə imkanları yarada bilər. Avropa Birliyinin təmsilçisi Cozep Borrelin verdiyi açıqlamalar da məzmun etibarı ilə Cənubi Qafqazda sülh prosesini pozmağa, Cənubi Qafqazda Avropa Birliyi üçün təzyiq mexanizmlərini saxlamağa yönəlik açıqlamalardır. Ancaq bu da açıq şəkildə görünür ki, Cənubi Qafqazda sülh prosesini pozarkən belə Qərb siyasi dairələri, o cümlədən Avropa Birliyi ermənipərəst mövqeyə üstünlük verirlər. Bu ermənipərəst mövqe ilə də onu göstərirlər ki, Cənubi Qafqazdakı öz maraqlarını məhz Ermənistan üzərindən təmin etmək niyyətindədilər. 
Bütün bu proseslər bir müddət belə davam edə bilər və Azərbaycana qarşı təzyiq göstərmək cəhdləri ola bilər. Ancaq bu cəhdlərin nəticə verəcəyinə inanmaq bir qədər çətindir. Çünki, Azərbaycan artıq onların təzyiq göstərə biləcəyi dövlətlər kateqoriyasına aid deyil. Azərbaycan həm siyasi, həm hərbi, həm də iqtisadi cəhətdən kifayət qədər inkişaf edib və xarici təsirlərə müqavimət gücünü artırıb. Azərbaycan kimi inkişaf etməkdə olan, öz hərbi qüdrətini maksimum səviyyədə inkişaf etdirən ölkələrə kənar təsirlərin göstərilməsi kifayət qədər çətin məsələdir. Bu baxımdan, Avropa Birliyi də, Qərbdəki digər qərəzli beynəlxalq qurumlar da Azərbaycana nə qədər təzyiq etsələr də, bunun yekun nəticəsi olmayacaq. Çünki, müşahidələr onu göstərir ki, Azərbaycan hər təzyiq cəhdinə dərhal uyğun reaksiya ilə cavab verir, müqavimət göstərir. Rəsmi Bakının bu müqavimət siyasəti, müstəqil siyasət yürütmək mövqeyi dəyişməz olaraq qalacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31