Bu bəyanat ya Parisdən, ya da Brüsseldən idarə olunur - ÖZƏL

"Avropa Birliyinin Bakıdakı missiyasının məlum bəyanatında ifadə olunan fikirlərə, mətləblərə yox, onun arxasında dayanan amillərə diqqət yetirmək daha faydalı olar. Çünki məsələnin elə mahiyyəti məhz bu bəyanatın arxasında dayanan amillərdədir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib. 

"Biz bu bəyanata heç bir tərəddüd etmədən son aylarda Azərbaycanla bağlı müxtəlif Avropa strukturlarından gələn məqsədyönlü təzyiq addımlarının bir davamı kimi baxmalıyıq. Elə bir müddət bundan əvvəl Fransa senatı Azərbaycanla bağlı qətnamə qəbul elədi və bu qətnaməni çox maraqlıdır ki, hətta Avropanın təhlükəsizlik məsələləri belə, həyatı mənafeyinə daxil olan məsələlər belə müzakirəyə çıxanda senat birmənalı şəkildə yekdilliklə səs vermədiyi halda, Azərbaycanla bağlı çıxarılan bu qətnaməyə, demək olar ki, bircə nəfər əleyhinə getməklə hamısı Azərbaycanın ziyanına səs veriblər. Bu, bir daha göstərir ki, əslində, Avropa strukturlarında Azərbaycana qarşı bir qərəz yatır. 

Ötən ay Avropa Parlamenti elə bu günlərdə Azərbaycanla bağlı Qarabağ ermənilərini əldə bəhanə tutaraq reallığa uyğun olmayan qərəzli və təzyiq xarakterli bəyanat qəbul etmişdi. Fransa parlamentinin senatının isə bu səpgidən qəbul etdiyi bəyanatların az qala sayı hesabı itib. Bütün bunlar deməyə əsas verir ki, Avropa strukturlarında Azərbaycana qarşı hesablanmış sistemli bir siyasət aparılır. Avropa Birliyinin Bakı nümayəndəliyinin missiyasının isə bu məlum bəyanatı həmin silsilədən olan bir faktdır, ortaya çıxıb. Çünki orada elə məsələlər var ki, bunlar nəinki reallığa uyğun gəlmir, hətta tamamilə yanlışdır. O mənada ki, dünyanın müasir ölkələrində şüşə qəfəslərin arxasında insanların saxlanması heç bir qəbahət sayılmır. Ona görə ki, qara dəmirlərin, dəmir barmaqlıqların, armaturların arxasında saxlamaqdansa, hər halda şüşə qəfəsin arxasında saxlamaq, mühafizə etmək daha sivil bir yanaşmadır və müasir dünyanın penitensiar sistemində şəffaf qutular, şəffaf qəfəslər artıq qəbul olunmuş bir şeydir. Amma Avropa Birliyinin missiyasının bu məsələnin ətrafında belə ajiotaj yaratmağa çalışması və onu xüsusilə ciddi bir təzyiq üsulu kimi qələmə verməsi reallığa uyğun deyil və əslində Avropa Birliyinin Azərbaycanda olan qalan nüfuzuna da ciddi bir zərbədir. 

Mən şübhə eləmirəm ki, bu bəyanat ya Parisdən, ya da Brüsseldən idarə olunur. Bunun arxasında Brüsselin, Parisin Azərbaycana, xüsusilə, 2023-cü ilin sentyabrından sonrakı münasibətini əks etdirən bir siyasət dayanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31