Azərbaycan ərazilərinin işğal altında olması normaldır, amma bunu ermənilərə etmək olmaz?-Əli Mustafa- ÖZƏL
24 Yanvar 2024 20:28 Siyasət"Avropa İttifaqının son vaxtlar bəlli bir istiqamətlə seçildiyini müşahidə edirik. Ermənistanın bir mənalı müdafiə olunması və Azərbaycana qarşı bəzən qərəzli, bəzən də üstüörtülü eyhamlarla iradların bildirilməsi diqqəti cəlb edir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa qeyd edib:
"İlk öncə bunun səbəbinin nə ola biləcəyini aydınlaşdırmalıyıq. Anlaşılan odur ki, Avropa İttifaqı bu gün Ermənistanda olduğu qədər Azərbaycanda rahat hərəkət edə bilmir. Bunların ən vacib məsələsi maraqları, istənilən məsələni diqtə edə bilmək imkanlarıdır. Görünür, Ermənistanı daha rahat diqtə edirlər. Bu baxımdan, sanki, Ermənistana özlərinə yaxın bir dövlət kimi baxırlar.
İkinci səbəb odur ki, biz Avropa İttifaqının bir "xristian klubu" olduğunu bilirik. Ona görə də, uzun illər orda türkə olan münasibətlər və son vaxtlar 3 Cənubi Qafqaz dövlətinin üzvlüyə qəbul edilməsi məsələsi var idi. Amma görürük ki, Gürcüstan və Ermənistanla bağlı müəyyən işlər gedir, Azərbaycan isə sanki, o proseslərdən qıraqdadır. Hətta bir formada "yad" kimi görünür. Bunlar bir müsəlman ölkəsinin, Azərbaycanın bir sıra məsələlərdə müstəqil qərarlar verməsini, ya da hər deyiləni etməməsini qəbul edə bilmirlər.
Vacib məsələlərdən biri də odur ki, beynəlxalq qurumlar, təşkilatlar daha çox psixoloji hücumla müəyyən məsələlərə nail olurlar. Bu müstəvidə qanunlar, normativlər yoxdur. Sadəcə olaraq təzyiq yolu ilə qoyulan hədəflərə çatmaq mümkündür. Ona görə də, sanki, Azərbaycanla bağlı Avropa İttifaqının hədəflərində nə varsa, ona təzyiqlər vasitəsiylə nail olmağa çalışlar.
Biz bunu da düşünməliyik ki, bizim üçün bəzən haqq, ədalət və s. nəticə çox önəmlidir. Amma bu Qərb və avropalılar üçün elə deyil. Onların dünya görüşü, siyasətə baxışları bir qədər fərqlidir. Baş verənlər onlar üçün bir prosesdir, yəni davamlı təzyiq edib, sonunda nələrəsə nail olmaq. Onlar dünyanı son 200 ildir bu cür idarə edirlər. Təzyiqlərlə Azərbaycandan hansısa vədlər, güzəştlər əldə etməyə çalışırlar.
Güney Qafqaz da çox ciddi məqam və strateji mövqedir. Azərbaycan da bir müsəlman və Türk dövlətidir. Bir müsəlman dövlətinin güclənməsi onların maraqlarına uyğun deyil. Bununla barışmaq istəmirlər və hər fürsətdə bir növ "hədələmək"lə sanki, bizə yerimizi göstərirlər. Psixoloji təzyiqin bir tərəfi də odur ki, dövlətlərin, millətlərin özgüvəninin qarşısını alırlar. Düşünürlər ki, nəzarətdən çıxsa, birazdan buranı idarə etmək mümkün olmayacaq. Dünya ağalığı bunların istəklərinin gerçəkləşməsi üçün mütləq bunların öncülüyünü qəbul etməlidir. Bunun üçün də davamlı olaraq qarşı tərəf aşağılanmalıdır, tənqid olunmalıdır. Bu da vacib bir prosedurdur.
Burda ərazi bütövlüyü məsələsi qoyulanda açıq qoyulmur. Konkret nə demək istədiklərini bildirmirlər. Azərbaycanın əraziləri 30 il ərzində işğalda olub və bunların da səsi çıxmayıb. Azərbaycan ərazilərinin işğal altında olması normaldır, amma bunu ermənilərə etmək olmaz? Burda ikili standart, ayrıseçkilik məsələləri görünür.
Azərbaycan son vaxtlar 8 kəndlə bağlı məsələlər ortaya qoyur, bu əslində normaldır. Avropa İttifaqının müəyyən prinsipləri, dəyərləri var. Azərbaycan öz ərazi bütövlüyünü istəyir və Ermənistan qanunsuz olaraq Azərbaycan ərazilərini işğal edib. Normalda onlar Ermənistana səslənməlidirlər ki, Qarabağdan çıxmırdın, başa düşdük, səni çıxardılar. İndi bu 8 kəndi də ver ki, münaqişə yaranmasın. Normalda ərazi bütövlüyü prinsipi, sərhədlərin toxunulmazlıq prinsipi bunlar üçün önəmlidirsə, anladıqları bir şeydirsə, onda bu gün Ermənistana irad tutulmalıdır ki, bu əraziləri qaytar. Azərbaycana irad tutulursa, bu Avropa İttifaqının da, Borrelin də yalnış mövqedə olduğunu ortaya qoyur. Düşünürəm ki, biz də öz həqiqətlərimizdə israrlı olmalıyıq və hər fürsətdə onların haqsız olduğunu sübutlarla ortaya qoymalıyıq".