Erməni lobbisinin maliyyəsinin qurbanına çevrilən Avropa parlamentariləri üçün müqəddəs heç nə qalmayıb
20 Oktyabr 2023 13:26 SiyasətAzərbaycanın 44 günlük Vətən müharibəsində qələbə əldə edərək torpaqlarını işğaldan azad etməsi və regionda yeni reallıq yaratması, təəssüf ki, Qərbdə, Avropada o qədər də xoş qarşılanmadı. Başda Fransa olmaqla bəzi Avropa ölkələri Ermənistanın məğlubiyyətini həzm etməyərək onu yenidən silahlandırmağa, revanşizmə sürükləməyə çalışırlar. Elə bu günlərdə erməni baş nazirin Avropa Parlamentində təmtəraqla qarşılanması, ona demokrat donunun geyindirilməsi də məhz buna hesablanıb. Yəni, qısacası Cənubi Qafqazda maraqlarının təmin edilməsi istəyində olanlar yenidən regionda gərginlik yaratmaq, Azərbaycanla Ermənistan arasında yeni müharibəyə yol açmaq istəyirlər. Elə politoloq Azər Qasımov da bu qənaətdədir. Onun sözlərinə görə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin edərək bütün torpaqlarında bayrağını dalğalandırması regionda Qarabağ kartı üzərindən oyun oynayan qüvvələrin planlarına böyük zərbə vurdu. Politoloq deyib ki, Qarabağ kartı birdəfəlik bağlandı və tarixin zibilliyinə atıldı:
"Ermənistan istəməsə də belə, inkişafında mənfi rol oynayan bu problemdən qurtulmaqla yeni bir dövrə qədəm qoydu. Bu dövrün qapılarını Ermənistan üçün Azərbaycan araladısa, içəriyə daxil olub, içəridəkilərlə inteqrasiya etmək onun əlində olacaq. Ermənistan bir yükdən istəməsə də xilas oldu. İndi onun gələcəyi verəcəyi sonrakı qərarlardan asılı olacaq. Ya regionda mövcud olan və yeni formalaşdırılan layihələrə qoşularaq təcrid olunmaqdan çıxacaq, ya da formalaşıb başa çatacaq bütün proyektlərdən kənarda qalıb sürünməyə, necə deyərlər region üçün "izqoy" (qovulmuş) ölkə olmağa davam edəcək. Bunları dəyərləndirmək üçün isə Ermənistana verilən vaxt azdır. Nə region, nə də beynəlxalq proyektlər Ermənistanın nazı ilə oynamağı gözə almaz və almayacaq. Region ölkələri Ermənistansız da bu proyektlərin başa çatması yollarını artıq hesablayıb, hətta buna başlayıblar".
Azər Qasımov deyib ki, Ermənistan Baş naziri Paşinyanın özünü Qərbpərəst kimi göstərməsi hələ ki, davam edir:
"O, Avropa Parlamentində çıxış edərək Azərbaycan əleyhinə fikirlər işlədib, etnik təmizləmədən danışıb, sonra isə Azərbaycanla ilin sonuna kimi sülh bağlanmasının mümkün olduğunu qeyd edib. Ziddiyyətli fikirlərdən sonra Paşinyanın nə etmək istədiyi hələ ki, bəlli olmasa da, təxmin etmək olar ki, o, hələ ki, oyun oynamağa davam edir. Görünən odur ki, Paşinyan Avropa Parlamentinin erməni diasporasının pulları hesabına Azərbaycana qarşı fəaliyyət göstərən parlamentarilərinin yanında özünü rahat hiss edir. Paşinyanın özünü sərbəst hiss etdiyi yer Avropadır. Burda onu demokrat, sülhə çağırış edən sülh quşu kimi qələmə verən dairələr var. Təsadüfi deyildir ki, Paşinyan Avropada getdiyi hər yerdə sülhdən danışır, Azərbaycanın ərazisinin 86,6 km olduğunu tanıdıqlarını və sülh müqaviləsi imzalamağa hazır olduğunu deyir. Qranadada keçirilən və Azərbaycan tərəfinin iştirak etmədiyi görüşdə belə qeyd edilənləri bildirən bəyanatı imzalamışdı. Bir sözlə, Azərbaycansız Azərbaycana ərazi cızır, hansıki Azərbaycanın ərazisinin neçə kv.km olacağını dəqiqləşdirmək hələlik gələcəyin işidir".
Politoloq deyib ki? Paşinyanın Avropa Parlamentində çıxışı zamanı alqışlarla qarşılanması onun hansı məziyyətlərinə görə bunun edilməsi sualını ortaya qoyur:
"AP-də çox insanlar çıxış edib. Bunlar arasında Ermənistanın keçmiş prezidenti Sarkisyan da olub. Bu, həmin çıxışdır ki, Sarkisyan Xocalı soyqırımını etdiklərini etiraf egərək: "azərbaycanlılar elə fikirləşirdi ki, biz bu qırğını etmərik, amma biz bunu etməklə bu stereotipi qırdıq və azərbaycanlıların müqavimətini qırmağa nail olduq"- demişdi. Dəqiq mətn bu olmasa da, məna eynən bu idi. Avropa Parlamentinin üzvləri onda da həmin çıxışa əl çalmışdılar yəqin. Bu, həmin Avropa Parlamentidir. Yüzlərlə öldürülmüş uşaq, qadın, qoca demədən güllələnmiş, az sonra isə öldürülənlərin başlarının dərisi soyulmuş insanların qatilinin etiraflarını adi qarşılayıb ona əl çalan parlament".
Azər Qasımov daha sonra bunları qeyd edib:
"Azərbaycan dövlətinin öz ərazisində antiterror tədbirləri ilə torpaqlarını separatçı-terrorçu dəstələrindən təmizlənməsini "etnik təmizləmə" adı ilə bir sıraya qoyan Avropa Parlamenti. Avropa dövlətlərnin dinc əhali hesab etdikləri ermənilərin böyük əksəriyyətinin - qocalarının birinci Qarabağ, cavanlarının isə ikinci Qarabağ müharibəsi iştirakçısı, həbs edilən və məhkəməsi gedən Vaqif Xaçaturyan kimi cani olduğu gerçəyini bir kənara atıb, Xaçaturyanın azad edilməsi və təhvil verilməsini tələb edən bəyanat verməşi əsl ikiüzlülük və siyasi fahişəlikdir. BMT-nin əraziyə iki dəfə missiya göndərməsi zamanı bir erməninin yox, heç küçədə gəzən itlərin belə burnunun qanamadığını görən nümayəndə heyyətinin verdikləri hesabata baxmayaraq Azərbaycanın keçirdiyi antiterror tədbirlərində tək insan haqlarının yox, hətta heyvan haqlarının belə qorunduğu, bir heyvansvər təşkilatın belə fakt tapmadığı bir durumda Qərbin insan haqlarının pozulmasından, əhalinin köçədə zorlandığından danışılımasının tək izahı korrupsiyaya bulaşmış parlament üzvlərinin maddi maraqlarıdır. Erməni lobbisinin maliyyəsinin qurbanına çevrilən Avropa parlamentariləri üçün müqəddəs heç nə qalmamışdır".
Politoloq deyib ki, bu, özünü İsrail-HƏMAS qarşıdurması fonunda dünyanın gözü qarşısında eynən azərbaycanlıların başına gətirilən faciələr kimi sadə fələstinlilərin öldürülmlsinə baxmayaraq Avropa İttifaqının İsraili dəstəkləmələrində də görünür: "Məsələ bu münaqişədə kimin haqlı və ya haqsız, hansı səbəblə olmasından çox uşaq və qadınların kütləvi şəkildə öldürülməsinə biganə qalmaq və edilənlərə doğruluq donu geyindirilməsindədir. Əslində indiki məqamda belə hadisələrin olması sözün müəyyən mənasında yerinə düşdü. Avropa iyirmi birinci əsrdə əsl etnik təmizləmə necə olur öz kor gözləri ilə gördü. Bunu İsarail onlara əyani göstərdi. Yüz min erməninin öz xoşu ilə ərazidən sakit şəkildə çıxıb getməsi əgər etnik təmizləmədirsə, onda bir milyon iki yüz mindən çox, hətta iki milyona yaxın sivil insanın raketlər, bombalar altında məhv edilməsi, yaralanması fonunda açıq şəkildə Qəzzanın şimalından cənubuna qovulmasının elan edilməsi və bunun həyata keçirilməsi onda bəs nədir? İsrailin terror hücumuna cavab vermək haqqı olduğu halda, on illərlə Azərbaycan vətəndaşlarının öldürülməsinə, basdırılmış minalara düşərək həlak olmasına Azərbaycan dövlətinin sonda dözməyərək antiterror tədbirləri keçirməsi Avropa üçün hansı məntiqlə qəbuledilməz olmalıdır? Avropa bir halda bunu doğru hesab edir, İsrailin özünümüdafiə hüququnun olduğu kimi qəbul edir, məsələ Azərbaycan olunca bu, insan haqlarının pozulması, etnik təmizləmə olur, xüsusən də, həmin köç dünyanın gözü qabağında olub. Azərbaycan gedən bütün ermənilərə qalmalarını, onların təhlükəsizliyinə qarantiya verildiyini və Azərbaycan vətəndaşı kimi burada təhlükəsiz şəkildə yaşaya biləcəyini canlı efirlərdə bir başa sərhəd məntəqəsində gedən ermənilərə bəyan etdiyi halda. Görünən odur ki, Avropa ölkələrinin dərdi tək ermənilərin köçü deyil. Avropanı narahat edən başqa faktorlar var. Avropa Azərbaycanın qələbəsini, uğurlu siyasətini, uğurlu hərbi əməliyyatını qəbul edə bilmir. Son yüz ildə dünyada heç bir ölkə öz ölkəsindəki bu səviyyədə formalaşmış, hərbiləşmiş və beynəlxalq dəstəyə malik olan separatçı qurumun fəaliyyətinə son qoyub, öz ərazi bütövlüyünü təmin edə bilməyib. Bunu Azərbaycan bacarıb. Həm də bir Türk dövləti olaraq. Avropanın isə türklərə qarşı olan dözümsüzlüyü, fobiyası məlum məsələdir, xüsusən də, Azərbaycanın yanında Türkiyənin adı hallanırsa. Hesab etmək olar ki, Avropanın saxta erməni sevgisinin arxasında türklərə qarşı olan öz daxili yaraları dayanır. Erməniləri tarixən türklərə düşmən edən Avropa indi də həmin siyasətini davam etdirir. Osmanlı qorxusu Avropanın canından çıxmayıb. Türk adı gələndə onların ağlına Osmanlı gəlir. Osmanlı isə Türkiyə ilə assosiasiya olunur. Bu da onlara kabus görməyə bəs edir. Əslində Avropa zehniyyəti qorxaqdır. Onların türklərə qarşı tək silahı var idi, bu da ermənilər idi və ermənilər üzərindən oynanılan erməni kartı, erməni məsələsi, saxta soyqırım məsələsi idi. Artıq bu kartlar getdikcə onların əlindən alınır. Avropanın Azərbaycana və Türkiyəyə təzyiq üsulları azalır. Odur ki, yeni kartlar formalaşdırmaq istəyirlər, etnik təmizləmə kimi".
Azər Qasımov qeyd edib ki, Azərbaycan dövləti erməni əhalinin geri qayıtmasının hər zaman mümkün olduğunu qeyd edib. Amma artıq şərtlər dəyişib:
"Vaxtilə Qarabağ ərazisində erməni əhali yaşayanda Azərbaycan dövlətinin Ermənistandan qovulmuş azərbaycanlıların geri qaytarılması məsələsini qaldırmasına ciddi baxmayan həm Avropa, Qərb, həm də Ermənistan indi Azərbaycanın şərtlərini qəbul etməyə məcbur olacaq. Azərbaycan ərazisində nə qədər erməni qayıdıb yaşayacaqsa, Ermənistan ərazisinə də bir o qədər azərbaycanlı qayıdıb yaşayacaq. Bu olmayacaqsa, digəri də olmayacaq. Bunların hamısı danışıqlar predmeti və sülh olacaqsa, sülh müqaviləsinin şərtləri olacaq. Burada Azərbaycan üçün bir nüans vardır ki, buna mütləq əməl edilməlidir. Qarabağdan vaxtilə qovulmuş azərbaycanlıların ilk növbədə birinci olaraq öz evlərinə qayıtması, onların yerləşdirilməsindən sonra isə əgər ermənilərdən qayıdan olacaqsa onların yerləşdirilməsi baş tutmalıdır. Məsələ ondadır ki, azərbaycanlıların dağıdılmamış evlərində yaşayan ermənilər geri qayıdanda orda əvvəl yaşamış azərbaycanlı ilə problem olmasın deyə ilk növbədə azərbaycanlılar öz evlərinə yerləşdirilməlidir. Məsələn Xankəndidə. Əvvəl erməniləri yerləşdirib sonra azərbaycanlıları yerləşdirsələr, gələn azərbaycanlı öz evindən ermənini çıxarmağa məcbur olacaq. Bu da narazılıq yaradacaq. Ermənilərin əlinə onların sıxışdırılması, evlərindən yenidən çıxarılması, Azərbaycan dövlətinin verdiyi sözlərə əməl etmədiyi görüntüsü yaradacaq. Buna görə, əgər sonra gələn ermənilərdən əvvəl azərbaycanlı evində yaşayan varsa və artıq orda ev sahibi azərbaycanlı yaşayırsa, onda həmin ermənini başqa evlərdə məskunlaşdırmaq lazımdır. Onsuz da boş evlər çox olacaq. Əslində erməniləri ayrı məhəllələrdə yerləşdirmək daha məqsədə uyğun olar. Bilinər ki, bura erməni məhləsidir. Azərbaycanlıların Ermənistanda yaşadığı kəndlərin çox hissəsi isə indi də boşdur göründüyü qədər. Onların yenidən tikilib azərbaycanlı əhaliyə verilməsi isə Ermənistanın üzərinə düşəcək. Amma hesab edirəm ki, əhalinin qarşılıqlı olaraq yaşayış yerlərinə qayıtması indiki dövrdə mümkün görünmür. Bunun üçün uzun zaman lazımdır. Müəyyən zaman keçəndən sonra tədricən bunu etmək olar. Şəxsən hesab edirəm ki, bu da mümkün olmayacaq. Ermənilər bundan sonra bir də Azərbaycana yaşamağa gəlməzlər. Tək bir şeyə görə ermənilərə sağ ol demək olar, o da Qarabağdan öz xoşları ilə çıxıb getdiklərinə görə. Hesab etmək olar ki, onlar bunu azərbaycanlılara etdikləri otuz illik zülmə görə utandıqları və vicdan əzabı çəkdikləri üçün ediblər və buna görə azərbaycanlıların üzlərinə baxmağa üzləri olmadığını hesab ediblər. Amma bu da bizim düşüncəmizin məhsuludur. Ermənilərin beynində hansı fikirlərin dolaşdığını bir özləri bilər. Ən azı qorxu faktoru erməniləri bir də Azərbaycanda yaşamağa imkan verməz. Qoy belə də olsun!".
Süleyman İsmayılbəyli