Paşinyanın və komandasının Ermənistanı Rusiyadan qovmaq cəhdləri - ÖZƏL

Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaq və nəticə etibarilə ümumilikdə Cənubi Qafqazdan sıxışdırmaq planı yeni plan deyil". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. O bildirib ki,  Paşinyan hələ hakimiyyətə gəlməzdən öncə məhz bu mövqeni müdafiə etdiyi üçün ABŞ və Qərb dairələri tərəfindən dəstəkləndi:

"Yəni, Paşinyanın hakimiyyətə gətirilməsində onun anti-Rusiya mövqeyində olması önəmli rol oynamışdı. Odur ki, indi Paşinyanın və komandasının Ermənistanı Rusiyadan qoparmaq cəhdləri və Qərbə üz tutmasını konkret öhdəlik kimi qəbul etmək olar.

Rusiya da bunu görür və elə məhz o səbəbdəndir ki, 44 günlük savaşdan sonra Ermənistana təsir imkanlarını saxlamaq üçün Qarabağ kartından istifadə edir. Rusiya yaxşı dərk edir ki, Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırması və sülh sazişinin imzalanması təkcə Qarabağdan sülhməramlı kontingentin çıxarılmasına deyil, həm də Ermənistandakı Rusiya hərbi bazasının çıxarılmasına təkan verəcək".

Politoloq deyib ki, amma Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatları, daha sonra Avropa İttifaqı və ABŞ-ın vasitəçilyi ilə aparılan danışıqlarda bu mövqeni bir daha təsdiq edərək faktiki olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması Rusiyanı çıxılmaz vəziyyətə salıb: "Belə ki, Rusiya artıq Qarabağ kartından istifadə etməklə Ermənistana təzyiq imkanlarını itirir. Ermənistanı özünü arxa bağçası hesab edən Rusiya təbii ki, bu ölkənin Qərbin qucağına oturmasına, ABŞ-la birgə təlimlər keçirməsinə göz yuma bilməz və yummayacaq da".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31