Qırmızı Xaç Komitəsinin fəaliyyəti Azərbaycanın legitim hüquqlarına tamamilə ziddir - ÖZƏL
3 Avqust 2023 15:03 Siyasət"Azərbaycan Prezidenti cənab İlham Əliyev "Euronews"-a müsahibəsində bir çox istiqamətli məsələlərə toxunub. Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsinin qanunazidd fəaliyyətləri, Azərbaycandan Azərbaycan vətəndaşlarının qanına əli batmış cinayətkarların, canilərin müalicə adı altında ölkədən çıxarılması, ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə müxtəlif məhsulların gətirilməsində iştirakı ilə bağlı məsələlərə toxunub və açıq şəkildə bəyan etdi ki, Qırmızı Xaç Komitəsinin Xankəndindəki ofisi bu günə qədər də Bakıdakı ofisə deyil, İrəvandakı ofisə tabedir və bu Azərbaycanın legitim hüquqlarına tamamilə ziddir. Çünki beynəlxalq hüquq mövcud reallıqlar, eləcə də mütərəqqi dünya ictimaiyyəti Qarabağı Azərbaycanın əraziləri kimi qəbul edir. Hətta Ermənistan lideri belə bunu etiraf edib".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Anar Əliyev deyib.
"Belə bir halda Azərbaycanın sərhədləri daxilində istənilən beynəlxalq təşkilata aid ofis, onun ərazisində olan əsas ofisə tabe olmalıdır. Digər ölkə ərazisindəki hər hansı bir ofislə tabeçilik və digər institusional əlaqələrin qurulması həmin dövlətin daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, beynəlxalq hüququn norma və prinsipləri birmənalı şəkildə heç kimə dövlətlərin daxili işlərinə müdaxilə etmə, dövlətlərin ərazi bütövlüyü və dövlət suverenliyinə xələl gətirə biləcək hər hansı bir addımlarda iştirakını birmənalı şəkildə qadağan edir. İndiki halda isə Qırmızı Xaç Komitəsinin fəaliyyəti Azərbaycanın suveren dövlət hüquqlarının və daxili işlərinə müdaxilə etməmək kimi beynəlxalq hüququn prinsiplərinə ziddiyyət təşkil etdiyini görürük.
Digər tərəfdən, BMT nizamnaməsinin II maddəsinin 4-cü hissəsində tələb olunan şərtlər Qırmızı Xaç Komitəsi tərəfindən atılan addımlarla ziddiyyət təşkil edir. Eyni zamanda, 1992-ci ildən Azərbaycanda bölgədə fəaliyyət göstərən Qırmızı Xaç Komitəsi ilə 1996-cı ildən imzalanmış qarışıqlı fəaliyyət haqqında razılaşmaya, müqavilənin 12-13-cü bəndlərinə əsasən, Azərbaycanın beynəlxalq hüquqla tanınan haqlarına qarşı hər hansı bir fəaliyyət göstərmək tamamilə qadağan olunub. Eyni zamanda, Azərbaycanın daxili işlərinə və suveren hüquqlarına müdaxilə kimi qiymətləndirilə biləcək addımlardan da Qırmızı Xaç Komitəsi uzaq durmalıdır, bu istiqamətdə addımlara imkan, yol verməməlidir. Amma təəsüf ki, baş verən hadisələr, eyni zamanda, Ermənistan və onun havadarlarının bölgədə sülh prosesinin formalaşmasına maneçilik törətmək məqsədilə yaratdıqları informasiya şousunda Qırmızı Xaç Komitəsi bu gün də təəsüf ki, bir alət kimi çıxış edir.
Ermənistan və onun havadarları 23 aprel tarixindən Azərbaycanın Laçın yolunda nəzarət buraxılış məntəqəsi təmin etdikdən sonra Azərbaycanın Qarabağ bölgəsindən erməni sakinlərin Ermənistanla əlaqəsinə məhdudiyyət qoyduğunu, onların blokadaya alındığını, ciddi humanitar böhran yaranması ilə bağlı informasiya şousu həyata keçirməyə çalışırlar. Amma elə həmin müddət ərzində 2000-dən artıq erməni dinc sakinin Ermənistana keçidinin Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən onların nəqliyyat vasitələri ilə həyata keçirildiyi haqqında hesabatlar yayılıb. Amma çox təəssüf ki, bitərəfliyini, heç bir halda siyasi proseslərə müdaxilə etməməyi öz nizamnaməsində əks elətdirən Qırmızı Xaç Komitəsi Ermənistanın bu yalan informasiyanın qarşısında Ermənistanın və havadarlarının həyata keçirdiyi bu haqsız, yalan informasiya şousuna əks mövqe ortaya qoymur və blokadanın mövcud olmadığını Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitələri ilə yüzlərlə, artıq 2000-dən çox erməni dinc sakinin ölkədən çıxışına və girişinə imkan yaradıldığı haqqında məlumat sərgiləmir. Bütün bunlar onu göstərir ki, əsas mərkəzi ofisi Fransada yerləşən Qırmızı Xaç Komitəsi də çox təəsüf ki, beynəlxalq neon imperialist qüvvələrin əlinin altında bir alətdir və ayrı-ayrı dövlətlərə, ayrı-ayrı bölgələrə baş verən münasibətdə beynəlxalq hüququn prinsiplərindən çıxış edən, beynəlxalq hüququn prinsiplərinə uyğun addımlar atan Beynəlxalq Qırmızı Xaç Komitəsi təəssüf ki, bölgəmizə, Azərbaycanın haqlı mövqeyinə münasibətdə tamamilə əks mövqe, ziddiyyətli yanaşma sərgiləyir. Bu isə Qırmızı Xaç Komitəsinin bitərəfliyini, siyasi proseslərə müdaxilə etməmə öhdəliyini sual altına alır. Mən hesab edirəm ki, Azərbaycanın Qırmızı Xaç Komitəsinin Xankəndindəki ofisinin Bakı ofisinə tabe olmaqla tələbi legitimdir, beynəlxalq hüququn prinsiplərinə, Qırmızı Xaç Komitəsinin nizamnaməsinə eyni zamanda, Qırmızı Xaç Komitəsi ilə Azərbaycan dövləti arasında imzalanmış 1996-cı il müqaviləsinin tələblərinə uyğundur və əks mövqe Xankəndi ofisinin İrəvan ofisinə tabeçiliyi, bundan sonra da tabeçiliyi qeyd etdiyim razılaşmaların kobud şəkildə həmin təşkilat tərəfindən pozulması kimi qiymətləndirilməlidir və buna uyğun da adekvat addımlar atılacaqdır".