"Əli azərbaycanlıların günahsız qanına batanların hər birinin sonu bu cür olacaq"- ÖZƏL
3 Avqust 2023 13:39 Siyasət"Xaçaturyanın həbsi cinayətin heç vaxt cəzasız qalmayacağı ilə bağlı klassik deyimin həqiqət olduğunu təsdiqlədi. Xaçaturyan insanları məhz azərbaycanlı, müsəlman, türk kökənli olduğuna görə qətlə yetirib. Buna görə də cəza alması qaçınılmaz idi. Bu cinayətlər 32 il əvvəl törədilib. Xaçaturyan və onun kimilər aradan keçən uzun zamandan sonra cinayətin cəzasından yaxa qurtaracaqlarını düşündükləri bir zamanda saxlanılırlar. Ona görə də onlar bütün addımlarını ölçməli idilər. Xaçaturyanın Laçın postunda ələ keçməsi tarixi əhəmiyyətli hadisədir. Azərbaycanın dövlət və ictimai mənafeyi baxımından hadisə olduqca önəmlidir. Xaçaturyanın ələ keçirilməsi Azərbaycanın kompleks şəklində həyata keçirdiyi tədbirlərin real nəticəsidir. Laçın keçid məntəqəsində həmin gün İrəvana getmək istəyən yüzlərlə erməni arasında təkcə Xaçaturyan saxlanıldı. Bu, təsadüfi deyil. Azərbaycan dövlətinin bu illər ərzində apardığı sistemli tədbirlərin sayəsində həbs gerçəkləşdi. 15-20 il əvvəl Xaçaturyanın cinayətləri vaxtında Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən ortaya çıxarılmasaydı, lazımi hüquqi addımlar atılaraq ona qarşı cinayət işi açılmasaydı, 2013-cü ildə Xaçaturyan beynəlxalq axtarışa verilməsəydi, bu gün onu həbs etmək mümkün olmazdı".
Bu sözləri "Olaylar"-a "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
"Hətta, o bu postdan yayına bilib başqa ölkəyə belə getmiş olsaydı, gec-tez ifşa olunacaqdı. Azərbaycan hakimiyyəti bu ilin aprelində Laçında ciddi bir addım olan postun quraşdırılmasını həyata keçirməsəydi, Paşinyanın cəlladlarını ifşa etmək mümkün olmazdı. Laçında keçid məntəqəsi olmasaydı, onlar 30 ildən çox olduğu kimi rahat şəkildə Xandəndiyə, İrəvana gedib gəldikləri kimi sərbəst hərəkət edəcəkdilər. Belə halda Meşəli və s kimi onlarla faciənin qurbanı olan azərbaycanlıların ruhu heç zaman şad olmazdı.
Zamanında Xaçaturyan və onun kimilər Azərbaycan hakimiyyətinin təslim olmaq təklifini qəbul etsəydilər, cəzaları xeyli dərəcədə azala bilərdi. Təəssüf ki, onlar özlərinə arxayın olub, ədalətdən yayına biləcəklərinə inandılar, eyforiya içərisində oldular. Təkcə Xaçaturyan yox, əli azərbaycanlıların günahsız qanına batanların hər birinin sonu bu cür olacaq. Onlar, öz cəzalarını tapmasalar, Azərbaycan xalqı heç zaman rahat ola bilməz. Xocalının, Meşəlinin və.s faciələrin qatilləri gec-tez tapılacaq, cinayət məsuliyyətinə cəlb olunacaq. Dünyanın bir çox ölkələrində bu cür hadisələr olub. Yəhudilərə qarşı İkinci Dünya müharibəsində Hitlerin həyata keçirdiyi vəhşiliklərə cavab olaraq İsrail höküməti bu qətliamlarda əli olan bütün faşistlətə lazımi cəzaları verdi. Hətta, cinayətkarların bir çoxları İsrail hüquq mühafizə orqanları tərəfindən dünyanın müxtəlif ölkələrindən tapılıb, İsrailə gətirildi. Mən heç şübhə etmirəm ki, Azərbaycan təhlükəsizlik orqanlarının təslim olmayan erməni cəlladlarını dünyanın istənilən yerində tapmağa gücü çatacaq. Necə ola bilər ki, başda Köçəryanlar, Sarkisyanlar olmaqla bir çoxları azərbaycanlıları qətlə yetirsinlər, insanlıq düşüncəsinə sığmayan cinayətlər törətsinlər, ancaq, hələ də azadlıqda olsunlar?
Belə cinayətkarların qanunla məsuliyyətə cəlb olunması, lazımlı cəzanı alması üçün istənilən üsuldan istifadə olunması həm insanlara, həm də Allaha xoş gedər. Ona görə də belə cinayətkarların cəzalandırılması uğrunda Azərbaycan dövlətinin siyasəti davam etdiriləcək. Hələ də gec deyil özləri də təslim ola bilərlər. Elə bilməsinlər ki, ölüb yaxa qurtara bilərlər. Onların ölüsü də, dirisi də cinayətə görə hesab verəcək. Onlar, Xaçaturyanın həbsindən nəticə çıxarmalıdır. Əks halda Azərbaycan xalqının, dövlətinin onlara qanuni cəzası çox ağır olacaq".