Laçına yürüş edəcək ermənilər arasında terrorçular da ola bilər - ÖZƏL
3 Avqust 2023 12:42 Siyasət"Ermənistan hakimiyyəti üzdə sülh görüntüsü yaratsa da, reallıqda sülhdən çox-çox uzaqdır və İrəvan öz ənənəvi əməllərini, təxribatlarını davam etdirir. Xankəndindən Laçına doğru dinc yürüş adı altında nəzərdə tutulan aksiya da bu təxribatların tərkib hissəsidir".
Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, sözügedən təxribatın ssenarisi əslində İrəvanda hazırlanıb:
"Dünəndən KİV-lərdə yayılan xəbərlərdə bildirilir ki, Qarabağın erməni əhalisinin avtobuslarla Laçın postuna doğru yürüşü təşkil olunacaq. Əslində isə bu təxribatın müəllifi Paşinyan hakimiyyətidir. Sözügedən təxribatın iştirakçılarının Qarabağın erməni əhalisinin olduğu iddia edilsə də, Laçın postuna doğru hərəkət edəcək şəxslərin içərisində terrorçuların, qeyri-qanuni silahlı dəstə üzvlərinin olacağı istisna edilmir. Ona görə də Xankəndindən Laçına doğru hərəkət edəcək ermənilərin olduğu avtobusları ümumiyyətlə nəzarət buraxılış məntəqəsinə yaxın buraxmaq lazım deyil. Onların içərisində silahlı şəxslərin olacağı və təxribat törədəcəkləri istisna deyil".
Arzuman Muradlı hesab edir ki, bütün bunları nəzərə alaraq Laçın nəzarət buraxılış məntəqəsində təhlükəsizlik tədbirləri daha da gücləndirilməli, bir nömrəli səviyyəyə qaldırılmalıdır6
"Çünki düşmən çox təhlükəlidir və istənilən addımı atmağa hazırdır. Ona görə də düşmən təxribatına qarşı daha hazırlıqlı olmalıyıq".