Ermənistanda möcüzə baş verəcəyinə inanan revanşist qüvvələr at oynatmaqda davam edirlər - ÖZƏL
3 Avqust 2023 11:07 Siyasət"Prezident İlham Əliyev Şuşada "Euronews" televiziyasına verdiyi müsahibədə ona ünvanlanan sualları cavablandırarkən bir məqama diqqəti yönəldib ki, Azərbaycan xalqı və dövləti beynəlxalq hüquq normalarına hörmətlə yanaşır, cəmiyyətdə bərabər imkanların və hüquqların qorunmasına öz töhfəsini verir. Eyni zamanda ölkəmizin ərazi bütövlüyü, suveren hüquqlarımızın qorunması isə bizim qırmızı cizgimizdir. Bu cizgini kiminsə keçməsinə imkan verilməyəcəkdir". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyevin sözlərinə görə, ölkə başçısı ikinci Qarabağ müharibəsindən sonra baş verən proseslərə aydınlıq gətirərək qeyd edib ki, "Biz sülh üçün hazır idik və əslində bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər. Anladıq ki, bu, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi. 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Sonra yenə boşluq yarandı. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir. Bu təklifi biz masa üzərinə qoyduq. Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq. Deməzdim ki, hər şey çox rəvan gedir. Biz hələ də nikbinik, çünki hazırda biz hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində çox fəal danışıqlar aparırıq."
Sərhədlərin müəyyən edilməsi, demarkasiya prosesinin bu qədər uzanmasının günahkarı kimdir? Əlbəttə ki, Ermənistan. Bəyanatda göstərilməsinə baxmayaraq Azərbaycanın hələ də Ermənistanda qalan anklavlarının qaytarılmaması, şərti sərhəddə törədilən təxribatlar bunun sübutudur. Cənab Prezident sülh sazişinə vasitəçilik edən hər bir tərəfi təqdir etdiyini bildirmiş, bunun vasitəçilərin kimliyi ilə baş tutacağının o qədər də önəmli olmadığını qeyd etmişdir. Əsas odur ki ortada nəticə olsun. Təəssüf ki o nəticə hələ görünmür və Ermənistan davranışları ilə göstərir ki sülhə hazır deyil. Hələ də orada nə isə möcüzə baş verəcəyinə inanan revanşist qüvvələr at oynatmaqda davam edirlər".