İlham Əliyevdən Ermənistan hökumətinə xəbərdarlıq

Azərbaycan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi cəmiyyətimizə inteqrasiyasında qərarlıdır

Azərbaycan Prezidenti İlham Əliyev Şuşada "Euronews" televiziyasına verdiyi müsahibədə regionumuzda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işləri ilə bağlı fikirlərini açıqladı. Ümumilikdə dövlət başçısı regionda baş verən hadisələri, bu hadisələr ətrafında cərəyan edən siyasi proseslər barədə məlumatı dünya dövlətlərinə aydın şəkildə çatdırdı. Dövlət başçısı qeyd etdi ki, "əgər Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, konstruktivlik nümayiş etdirsə, sülh sazişinin yaxın vaxtlarda imzalanması mümkündür".  Millət vəkili Sahib Alıyev bildirib ki, "Euronews"un əməkdaşı cənab İlham Əliyevdən onunla intervünü izləyəcək haylara nə demək istədiyini soruşanda bu sualın ilk növbədə məhz Ermənistandan deportasiya edilən azərbaycanlıların öz torpaqlarına qayıtmalı olduqlarının xatırladılmasıyla cavablandırılacağını yəqin ki, çoxu və elə onu verənin özü də gözləmirdi: "Dövlət baçşımızın onun ardınca səsləndirdiyi digər fikirlərdən gəldiyim nəticə isə belədir ki,  Qarabağda haylarla haydillilər qalıb yaşamaq istəməsələr belə o, azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına  qayıtmaları üçün əlindən gələni əsirgəməyəcək.  Diqqət edin, cənab Prezident nə deyir: "Ermənilərə görə bizə qarşı döyüşməyə hazır olan kimsə varmı? Mən buna şübhə edirəm. Mənim konkret olaraq bu vəziyyətdə Ermənistan hökumətinə artıq çatdırdığım başqa bir mesaj ondan ibarətdir ki, onlar üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır". Yəqin fikir verdiniz, sonuncu cümlədə təkcə Qarabağla, Şərqi Zəngəzurda etnik təmizləmə ilə üzləşənlərin yox, bütün azərbaycanlıların, yəni Ermənistandan deportasiya edilənlərin də  öz torpaqlarında yaşamaq hüququnu tanımaqdan başqa hayların çıxış yolları olmadığı vurğulanır.Və cənab Prezident bu sözləri Qarabağdakı separatçılar Azərbaycan dövlətinə tabe olmayacaqları halda indiki vəziyyətin onların xeyrinə dəyişməyəcəyini bildirdikdən sonra deyir. Vəziyyətin hayların xeyrinə dəyişməyəcəyinin nə anlam daşıdığı isə dövlət başçımızın "Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər" xəbərdarlığında öz əksini tapıb. Beləliklə,  cənab İlham Əliyevin bu açıqlamaları onu göstərir ki, uzaq da yox, orta perspektivdə  Ermənistanla danışıqlar predmeti  məhz Qərbi Azərbaycanlıların öz doğma yurd yerlərinə  dönmələri olacaq. Bir daha xatırladırıq ki, bu, Qarabağdakı haydillilərin orada qalıb-qalmamalarından asılı olmayaraq baş verəcək. Orasını da deyək ki, Qərbi Azərbaycanlılar təkcə Göyçə ilə  Zəngəzurda yaşamırdılar, orada digər yurd yerlərimiz də var və oralara qayıdış məsələsi də daim gündəmdə olmalıdır. Bu bizə həm də qarşı tərəfin növbəti xam xəyallara düşməməsi, düşərsə, onları nə gözlədiyini dərk etmələri üçün lazımdır".

Millət vəkili Musa Qasımlı bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi nümayəndələrinin bir müddət sonra Laçın sərhəd-keçid məntəqəsindən keçməklə əvvəlki cinayətkar fəaliyyətlərinin  dayandırılacağına və yeni marşrutun işə düşəcəyinə əminlik yarandı: "Ermənistanın korrupsiya şəbəkəsinə bulaşan bu şəxslər Komitənin emblemindən sui-istifadə edərək  erməni terrorçularını, separatçılarını xəstə adı altında Azərbaycandan çıxarmağa cəhd edirlər, ərazimizə qanunsuz yüklər daşıyırlar. Cənab Prezident İlham Əliyevin "Euronews" kanalına müsahibəsində dediyi sözlər  Komitə üçün  yaxınlarda Bakı-Xankəndi marşrutunun açılacağından  xəbər verir: "...bu yük maşınlarının üzərində Qırmızı Xaçın emblemi var idi və sürücülərin uniformaları üzərində də emblemlər var idi. Beləliklə, yol yenidən bu şəkildə bağlanıldı və biz Qırmızı Xaç Komitəsindən buna son qoyulmasını və bizimlə daha konstruktiv işləməsini xahiş etdik. Çünki əfsuslar olsun ki, bu günə kimi onların Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Hətta Ermənistanın baş naziri dəfələrlə "Qarabağ Azərbaycandır" söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir." Unutmayaq ki, dövlət başçımız indiyədək nəyi deyibsə onu da edib".

Prezident İlham Əliyev müsahibəsində Ermənistan hökumətinə və Qarabağda yaşayan ermənilərə mesaj verdiyini deyən deputat Fatma Yıldırım qeyd edib ki,  Azərbaycan dövləti Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi cəmiyyətimizə inteqrasiyasında qərarlıdır: "Bu xüsusda, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaqla bağlı Ermənistan öz öhdəliklərinə ciddi şəkildə riayət etməlidir". F.Yıldırımın sözlərinə görə, hazırda Ermənistan və Qarabağda qondarma rejim guya bölgədə "humanitar böhranın" olduğunu iddia edərək şou-aksiyalar təşkil edir. Onların məqsədi beynəlxalq birliyi aldatmaq və Laçın-Xankəndi yolundan istədikləri kimi istifadə etməkdir. Çünki aprelin 23-də bu yolun Ermənistanla sərhədin başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması rəsmi İrəvanın və Qarabağ separatçılarının yoldan qanunsuz məqsədlər üçün istifadə etmələrinin qarşısını aldı. Bundan sonra Ermənistan və Qarabağdakı separatçı rejim beynəlxalq ictimaiyyəti aldatmağa çalışır ki, guya Qarabağda dinc əhali guya blokada şəraitində və humanitar "böhranla" üzləşib: "Lakin bütün bunlar əsassızdır. İlk növbədə xatırlatmaq lazımdır ki, bu qüvvələr heç vaxt dinc əhalini düşünmür, yalnız özlərinin maraqları baxımından çıxış edirlər. Separatçı rejimin rəhbərliyi yalnız özlərinə sərvət toplamaqla, lüks həyat şəraiti yaratmaqla məşğul olublar. İşğal dövründə Şuşada üç villanın tikilməsi də bunu təsdiqləyir. Azərbaycan humanitar məqsədlər üçün Qarabağ ermənilərinə Ağdam-Xankəndi yolunu təklif edib. Lakin separatçılar bu yolu bağlamaq məqsədilə həmin yola beton plitələr düzüblər. Təkcə bu fakt onların sülhdən uzaq olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, "Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm". Göründüyü kimi, nüfuzlu "Euronews" televiziyasına dövlət başçımızın müsahibəsi regiondakı proseslərlə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb edir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31