Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir
1 Avqust 2023 11:49 Siyasət"Ulu Öndər Heydər Əliyevin ana dilimizin respublikada dövlət dili statusuna yüksəlməsi istiqamətində atdığı cəsarətli addımlar tarixi əhəmiyyət kəsb edən təşəbbüs idi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, 1970-ci illərin ortalarından başlayaraq Sovet İttifaqına daxil olan respublikalarda yerli dillərin sıxışdırılması kampaniyası daha da intensivləşdirildi: "Xüsusilə də SSRİ-nin yeni Konstitusiyasının qəbulundan sonra bütün ölkə ərazisində rus dilinin hüquqlarının genişləndirilməsi məqsədilə "vahid dil" siyasəti daha geniş şəkildə təbliğ olunmağa başlandı. Təbii ki, yaranmış şəraitdə müttəfiq respublikalarda ana dilini təbliğ etmək çox riskli və təhlükəli idi. Bu səbəbdən respublika rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdən çəkinirdilər. Təkcə 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik edən Heydər Əliyev dil məsələsində öz mövqeyini böyük cəsarət və qətiyyətlə bildirmişdir. 1977-ci ildə növbəti SSRİ Konstitusiyası qəbul edildikdən sonra müttəfiq respublikaların Konstitusiya layihələri də dərc olunaraq ümumxalq müzakirəsinə verildi. Həmin dövrdə respublikamıza rəhbərlik edən Ulu Öndər Heydər Əliyev var gücü ilə Konstitusiya layihəsinə Azərbaycan dilinin dövlət dili olması barədə maddə salınmasına çalışırdı. Nəticədə 1978-ci il aprelin 27-də Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir" maddəsi əlavə olundu. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir".