Azərbaycan vətəndaşı Azərbaycan pasportu daşıyan erməni olacaq - ÖZƏL
28 İyul 2023 10:07 Siyasət"Azərbaycanın Ermənistandan gələn humanitar yük adı altında yardımı əraziyə buraxmaması faktını guya Azərbaycan ərazisi ilə keçmək və Azərbaycanın razılığı ilə əlaqələndirmək yanlışdır. Azərbaycan bu yükləri əraziyə ona görə buraxmır ki, ərazidə Azərbaycanın nəzarətindən kənar və Azərbaycanın təhlükəsizliyinə təhlükə yaradan qeyri-qanuni hərbi birləşmələr və onlara rəhbərlik edən cinayətkar qrup var". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, göndərilən yardım adı altında yüklərin sadə əhaliyə çatacağı şübhə altındadır:
"Böyük ehtimalla bu yüklər ərazidəki hərbi-siyasi xuntanın tələbatlarını ödəmək üçün istifadə ediləcək".
Azər Qasımov deyib ki, Azərbaycan əsas buna vurğu edib yüklərin əraziyə buraxılmamasını səbəb göstərməlidir:
"Bunun üçün isə həmin yüklər Azərbaycan tərəfinə təhvil verilməlidir. Bundan sonra Azərbaycan beynəlxalq nümayəndələrin də iştirakı ilə bu yükləri özü məsləhət bildiyi yerdə erməni əhaliyə paylamaq üçün məntəqə açmalıdır. Ehtiyacı olan erməni gəlib bu məntəqədən alsın. Təbii ki, silahlılar ərazidən çıxandan sonra yüklər birbaşa əraziyə daxil ola bilər.
Ərazidəki ermənilərin hamısının Azərbaycan vətəndaşı adlandırılması da hələlik tezdir. Azərbaycan vətəndaşı Azərbaycan pasportu daşıyan erməni olacaq. Odur ki, ərazidəki ermənilərə bu şərt də tədricən qoyulmalıdır".