Minsk qrupu məsələsi yoxdur, o artıq bir tarix oldu - ÖZƏL
27 İyul 2023 16:33 Siyasət"1992-ci ildən qurulan Minsk qrupu 28 il fəaliyyət və yaxud da fəaliyyətsizlik nümayiş etdirdi. Yəni, fakt 28 il ərzində biz Minsk qrupunun həmsədrlərini gördük, istər İsveç, istər Rusiya, Fransa və ya digərləri ki, bu illər ərzində dəfələrlə dəyişib. Sonuncu dəfə 1997-ci ildə Fransa prezidentinin xahişi ilə ümummilli lider Heydər Əliyev tərəfindən orada dəyişiklik oldu və Fransa Minsk qrupunun həmsədrlərindən biri oldu. 1997-ci ildən 2020-ci ilə qədər sözdə fəaliyyət göstərdilər. Amma əslində fəaliyyətsizlik nümayiş etdirdilər".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.
"2020-ci ilə qədərki dövr ərzində biz ancaq boş-boş mənasız və heç bir nəticə verməyən danışıqları gördük. Mənasız bəyanatlar ifadə etməklə əslində bir növ zamana oynamağa başladılar.
Azərbaycan 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ Müharibəsini 44 gün ərzində mütləq zəfərlə bitirdi və bu 44 günlük savaş müddətində də biz yenə də Minsk qrupunun fəaliyyətində hər hansı bir neytral, beynəlxalq hüququn norma və qaydalarına cavab verə biləcək hərəkətlərin və yaxud da açıqlamaların şahidi olmadıq. Əksinə, Minsk qrupunun həmsədrlərindən biri olan Fransa 2020-ci ilin oktyabr ayının əvvəlində parlamentində Azərbaycanın Qarabağ bölgəsinin ərazisini, hətta "müstəqil" Artsax Respublikasını tanımaq cəhdlərini etməyə başladı. Eyni zamanda, Minsk qrupunun digər həmsədrlərindən biri Rusiya İran, Xəzər dənizi üzərindən Ermənistana silah yardımı etməyə cəhd elədi və bunu da bir neçə dəfə həyata keçirdi. Yalnız ABŞ-da fərqli vəziyyət idi. Çünki orda prezident seçkiləri idi və seçkilərin də nəticəsi ona gətirib çıxardı ki, baş qarışdı, ölkədə dəyişiklik prosesi gedirdi və ABŞ məsələ ilə çox da ciddi məşğul ola bilmədi.
Bundan sonra 2020-ci ilin dekabr ayının 7-də ATƏT-in Minsk qrupunun həmsədrləri sonuncu dəfə bölgəyə səfər etdilər. Yəni, Azərbaycan prezidenti ilə görüşən zaman Azərbaycan prezidentindən "mən sizi bura çağırmamışam və belə bir proqramın olduğunu bilmirdim" kimi bir açıqlama gəldi. Bu da o demək idi ki, artıq bizə Minsk qrupu lazım deyil. Çünki artıq biz BMT-nin və Minsk qrupunun icra etməli olduğu məsələni özümüz həll etdik. Yəni artıq bundan sonra da Ermənistan və Azərbaycan arasında danışıqlar prosesi son mərhələyə yaxınlaşır və sülh danışıqları prosesində müəyyən irəliləyişlər var. Bütün təxribatlara, maneələrə baxmayaraq irəliləyişlər var. Düşünürəm ki, bundan sonra Minsk qrupunun fəaliyyəti bizə heç lazım deyil və Minsk qrupu bölgəyə yenidən gəlsə, mən tərəflər arasında sülhün əldə olunacağına ümidlərimi də itirə bilərəm. Düşünürəm ki, indi bizə lazım olan əsas məsələ Ermənistan ilə öz aramızda olan məsələləri həll etməkdir. Biz Minsk qrupunun ənənəvi fəaliyyətini görmüşük. Artıq Avropa İttifaqı moderatorluq edir ki, onun moderatorluğu ilə 6 görüş keçirilib.
Düşünürəm ki, Minsk qrupunun fəaliyyəti ilə bağlı nəsə ciddi bir uğur gözləməyək və bu nəticə də verməyəcək. Azərbaycan isə Minsk qrupunun fəaliyyətindən ümumiyyətlə razı deyil və bu məsələ Azərbaycan üçün tarixdir. Cənab prezidentin də bildirdiyi kimi Minsk qrupu məsələsi yoxdur, o artıq bir arxiv, tarix oldu".