"Çalışırlar ki, Qərbin və Rusiyanın maraqları yenidən təmin olunsun"- ÖZƏL

"Minsk qrupunun yenidən "reanimasiyadan" çıxarılmasını həm Qərb, həm də Rusiya istəyir. Onlar gözləmirdi ki,  Azərbaycan prezidenti və ordusu 44 gün ərzində Şuşaya qədər gedib çıxacaq və qələbə qazanacaq. Bunların hamısının Qafqaz siyasəti suya düşdü. ABŞ Qafqaza müdaxilə etmək istəyir, Rusiya bölgədən çıxmaq istəmir, Fransa isə öz təsir dairəsinə Azərbaycanı salmaq istəyirdi. Hər üçü Minsk qrupunun həmsədridir. Hər üçünün marağı yenidən bu məsələnin uzadılması fonunda idi. 28 il olduğu kimi problemi uzadıb, Azərbaycana turist kimi səfər etməyə davam etmək istəyirdilər. Azərbaycan prezidenti bu məsələyə son qoydu. Çalışırlar ki,  Minsk yenidən dirçəlsin. Qərbin və Rusiyanın maraqları yenidən təmin olunsun. Hər ikisi Azərbaycana dönmək istəyir. Hansının dönüşü olsa, bizim üçün xeyri yoxdur, əksinə, ziyandır. Hazırda Azərbaycan ciddi daxili siyasətə fikir verməlidir".

Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib:

"DTX, DİN kimi təhlükəsizliyi təmin edən qurumlar olduqca operativ işləyir. Ancaq, biz arxayın olmamalıyıq. Azərbaycanın hazırda ən böyük gücü xalqla dövlətin bir yerdə olması, iqtisadi cəhətdən inkişaf etməsidir. Bunların fonunda bizi ən zəif yerimizdən vurmağa çalışacaqlar. İnsan hüquqları, demokratiya ölçüsüz termindir. Nə qədər dartsan, o qədər uzanacaq. Çeynənmiş termin olduqları üçün bu məsələlər bizə təsir etməyəcək. Ancaq, ölkə daxilində sabitliyi gücləndirmək lazımdır. Ölkə daxilində təriqətlər çoxdur. Antiazərbaycan qüvvələr bu təriqətlərdən istifadə edə bilərlər. Dini Qurumlar İş Üzrə  Dövlət Komitəsi işini gücləndirib. Ancaq, vəziyyət biz düşündüyümüz qədər sadə deyil. Qatı dindarların (vahabi) liderləri FETO-çular kimi dövlət strukturlarında yerləşməyə başlayıblar. Biz buna diqqət yetirməliyik. Digər dini təriqətlər dini sahədə müəyyən problemlər yarada bilərdilər. O da alınmayacaq. Azərbaycanda tolerantlıq və multikulturalizm inkişaf edib. Bütün bunlara baxmayaraq,biz bu cür qüvvələri müəyyən etməliyik. Çünki, Azərbaycan bir çox dövlətlərin maraq dairəsindədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31