Paşinyanın etirafı, yoxsa həqiqətin iç üzü?
28 İyul 2023 10:40 Siyasət"Haqq üzülər, ancaq qırılmaz". Uzun illərdən, əsrlərdən bəri ermənilərin Azərbaycan və Türkiyəyə qarşı olan torpaq iddiaları ağlagəlməz yalanlarla əsaslandırılsa da, çoxsaylı erməni ziyalısı bunun həqiqətə uyğun olmadığı barədə faktları ortaya qoyub. Əlahəzrət fakt isə təsdiq edir ki, Azərbaycanın Qarabağ ərazisinin ermənilərə heç bir aidiyyatı yoxdur. Əksinə, ermənilər ən müxtəlif məqsədlər üçün zaman-zaman sözügedən əraziyə köçürülüblər. Çox təəssüf ki, öz xalqına işıqlı yol göstərən, Qarabağda məskunlaşan ermənilərin nicat yolunun Azərbaycana inteqrasiya olduğunu deyən həmin ziyalılar qaraguruhçular tərəfindən daş-qalaq edilib. Elə indinin özündə də Ermənistanın Baş naziri Nikol Paşinyan eyni aqibəti yaşamaqdadır. 44 günlük Vətən müharibəsində acınacaqlı məğlubiyyətə uğrayan Ermənistan bəzi etirafları etməyə məcbur oldu. Konkret olaraq ölkənin baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında yenidən Qarabağın Azərbaycana aid olduğunu təsdiqləyib. Hətta bildirib ki, Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib: "Təəssüf hissi ilə qeyd edirəm ki, dünyada Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayan bir ölkə belə yoxdur. Başqa bir sual da ondan ibarətdir ki, biz bu incəlikdən xəbərdar idik, ya yox. Bizim mövqeyimiz ondan ibarət idi ki, bütün dünyanın nə deməsinin əhəmiyyəti yoxdur, biz bunu başqa cür etməliyik. Ola bilsin ki, mən də hansısa mərhələdə bu cür hərəkət etmişəm, amma sonda biz konkret reallıqla üz-üzə qalırıq ". Paşinyan, eyni zamanda, Rusiya prezidenti Vladimir Putinin 2020-ci il dekabrın 17-də keçirdiyi mətbuat konfransında bəyanatından bir sitatı oxuyub: "Beynəlxalq hüquq baxımından bütün bu ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. Bir daha təkrar edirəm, Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımırdı, ona görə də Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycandır". Baş nazir fransalı keçmiş həmsədr Stefan Viskontinin 2020-ci ilin yanvarında Senat komissiyasının deputatları ilə görüşü zamanı dediyi sözləri də sitat gətirib: "Dağlıq Qarabağ Azərbaycanda yerləşən dağlıq anklavdır". Ermənistanın baş naziri ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı illik hesabatından da sitat gətirib: "Xüsusilə 2012-ci ildən 2016-cı ilə qədər olan hesabatlarda bildirilir ki, separatçılar Ermənistanın köməyi ilə Qarabağın əksər hissəsini və Azərbaycanın daha 7 kəndini nəzarətdə saxlamaqda davam ediblər". Göründüyü kimi, Ermənistanın baş naziri əsaslı arqumentlərlə öz ölkəsinə sübut etməyə çalışır ki, Qarabağla bağlı sərsəm iddialardan əl çəkmək lazımdır. Çünki bütün beynəlxalq hüquq normaları Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyir. Qeyd edək ki, bu, Ermənistan Baş nazirinin Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu eiraf edən birinci açıqlaması deyil. Hələ Azərbaycan, Avropa İttifaqı (Aİ) və Ermənistan liderlərinin mayın 14-də Brüsseldə keçirilmiş növbəti üçtərəfli danışıqlarının yekununda Aİ Prezidenti Şarl Mişelin mətbuat üçün bəyanatında bir çox mühüm məqam yer almışdı. Bunlardan ən əsası Azərbaycan və Ermənistanın Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin ərazi bütövlüyünü tanıması, Əliyev və Paşinyanın görüşdə Azərbaycanın 86,6 min kv.km və Ermənistanın 29,8 min kv.km-lik ərazi bütövlüyünə sadiqliyini təsdiq etməsi idi. Mişelin bəyanatından aydın olurdu ki, Ermənistan və onun lideri Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu Avropa İttifaqı platformasında bir daha təsdiqləyir. Çünki Azərbaycan ərazisinin keçmiş SSRİ vaxtında 86.6 min kv.km olduğu bütün dünyaya məlumdur və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də bu əraziyə daxildir. Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu bu dəfə başqa platformada təsdiqləyib, özü də öz dilindən verdiyi bəyanatla... Paşinyan Avropa Şurasının İslandiyada keçirilən sammitində bəyan edib ki, Ermənistan Azərbaycanın 86,6 min kv.km-lik ərazi bütövlüyünü, Bakı isə öz növbəsində Ermənistanın 29800 kv-km-lik ərazi bütövlüyünü tanıyır. Bu, Ermənistan rəhbərliyi səviyyəsində Qarabağın Azərbaycan ərazisi olmasının ilk rəsmi bəyanıdır. Paşinyan bu bəyanatla faktiki olaraq "Qarabağ - Azərbaycandır!" deyir, çünki artıq qeyd etdiyimiz kimi, Azərbaycanın 86,6 min kv.km ərazisinə təbii olaraq Qarabağ da daxildir.
xxx
Yeri gəlmişkən xatırladaq ki, ortada beynəlxalq təşkilatlar və dünyanın aparıcı ölkələrinin parlamentləri bir-birinin ardınca Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın Azərbaycana mənsub olmasını təsdiqləyən qalaq-qalaq sənədlər var. Millətlərin öz müqəddəratını təyin etməsi prinsipinin özbaşına interpretasiya edilməsinin yolverilməzliyini, Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi və məcburi köçkünlərin öz evlərinə qaytarılmasının zəruriliyini təsdiq edən qətnamələr mövcuddur. Həmçinin, 44 günlük Vətən Müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi zəfər artıq siyasi və hüquqi baxımdan təsdiqlənir - Ermənistan rəhbərliyi faktiki olaraq Azərbaycana qarşı ərazi iddialarından imtina edir və Qarabağ da daxil olmaqla ərazi bütövlüyümüzü tanıyır. Ermənistan və onun rəhbərliyi yaranmış yeni reallıqla barışmaqdan başqa çıxış yolu olmadığını anlamağa başlayıb. Bu isə Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasətinin məntiqi nəticəsidir. Artıq Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası istiqamətində ciddi addımlar atmaqdadır.
Alim