44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü bütün dünyaya nümayiş etdirdi
28 İyul 2023 10:48 Siyasətİstiqamət - gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Lamiyə İsazadə: "-Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir"

"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İB-nin sədri Lamiyə İsazadə Azərbaycanda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin aşılanması istiqamətində görülən işlər, bu sahədə həyata keçirilən dövlət siyasəti barədə "OLAYLAR"-a müsahibə verib.
-Lamiyə xanım, hazırda ölkədə gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin artırılması istiqamətində görülən işlər, atılan addımları necə xarakterizə edərdiniz?
-Dünyada yaşayan bütün xalqların tarixinə nəzər salsaq görərik ki, hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, dövlətinin parlaq gələcəyini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəsillərin sağlam, vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsi hər bir ölkə üçün, eləcə də bizim dövlətimiz üçün prioritet məsələdir. Çünki, milli mənlik şüuru inkişaf edən, vətənpərvərlik hissləri yüksək səviyyədə tərbiyə olunan gənc nəslin formalaşması gələcəkdə onların dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacağı inamını yaradır. Bu cür gənclər dövlətimizin gələcəkdəki gücüdürlər.
Dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, bu gün vətənə bağlı, dövlətə sadiq, ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil etmək gücündə olan savadlı, vətənpərvər gənclərimiz yetişir və cəmiyyətdə öz layiqli yerlərini tuturlar. Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, bütün xalqımız üçün eləcə də gənclərimiz üçün böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, döyüş meydanlarında zəfər qazanmış müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Məhz buna görə hər bir Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir.
-Azərbaycan gəncini tam mənada vətənpərvər hesab
etmək olarmı?
- Hesab edirəm ki, 44 günlük vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini nəinki xalqımıza, eyni zamanda bütün dünyaya nümayiş etdirdi. Müharibənin əsas ağırlığı Azərbaycan gəncinin üzərinə düşdü. Həmin döyüşlərdə əlində silah düşmənin üzərinə gedən ilk növbədə gənclərimiz oldular. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Hər biri öz igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, zəfər dolu döyüşləri ilə dillərdə dastana döndülər. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Eyni zamanda gənclərimizin fəallığı sayəsində bütün sosial media platformalarında da düşmənə adekvat cavablar verildi. Əminliklə deyə bilərik ki, ölkəmizdə vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq gənclik formalaşdırılıb. Bu isə gələcək inkişafımızın möhkəm əllərdə olacağına böyük inam yaradır.
-Bu istiqamətdə həyata keçirilən dövlət siyasəti gənclərin vətənpərvər ruhda tərbiyəsinə necə müsbət təsir göstərir?
-Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Bu sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına, milli mənlik şüurunun inkişaf etdirilməsinə yönəldilir. Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirərək gənclər siyasətini yeni müstəviyə çıxardı, gənclərin problemlərinin həlli, onların fərdi inkişaflarının təmin edilməsi istiqamətində yeni konsepsiyalar ortaya qoyuldu. Hazırda ölkəmizdə gənclər siyasəti sahəsində fəaliyyət göstərən bir sıra dövlət müəssisələri mövcuddur. Gənclər üçün kifayət qədər geniş imkanlar yaradılıb. Bu gün gənclər kifayət qədər yüksək postlarda təmsil olunur. Azərbaycan gənclərinin İnkişaf Strategiyası, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramları və digər bu kimi tədbirlər gənclərimizin inkişafı və vətənpərvər ruhda yetişdirilməsi istiqamətində çox önəmli addımlardır. Dövlətimizin gənclər siyasəti dünya miqyasında artıq bir nümunəyə çevrilib.
-Bir təşkilat rəhbəri olaraq gənclərimizin daha vətənpərvər böyüməsi üçün nələri, hansı addımları atmağı tövsiyə edərdiniz?
-Gənclərin vətənpərvərlik tərbiyəsi dedikdə, onların yüksək əxlaqı, mənəvi keyfiyyətlərə yiyələnməsi və şəxsiyyət kimi yetişməsi nəzərdə tutulur. Gənclərimizə uşaq yaşlarından davranış qaydalarını, nizam-intizamı, savadlı olmağı, vətəninin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrini, vətənini, xalqını sevməyi, məsuliyyətli, vicdanlı, mübariz olmağı, vətənin inkişafı naminə çalışmağı öyrətməliyik. Gənclərin bir vətəndaş kimi yetişməsində ailənin, cəmiyyətin, ümumilikdə mühitin rolu böyükdür. Vətənpərvərlik tərbiyəsinin mənbəyi ailədir. Gənclər bir insan kimi, vətəndaş kimi ilk tərbiyəni ailədən alır. Ailədə vətənpərvərlik tərbiyəsi planlı, sistemli, məqsədli şəkildə təşkil olunmalıdır. Uşaqlara vətən sevgisi aşılamaq üçün ilk növbədə valideynlər o ruhda olmalıdırlar. Vətənpərvərlik ruhu ailə ilə yanaşı uşaq bağçalarından da başlamalıdır. Böyüməkdə olan nəslin vətənpərvərlik tərbiyəsində ibtidai sinif müəllimlərinin də üzərinə böyük məsuliyyət düşür. Müasir gənclərin vətənpərvər ruhda yetişməsi üçün orta məktəblər də əsas rol oynayır. Uşaqlara, gənclərə vətənimizin tarixi keçmişini, milli dəyərlərimizi, adət-ənənələrimizi öyrədib, onları əsl vətəndaş kimi böyütməliyik. Əsl vətəndaş dedikdə isə, bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olan insan nəzərdə tutulur.
-Televiziyalar, KİV-lər, sosial media bu istiqamətdə nə dərəcədə fəal rol oynayır?
-Vətənpərvərlik televizyada və KİV-lərdə başlıca prinsip olmalıdır. Vətənpərvərlik məfhumu boğazdan yuxarı deyilmiş söz kimi başa düşülməməli, yaxud da əldə silah səngərdə dayanmaq kimi anlaşılmamalıdır. Vətənpərvərlik sahəsindən və istiqamətindən asılı olmayaraq mənsub olduğun dövlətin, millətin maraqlarına xidmət deməkdir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu gün televiziyada nümayiş olunan proqramların əksəriyyəti vətənpərvərlik məfhumundan çox uzaqdır. Reytinq xatirinə televiziyaya yaraşmayan şou proqramlar göstərilir, gənclərimizi başqa istiqamətlərə yönəldirlər. Nə yaxşı ki, indiki gənclərimiz televiziyadakı heç bir şou proqramı izləmirlər. Vətənpərvərlik məfhumu sadəcə dövlət kanallarımızda insanlara aşılanır. Digər özəl kanallar öz bildiklərini edirlər. Bu gün çox sayda KİV-lər məqsədli şəkildə milli dəyərlərimizə yaraşmayan xəbərlər işıqlandırır. Vətənpərvərliyi deyil, sanki başqa şeyləri təbliğ edirlər. Gənclərimiz sosial şəbəkələrdə daha çox vaxt keçirdikləri üçün, həmin KİV-lərin işıqlandırdıqları xəbərlərə istər-istəməz rast gəlirlər. Bu da gənclərimizin tərbiyəsinə, onların sağlam ruhda böyümələrinə mənfi təsir göstərir. Kaş ki, 1998-ci ildə mətbuatımızda senzura ləğv edilməzdi. Düzdür, senzuranın ləğvi demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə və mətbuatın dirçəlməsinə güclü təkan verdi. Lakin, söz və mətbuat azadlığından indiki bəzi KİV-lər və kanallar öz şəxsi maraqları üçün istifadə edirlər.
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir