"Beynəlxalq Qırmızı Xaç Komitəsi açıq-aşkar Azərbaycana xəyanət etdi"- ÖZƏL
27 İyul 2023 15:06 Siyasət"Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesindəki iştirakı təəssüf ki, görüntü və mahiyyət olaraq tamamilə fərqlidir. Bölgədə yaranan problemlərin aradan qaldırılması, iki ölkə arasındakı münasibətlərin normallaşması və humanitar xarakterli işlərin görülməsinə Azərbaycan tərəfi nə qədər sağlam, səbrli yanaşsa da, Beynəlxalq Qırmızı Xaç Komitəsinin bölgədə olan nümayəndəsindən bu addımları görmürük. İnsanların düşüncəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin tərəfsiz işləməsi, ancaq humanitar məqsədlərə görə bölgədə olması fikri formalaşıb. Son zamanlar xüsusilə, Laçın dəhlizində baş verən hadisələr Beynəlxalq Qırmızı Xaç Komitəsinin heç də şəffaf prinsiplərə uyğun olaraq fəaliyyət göstərmədiyini sübut etdi. Azərbaycan tərəfi Laçın yolunda ermənilərin Xankəndinə təhlükəli malların daşımasının qarşısını almaq üçün müəyyən məntəqələr yaratsa da, komitənin nümayəndələri açıq-aşkar Azərbaycana xəyanət etdilər. Ötən ay hər kəs gördü ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid olan avtomobillərdə ermənilər Xankəndinə silah-sursat daşıyırlar. Azərbaycan bununla bağlı bəyanat verdi. Təəssüf ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi bundan nəticə çıxarmadı".
Olaylar.az xəbər verir ki, bunu açıqlamasında politoloq Aydın Quliyev deyib.
"Məsələn, Azərbaycan höküməti bəyan etdi ki, humanitar yardımları Bərdə-Ağdam yolundan istifadə etməklə həyata keçirə bilərlər. Hətta, Beynəlxalq Qırmızı Xaç Komitəsinə təklif etdik ki, Laçındakı sərhəd-buraxılış məntəqəsində komitənin özünün təyin etdiyi həkim olsun və Xankəndindən keçmək istəyən, özünü xəstə kimi təqdim edən ermənilər haqqında araşdırma aparsın. Məlumatlar var ki, ermənilər xəstə olmadığı halda Xankəndidən İrəvana və İrəvandan Xankəndiyə gedirlər. Onlar, özlərini xəstə kimi göstərib, müxtəlif işlərlə məşğul olurlar. Təəssüf ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi bu təklifimizə də məhəl qoymadı.
Ən dəhşətlisi isə bu günlərdə baş verdi. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Avropa-Asiya ölkələri üzrə mərkəzi ofisinin nümayəndəsi bəyanat verərək bildirdi ki, Xankəndi ermənilərinə həm Laçın yolu, həm də digər vasitələrdən istifadə etməklə humanitar yardım üçün göstərdikləri çabalar heç bir nəticə vermir. Güya, Laçın yolu da daxil olmaqla, digər vasitələrdən də onlar istifadə edə bilmir. Bu, riyakarlıqıdır. Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinə Bərdə-Ağdam yolu ilə bağlı təklif etsə də, onlar dünyada mənfi rəy yaratmağa çalışır. Bu o deməkdir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi humanitar missiya adı altında siyasi missiya həyata keçirir. Həmin siyasi missiya Ermənistanın və qeyri-bölgə qüvvələrinin maraqlarına xidmət edir".