Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış əldə edir - ÖZƏL
27 İyul 2023 12:23 Siyasət"Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sevinc Fətəliyavanın sözlərinə görə, dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir: "Həmçinin bu dəmir yolu "Bir kəmər, bir yol" strategiyasının səmərəliliyini də artıracaq. Ona görə də, Çin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verir. Bir sözlə, Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış əldə etmiş olur. Prezident İlham Əliyev müsahibədə qeyd edib ki, "Bir kəmər, bir yol" layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi: "İndi sadəcə, texniki imkanları artırırıq. Ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun imkanlarını hazırda 25 milyon tona qədər çatdırırıq. Gəmiqayırma zavodunun genişləndirilməyi nəzərdə tutulur, ildə 6-8 deyil, 10-20 gəmi inşa ediləcək. Böyük yük axınına daha yaxşı hazır olmaq üçün çox işlər görülür. Hazırda mövcud dəmir yolunu müasirləşdiririk ki, qatarların sürəti artırılsın və daha çox yüklər nəql edilsin".