Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusudur - ÖZƏL
27 İyul 2023 12:08 Siyasət"Ulu Öndər Heydər Əliyev peşəkar rəhbər idi və hər zaman çalışırdı ki, cəmiyyətin nəbzini tutsun, insanların necə yaşadığını, nə fikirləşdiyini, hansı problemlərlə üzləşdiyini və hansı arzulara malik olduğunu bilsin". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Cavid Osmanovun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev üçün Azərbaycan xalqının milli maraqları, milli qüruru və ədalət şəxsi amillərdən üstün idi: "Ulu Öndər sovet hökumətinin anti-Azərbaycan mövqeyi səbəbindən kommunist partiyasını tərk etdi. Bunun özü də çox cəsarətli addım idi, çünki sovet hökuməti və sistemi hələ də çox güclü və qəddar idi. Prinsipiallıq və Vətənə sədaqət nümunəsi olan Ulu Öndər Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet ordusu Azərbaycana hücum edərkən, həmin qanlı hücuma qarşı etiraz səsini ucaldan və bu hadisəni pisləyən yeganə şəxs idi. Müstəqillik əldə etdikdən sonra Azərbaycan xalqı yaranmış çətin vəziyyətdən xilas yolunu yalnız Ulu Öndər Heydər Əliyevdə görürdü və ən çətin vaxtda onu dəvət etdi. 1993-cü ildə Azərbaycanda rəhbərliyi öz üzərinə götürməsi həqiqətən çox cəsur addım idi. Bir sözlə, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusudur".