“Artsax”a şarla enənlər fikirləşirlər ki, aksiyalar keçirməklə fərq yarada bilərlər”

Bakının təklifi qəbul edilsə, Laçın postunda gözləyən TIR-lar hərəkət edə bilər

Ermənistan hökumətinin dünən Qarabağa çatdırılması qərarını qəbul etdiyi 400 ton "humanitar yardım" yüklənmiş TIR-lar Laçın nəzarət buraxılış postunun qarşı tərəfində gözləyir. Dövlət Sərhəd Xidməti (DSX) bu təxribatın hazırlandığına dair məlumat yaymışdı. Artıq Azərbaycan silahlı qüvvələri ehtimal təxribatın qarşısını almaq üçün hazırlıq vəziyyətinə gətirilib. Ermənistanda fəaliyyət göstərən Aİ-in "mülki" missiyasının da ərazidə olması diqqət çəkir. Politoloq Turan Rzayev qeyd edib ki, aydın məsələdir ki, Ermənistan tərəfindən nəqliyyat vasitələrinin Laçın dövlət sərhədinin keçid məntəqəsində cəmləşdirilməsi siyasi şou və növbəti təxribata cəhdidir: "Ümumiyyətlə son həftələrdə erməni lobbisi və diasporunun, habelə separatçıların "aktivləşməsi" diqqət çəkir. Lakin Ermənistandakılar kimi onlar da yaxşı bilir ki, "humanitar yardım" yüklənmiş TIR-lar Laçın postundan keçə bilməyəcəklər. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər.Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaradır. Qarşı tərəfin bunu qəbul etməməsi və yük maşınlarını Laçın postuna göndərmələri "Azərbaycan humanitar yardımların keçidinə imkan vermir" rəyini yaratmağa hesablanıb".

Politoloq hesab edir ki, İrəvanın Laçın postunun qarşısında sərgilədiyi "humanitar yardım" şousu nəticə verməyəcək: "Bunun iki əsas səbəbi var. Birincisi, Azərbaycan Qarabağ ermənilərini blokadada saxlamır. Onların bütün ərzaq və digər problemlərini özü həll edə bilər. Bu, daha öncədən ən yüksək səviyyədə  təklif edilib. Qəbul etməyən qarşı tərəfdir. İkincisi, Azərbaycan 400 ton "humanitar yardım" yüklənmiş TIR-ların ölkəyə girişinə də problem yaratmır. Bunun sadəcə Laçın postundan olmasını istəmir. Əgər rəsmi Bakı heç bir alternativ imkan yaratmasaydı, beynəlxalq təzyiq riski o zaman ola bilərdi. Hesab edirəm, bu iki amil Ermənistanın "humanitar yardım" şousunun nəticəsiz yekunlaşacağını deməyə əsas verir". Baş verən hadisəyə rəsmi Bakının cavabına gəldikdə politoloq qeyd edib ki,   Rəsmi Bakı birmənalı şəkildə bildirir ki, "humanitar yardım" yüklənmiş TIR-ların Laçın postundan keçməsi mümkün deyil. Alternativ yol kimi Ağdam-Xankəndi marşrutu təklif edilir: "Bundan başqa, Azərbaycan ehtimal təzyiqlər fonunda özü ləvazimatlar yükləndiyi TIR-ları Ağdam yoluna toplayaraq cavab verə bilər. Yəni rəsmi Bakı geri addım atmayacaq. Prezidentin köməkçisi Hikmət Hacıyevin də dediyi kimi: Oyun bitdi!"

Yeri gəlmişkən qeyd edək ki, bir çox erməni siyasətçiləri də separatçıların atdıqları addımı mənasız hesb edir. Məsələn, Qarabağ separatçılarının qondarma "təhlükəsizlik şurası"nın keçmiş katibi Samvel Babayan separatçıların hazırkı rəhbərliyini rəsmi Bakı ilə danışıqlar aparmağa çağırıb: "Azərbaycanla birbaşa danışıqlara başlamaq lazımdır" deyən Babayan həm Ağdam-Xankəndi yolundan, həm də Gorus-Laçın yolundan istifadənin vacibliyini bildirib: "Bu, istəsək də, istəməsək də baş verəcək. "Artsax"a şarla enənlər fikirləşirlər ki, aksiyalar keçirməklə fərq yarada bilərlər, amma dünyada hər gün bəlkə də 200 min insan aclıqdan ölür və beynəlxalq ictimaiyyət buna əhəmiyyət vermir. Dünya üçün bu hərəkətlərin heç bir mənası yoxdur və Azərbaycan Türkiyənin dəstəyi ilə irəliyə gedəcək. Niyə insanlara həqiqəti demirsiniz: müharibədə uduzduğunuz zaman oyunun qaydalarını qəbul edib sağalmağa çalışmalısız".

Onun sözlərinə görə, Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, vəziyyətdə heç bir müsbət dəyişiklik olmayacaq: "Bir reallıq var: "Artsax" müharibədə hər şeyini itirdi, indi bizə vasitəçi gözləmədən yenidən yaşamaq və Azərbaycanla birbaşa danışıqlara başlamaq lazımdır. Biz dar ağacına getdiyimizi düşünməməliyik. Qızıl ortanı vasitəçilər olmadan tapa bilərik. Tapmasaq, fövqəldövlətlər bundan istifadə edib müharibəyə başlayacaqlar, bunu həm "Artsax"da, həm də Azərbaycanda başa düşməlidirlər. Və divident almağa çalışan qüvvələrin kökü kəsilməlidir. Sadəcə, gənclərin hər şeyi başa düşməsi üçün vaxt lazımdır. Mən "hakimiyyətə" qarşı mübarizə aparmıram, sadəcə olaraq başa düşsünlər ki, Azərbaycanla danışıqlar aparmalıdırlar". Onun sözlərinə görə, Azərbaycan Ermənistandan göndərilən 400 ton humanitar yardımın Qarabağ ermənilərinə çatdırılmasına icazə verməyəcək. "Qərar verənlər çalışsınlar, amma düşünürəm ki, Azərbaycan buna imkan verməyəcək".

Göründüyü kimi Ermənistanın Qarabağa "humanitar yardım karvanı" təşkil etməsinin siyasi şoudan başqa bir şey deyil. Amma onları müşayiət edənlərdən, xüsusilə Avropa İttifaqının "mülki" missiyasından hesab sormaq lazımdır. Mİssiya niyə öz mandatından kənara çıxır?  Bu hadisələr rəsmi Bakının Qarabağ ermənilərinin reinteqrasiya məsələsində, Ağdam-Xankəndi yolunu təkid etməsində nə qədər haqlı olduğunu təsdiqləyir. Çünki ermənilərdən daha çox regionda maraqlı olan xarici qüvvələr sülhün əldə edilməməsi, Xankəndi üzərində Azərbaycanın öz suverenliyini təmin edə bilməməsi üçün hər şeyi etməyə çalışır.  Belə bir şəraitdə, dövlətimizin, ordumuzun qətiyyətli mövqeyi qürurvericidir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31