Separatçıların şousu nəticə verməyəcək- ÖZƏL

Bir neçə gündür ki, Qarabağdakı erməni separatçıları Xankəndində aksiya keçirərək özlərinin yazıq, məzlum obrazlarını yaradır, Laçın nəzarət buraxılış məntəqəsində sərbəst şəkildə gediş-gəlişin təmin olunmasını tələb edirlər. Xankəndinin mərkəzi meydanında qurulan çadırlarda gecələyən aksiya iştirakçıları bununla hədəflərinə nail olacaqlarına ümid edirlər.
"Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı isə hesab edir ki, separatçıların şousu nəticə verməyəcək. "OLAYLAR"-a verdiyi açıqlamada İctimai Birlik sədri deyib ki, dünya birliyi, özünə hörmət edən beynəlxalq təşkilatlar da Qarabağ separatçılarının tələblərini ciddiyə almayacaq:
"Əvvəlki aksiyalarda olduğu kimi bu dəfə də qışqırıb-bağırıb dağılışacaqlar. Çünki Azərbaycanın Laçında nəzarət buraxılış məntəqəsi təşkil etməsi heç bir beynəlxalq norma və prinsiplərə zidd deyil. Dünyanın hər bir ölkəsi digər ölkə ilə sərhəddə eyni tipli məntəqə yaradır və sərhəddən keçid yoxlanış əsasında həyata keçirilir. Ona görə də hansısa dövlət və ya təşkilatın Xankəndindəki aksiya iştirakçıları ilə həmrəylik nümayiş etdirməsi həmin dövlətin birbaşa separatizmə dəstəyi demək olar".
Arzuman Muradlı qeyd edib ki, separatçıların yeganə yolu ağıllarını başlarına yığıb Azərbaycanın şərtlərinə əməl etməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31