Prezidentin konseptual nitqi: dayanıqlı inkişaf, Söyüdlüdə ədalətin bərpası və Azərbaycan-Ermənistan normallaşma prosesi
14 İyul 2023 11:20 SiyasətKamal Adıgözəlov
Azərbaycanın dövlət başçısı həmişə çox əhəmiyyətli tezislər irəli sürür və daim ədalətli mövqe nümayiş etdirir. 2023-cü ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident adəti üzrə böyük əhəmiyyəti olan fikirlər söylədi. Ölkə rəhbərinin nitqi əhatəli idi və görülən işlərlə yanaşı, ölkə qarşısında dayanan mühüm vəzifələri də müəyyən etmiş oldu. Dövlət başçısı bu bağlılıqda dərin təhlil apardı, strateji vəzifələr qarşıya qoydu. Bunlarla yanaşı, İlham Əliyev Gədəbəy rayonunun Söyüdlü kəndində baş verənlərlə bağlı aydın, konkret və tam ədalətli fikirlər ifadə etdi. Oradakı vəziyyətlə bağlı tapşırıqlar verdi və bir həftə ərzində məruzə edilməsini tələb etdi. Eyni qətiyyəti və qərarlılığı Prezident Ermənistanla münasibətlərin normallaşmasında nümayiş etdirməkdədir. Bütün bunların fonunda həmin müşavirədə dövlət başçısının ifadə etdiyi fikirlərin təhlilinə ehtiyac duyuruq.
Ölkənin inkişafı: başlıca məqsədə doğru
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkə rəhbərinin dərin məzmunlu nitqi siyasi və ekspert dairələrində, kütləvi informasiya vasitələrində böyük marağa səbəb olub. Dövlət başçısı bu ilin ilk altı ayı ərzində əldə edilən nailiyyətləri detallı göstərməklə yanaşı, bir sıra problemlərdən ədalətli və obyektiv olaraq bəhs edib. İlham Əliyev növbəti dəfə böyük lider olmaqla yanaşı, həm də ədalətli, obyektiv və yüksək iradəyə sahib müdrik dövlət başçısı olduğunu da nümayiş etdirib.
Ölkə rəhbəri nitqində daxili inkişafla yanaşı, ölkənin qarşısında duran vəzifələrdən də bəhs edib. Prezident İlham Əliyev deyib: "...bizim builki dövlət büdcəmiz rekord həddə çatmışdır, 33 milyard manatdan çox səviyyəyə qalxmışdır". Bununla yanaşı, əlavə gəlirlər əldə edilib. Bu isə təcili həllini gözləyən məsələləri daha tez bir zamanda həll etmək üçün büdcəyə əlavələr etməyə imkan verib.
Bu, əhəmiyyətli informasiyadır, çünki hətta inkişaf etmiş ölkələrdə belə büdcədə problemlər yaranır. Azərbaycanda isə həm büdcə artıb, həm də əlavə gəlirlər olub. Nəticədə, Azərbaycan sosial dövlət kimi əhalinin rifah halının artırılması üçün yeni addımlar atıb. Bu onu göstərir ki, 2023-cü ilin ilk altı ayında regional və qlobal səviyyələrdə müəyyən problemlərin olmasına baxmayaraq, Azərbaycan müstəqil inkişafını davam etdirib. Bu bağlılıqda Prezident İlham Əliyev konkret fikir də bildirib. Ölkə rəhbəri nitqində vurğulayıb: "Əlbəttə, bu, bizə imkan verir ki, həm ölkə qarşısında duran əsas investisiya layihələrini icra edək, ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə növbəti təkan verək və bizim hərbi gücümüzü artıraq".
Bunun təməlində ilin ilk altı ayında müəyyən edilmiş əsas istiqamətlər üzrə əldə edilən nailiyyətlər dayanır. Ölkə rəhbəri həmin istiqamətləri ifadə edib: 1. Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsi; 2. Qeyri-neft sektorunun inkişafı; 3. Qarabağın və Şərqi Zəngəzurun bərpası; 4. İqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi.
Görünür ki, burada başlıca faktor ölkənin dayanıqlı inkişafını təmin etməkdən ibarət olub. Bunun üçün konkret inkişaf sferaları kimi digər üç istiqamət müəyyən edilib. Həmin sferaların kompleks halda inkişafı məhz dayanıqlı inkişafa xidmət edir.
Dövlət başçısı ikinci altı ay üçün də nikbin proqnoz verib. İlham Əliyev deyib ki, "...ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcək... "! Göründüyü kimi, ölkə rəhbəri ilin birinci yarısında müəyyən edilən prioritet istiqamətlərin inkişaf tempini saxlamaqla yanaşı, yeni vəzifələri də müəyyən edib. Bu ilin sonuna qədər Azərbaycan dayanıqlı inkişafını davam etdirməyə qərarlıdır.
Buna nail olmaq üçün dövlət başçısının tam əsası vardır. Belə ki, İlham Əliyev nitqində Azərbaycanın qeyri-neft sənayesinin 6,5 faiz artdığını, Azərbaycanın xarici borcunun cəmi 6,7 milyard dollar olduğunu, ilin birinci yarısında Azərbaycanın xarici ticarət profisitinin təqribən 10 milyard dollara yaxın olduğunu, manatın məzənnəsinin altı ildir ki, sabit qaldığını və ilin sonunadək inflyasiyanın birrəqəmli səviyyəyə düşə biləcəyini ayrıca qeyd edib. Kifayət qədər əhəmiyyətli olan bu faktlar demək olar ki, bütün istiqamətlərdə inkişafın baş verdiyini göstərir. Və ən əsası isə həmin tendensiyanın davam edəcəyi ilə bağlı dövlət başçısının ifadə etdiyi fikirdir.
Bunların fonunda İlham Əliyevin Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulmasının nəzərdə tutulmasından, ilin sonunadək Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manat vəsaitin xərclənməsinin təmin ediləcəyindən və Naxçıvanın gələcək inkişafı ilə bağlı dövlət proqramının tam icra ediləcəyindən danışması tamamilə məntiqlidir. Vurğulanan bu istiqamətlər ilin ikinci yarısı üçün önəm kəsb edir. Onlar Qarabağın reinteqrasiyası və Naxçıvanın davamlı inkişafının təmin edilməsi baxımından strateji əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev qarşıda duran vəzifələrdən də bəhs edib. Dövlət başçısı xüsusi vurğulayıb ki, infrastruktur yeniləşməsi təkcə Şərqi Zəngəzur və Qarabağda deyil, bütün ölkə miqyasında davam etdiriləcək. İkinci prioritet istiqamət isə hərbi gücün artırılmasıdır. Bu, Azərbaycan dövlətçiliyi üçün strateji əhəmiyyət kəsb edir. Regional və qlobal miqyaslarda yaranmış vəziyyət Azərbaycanın daim hərbi qüdrətini artırmasını tələb edir. Prezident İlham Əliyev həmin səbəbdən ordu quruculuğuna xüsusi diqqət yetirir.
Ədalətli və obyektiv Lider: vətəndaş və dövlət naminə qətiyyətli mövqe
Bütün bunlarla yanaşı, dövlət başçısı Azərbaycanın əlverişli coğrafi vəziyyətinin nəqliyyat sahəsində əlavə imkanlar yaratdığını ifadə edib. Məsələ ondan ibarətdir ki, hazırda Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz üçün ayrıca əhəmiyyət kəsb edir. Bu layihələrdə Azərbaycan böyük uğurla iştirak edir və bu proses Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdiriləcək. Bunun fonunda "Abşeron" qaz-kondensat yatağından ilkin qazın çıxarılmasının çox mühüm hadisə olduğunu dərk etmək zəruridir.
Əlbəttə, dövlət başçısının vurğuladığı bu məqamlar çox önəmlidir. Eyni zamanda, İlham Əliyev Gədəbəy rayonunun Söyüdlü kəndi ilə bağlı yaranmış vəziyyətə də münasibətini bildirib. Ölkə rəhbəri kənd sakinlərinin tələblərində haqlı olduğunu vurğulamaqla yanaşı, bir sıra təxribatçı ünsürlərin polisə daş atmasına çox sərt reaksiya verib. Prezident bu cür halların qəbuledilməz olduğunu bəyan edib. Şübhəsiz ki, polisə qarşı olan bu çirkin əmələ görə günahkarlar cəzalarını alacaqlar.
Bunlarla yanaşı, dövlət başçısı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işinə lazımi səviyyədə məsuliyyətlə yanaşmadığını, Söyüdlüdə qızıl çıxaran şirkətin də ekoloji tələbləri pozduğunu açıq ifadə edib. Prezident bütün bunlara görə hesabat tələb edib. Bununla insanlar gördülər ki, ölkə rəhbəri İlham Əliyev daim vətəndaşı düşünür, onun rifahının birinci sırada dayandığını təsdiq edir. Lakin vətəndaşın da hüquqa əməl etməsi mühüm şərtdir. Həmin səbəbdən Söyüdlü hadisələri dərindən araşdırılacaq və hüquqa uyğun qərar qəbul ediləcək.
Ölkə rəhbərinin vətəndaşların məsələlərinə böyük diqqəti və qayğısı bu məlumatlardan aydın görünür. Şübhə yoxdur ki, Söyüdlü hadisələri diqqətlə araşdırılacaq və yekunda tam obyektiv qərar qəbul edəcək. Azərbaycan cəmiyyəti artıq bu məsələdə tam rahatdır!
İlham Əliyev nitqində Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması məsələsinə də toxunub. Ölkə rəhbəri Silahlı Qüvvələrin modernləşdirilməsi istiqamətində işlərin plan üzrə getdiyini vurğulamaqla yanaşı, "Biz özümüzü qorumaq üçün daha güclü olmalıyıq" tezisini də ifadə edib. Bu o deməkdir ki, Azərbaycan sülhsevər dövlətdir, lakin sülhə nail olmaq üçün mütləq güclü olmaq lazımdır. Buna görə də siyasi-diplomatik addımlarla yanaşı, rəsmi Bakı həm də ordunu daha da gücləndirir və bunda tam haqlıdır. Onu da nəzərə alaq ki, beynəlxalq hüquqdan dəm vuran böyük dövlətlər ikili standartlar siyasətlərinə davam edirlər ki, həmin səbəbdən də "beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qətnamələrinə bel bağlamaq olmaz".
Bunlardan başqa, Prezident bir daha vurğulayıb ki, "Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz"! Bu, suverenliyin və müstəqilliyin vacib göstəricisidir. Azərbaycanın sülh danışıqları ilə bağlı mövqeyi aydındır. Onu dövlət başçısı beş prinsipdə ifadə edib. Bunun nəticəsidir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü Qarabağ və anklav kəndlərimiz daxil olmaqla rəsmən tanıyıb.
Dövlət başçısı son zamanlar Ermənistan tərəfinin mövqeyində müsbətə doğru hərəkətin nəzərə çarpdığını qeyd edib. Məsələn, "Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini qəbul etmişdisə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb". Bunları ölkə rəhbəri müsbət hal kimi qiymətləndirir. Eyni zamanda vurğulayır ki: "İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik".
Beləliklə, Prezident İlham Əliyev bu ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə konseptual xarakterli və strateji mahiyyətli fikirlər irəli sürüb. Həmin fikirlər mövcud vəziyyəti tam və obyektiv əks etdirdiyi kimi, həm də gələcəkdə görüləcək işlərin "yol xəritəsi"ni ifadə edir. "Yol xəritəsi"nin başlıca məziyyəti Azərbaycanın sabit inkişafı, təhlükəsizliyin, suverenliyin və əməkdaşlığın daha da möhkəmləndirilməsindən ibarətdir. Burada təbii ki, Ermənistanla münasibətlərin normallaşması məsələsi də mühüm yer tutur. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ilin ikinci yarısını da böyük uğurla başa vuracaq!