"Biz Ermənistanın Azərbaycana qarşı terror törətdiyini bütün dünyaya birmənalı şəkildə göstərməliyik-" ÖZƏL

"Ermənistan son 30 ildir ki, ekoloji terrorunu davam etdirir. İşğal olunan ərazilər tamamilə ekoloji terrora məruz qalıb. Azərbaycan hələ də terrorun vurduğu zərəri aradan qaldıra bilmir. Gənclərimiz uzun müddət Laçın yolunu bağlayaraq, ermənilərin qızıl yataqlarında etdiyi qanunsuz fəaliyyəti dayandıra bildi. Daha sonra Laçında keçid-buraxılış məntəqəmiz işinə başladı. Ümumilikdə Azərbaycana qarşı törədilən terrorun qarşısı alınıb. Ancaq, proses davam edir. Çünki, Azərbaycan ərazisində olmasa da, Ermənistan ərazisindən Azərbaycana qarşı edilən terror davam edir. Qacaran mis-molibden mədənindən olan bütün tullantılar Araz çayına axıdılır. Bu az imiş kimi Naxçıvanla 500 metrlik sərhəddə yeni metallurgiya zavodunun tikintisinə başlanılıb. Təbii ki, onun da bütün tullantıları Araz çayına axıdılacaq. Ermənistan dəhşətli bir layihəyə başlamaq istəyir. Necə ki, İranda Urmiya gölü qurudulub, onlar da Göyçə gölünü qurutmaq istəyirlər. Göldən suvarma adı ilə su götürülür. Gölün qurudulması Azərbaycanın qərbində bulaq sularının səviyyəsinin enməsi deməkdir. Nəticədə Azərbaycanın həmin bölgəsində ən azı mikroiqlim dəyişəcək. Bunun ağır nəticələri olacaq".

Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib:

"Ermənistan hələ də onların nəzarətində olan ərazilərdə terroru davam etdirir. Azərbaycanın əhəmiyyətli meşə ehtiyatlarının çoxu həmin bölgələrdə yerləşir. Meşələri məhv ediblər. Azərbaycanın iki "quyruğunu" məhv ediblər. Biri Cəbrayıl ərazisində, digəri isə Laçında (Qaragöl qoruğu) idi. İşğal edilən ərazilərdə nə qədər qiymətli ağac varsa, hamısını məhv ediblər. Bizim əlimizdə tam zəmanət yoxdur ki, ermənilər bizim tam nəzarətimiz altında olmayan ərazilərdəki meşələrimizi məhv etmirlər.  Çünki, orada rus sülhməramlıları daha çox sülhməramlı kimi deyil, kommersiya məqsədi ilə fəaliyyət göstərirlər.  Ona görə də Azərbaycan QHT-ləri bununla bağlı bəyənatla çıxış edib. Bilirik ki, Paşinyan buna müsbət reaksiya verməyəcək. Bütün bunlara baxmayaraq, Azərbaycan beynəxalq məhkəməyə müraciət etməlidir. Bəziləri məhkəməyə təqdim edilib artıq. Azərbaycana vurulan ekoloji ziyan üçün iş axıra kimi davam etdirilməlidir. Biz Ermənistanın Azərbaycana qarşı terror törətdiyini bütün dünyaya birmənalı şəkildə göstərməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31